...

Azərbaycan Prezidenti və onun xanımı dünya üzrə boks çempionatının final mərhələsinin qarşılaşmalarını izləyiblər (FOTO)

Siyasət Materials 8 Oktyabr 2011 20:11 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva şənbə günü Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən dünya üzrə boks çempionatının final mərhələsinin qarşılaşmalarını izləyiblər.
Azərbaycan Prezidenti və onun xanımı dünya üzrə boks çempionatının final mərhələsinin qarşılaşmalarını izləyiblər (FOTO)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva şənbə günü Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən dünya üzrə boks çempionatının final mərhələsinin qarşılaşmalarını izləyiblər.

Trend-in məlumatına görə, final mərhələsini izləyən tamaşaçılar və idmançılar dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.

Sentyabrın 26-dan oktyabrın 8-dək davam edən dünya çempionatında 113 ölkədən 570 boksçu mübarizə aparıb. Bakı çempionatında, həmçinin Azərbaycanın paytaxtına gəlmiş dünyanın ən güclü boksçuları 2012-ci il London Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparıblar.

Çempionatın final mərhələsində idmançılar 10 çəki dərəcəsi üzrə yarışıblar. Final mərhələsində Azərbaycanı iki idmançı təmsil edib. 91 kiloqramda mübarizə aparan Azərbaycan boksçusu Teymur Məmmədov ukraynalı Aleksandr Usik ilə qarşılaşmışdır. Gərgin idman mübarizəsində keçən oyunda 25:15 hesabı ilə məğlub olan Azərbaycan boksçusu dünya çempionatında gümüş medal qazanıb.

91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov isə ingiltərəli idmançı Entoni Coşuanı 22:21 hesabı ilə məğlub edərək dünya çempionatının qızıl medalına sahib olub. Məcidov, həmçinin dünya çempionatının ən yaxşı boksçusu elan edilib.

Azərbaycan Prezidenti İlham Əliyev idmançıları təbrik edərək onlara medallarını təqdim etdi.

Azərbaycanın dövlət himni səsləndirildi.

Dövlətimizin başçısı qalib idmançılarla və Beynəlxalq Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vu və Beynəlxalq Olimpiya Komitəsinin üzvləri ilə xatirə şəkilləri çəkdirdi.

Xəbər lenti

Xəbər lenti