...

Liviya telekanalı Qəddafi nümayəndəsinin tutulması barədə məlumatı təkzib edib

Siyasət Materials 30 Sentyabr 2011 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Müəmmər Qəddafi rejimi ilə bağlı xəbərləri yayımlayan Liviya telekanalı cümə günü Qəddafinin rəsmi nümayəndəsi Musa İbrahimin saxlanılması barədə məlumatları təkzib edib. Trend-in məlumatına görə, bu barədə cümə günü ərəb KİV xəbər verir.

Telekanalın bəyanatına görə, İbrahimin saxlanılmasına dair xəbər ölkə sakinlərinə qarşı törədilən cinayətlərdən diqqəti yayındırmaq üçün meydana atılan şayiədir.

Cümə axşamı Liviyanın Milli Keçid Şurası Sirt şəhəri ətrafında Qəddafinin nümayəndəsi Musa İbrahimin saxlanıldığını elan edib. Bildirilib ki, İbrahim keçid hökuməti qüvvələri tərəfindən mühasirəyə alınmış şəhərdən qaçqın və köçkünlər izdihamında gizlənməyə çalışdığı vaxt tutulub.

Fevralın ortalarında Liviyada 40 ildən artıq bir dövrdə ölkəyə rəhbərlik edən Qəddafinin istefası tələbi ilə kütləvi nümayişlər başlayıb. Sonradan bu nümayişlər hökumət qüvvələri ilə üsyançılar arasında silahlı toqquşmalara çevrilib.

Altı ay davam edən hərbi əməliyyatların gedişində Qəddafi rejiminin əleyhdarları, demək olar, ölkənin bütün ərazisində nəzarəti ələ ala biliblər. Hərbi əməliyyatda dönüş avqustun üçüncü ongünlüyündə, müxalifət qüvvələrinin NATO aviasiyasının dəstəyi ilə Liviyanın paytaxtı Tripolini tutduqdan sonra baş verib.

Fevralda müxalifət Benqazidə Milli Keçid Şurasını yaradıb və o, ölkədə yeganə legitim hakimiyyət orqanı elan edilib. MKŞ-ni Azərbaycan da daxil olmaqla, təxminən 60 ölkə tanıyıb.

Xəbər lenti

Xəbər lenti