...

Deputat: Bəzi beynəlxalq təşkilatların 2 aprel aksiyaçılarının həbsini tənqid etməsi ədalətsizlikdir

Siyasət Materials 7 Oktyabr 2011 15:07 (UTC +04:00)
Bəzi beynəlxalq təşkilatların 2 aprel aksiyaçılarının həbsini tənqid etməsi ədalətsizlikdir. Bu barədə Trend-ə Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı bildirib.
Deputat: Bəzi beynəlxalq təşkilatların 2 aprel aksiyaçılarının həbsini tənqid etməsi ədalətsizlikdir

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir T.Hacıyev/

Bəzi beynəlxalq təşkilatların 2 aprel aksiyaçılarının həbsini tənqid etməsi ədalətsizlikdir. Bu barədə cümə günü Trend-ə Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı bildirib.

O deyib ki, bir müddət əvvəl Böyük Britaniyada baş verən iğtişaşlar zamanı çoxlu sayda insan həbs olundu və barələrində cinayət işi qaldırıldı, ancaq həmin vaxt insan hüquqlarına önəm verən beynəlxalq təşkilatların heç biri məsələyə münasibət bildirmədi.

Ağamalı bu günlərdə Yunanıstanda baş verən hadisələri də xatırladıb və qeyd edib ki, Yunanıstandakı iğtişaşlar zamanı həbs olunan şəxslərlə bağlı beynəlxalq təşkilatlar bəyanat verməyiblər.

"Azərbaycanda isə ictimai təhlükəsizliyi təmin etmək üçün hüquqi pozuntulara yol vermiş insanlar həbs olunarkən, onların fəaliyyətləri arxasında xüsusi məqsədlərin dayandığı üzə çıxır. Hadisələrə siyasi don geydirilərək, ən müxtəlif qeyri-obyektiv qiymətlər verilir", - Ağamalı vurğulayıb.

Onun sözlərinə görə, hər bir azərbaycanlı beynəlxalq təşkilatların hərəkətini başa düşür və bunu ironiya ilə qarşılayır.

"Düşünürəm ki, belə hadisələr bizi narahat etməli deyil. Azərbaycan hüquqi dövlətdir. Burada siyasi baxışlarına görə insanlar incidilmir, həbs və ya təqib edilmir", - millət vəkili qeyd edib.

Partiya sədri, həmçinin qeyd edib ki, qanunu pozan, cinayət əməllərinə yol verən hər bir şəxs qanun qarşısında cavab verməlidir. Ağamalı deyib ki, aprelin 2-də keçirilən aksiyalar zamanı bir neçə mağazanın, iaşə obyektinin şüşələri sındırılıb, vətəndaşların şəxsi mülkiyyətinə zərər dəyib. O hesab edir ki, bütün bu əməllərə görə, aksiyanın təşkilatçıları cəzalarını çəkməlidirlər.

Xəbər lenti

Xəbər lenti