...

ABŞ və Rusiya Cənubi Qafqazda nəzakətli diplomatiya yürütməlidir - politoloq

Siyasət Materials 17 Oktyabr 2011 20:45 (UTC +04:00)
Vaşinqtonda Azərbaycan və Dağlıq Qarabağa həsr edilmiş bir neçə konfrans keçirilib. Konfranslar ekspertlərin və jurnalistlərin böyük marağına səbəb olub.
ABŞ və Rusiya Cənubi Qafqazda nəzakətli diplomatiya yürütməlidir - politoloq

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir E.Tarıverdiyev/

Vaşinqtonda Azərbaycan və Dağlıq Qarabağa həsr edilmiş bir neçə konfrans keçirilib. Konfranslar ekspertlərin və jurnalistlərin böyük marağına səbəb olub. Belə ki, Cənubi Qafqaz Qərb üçün coğrafi mövqe, enerji resursları və İrana yaxın olması baxımından mühüm regiondur.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Çoxvektorlu siyasət kontekstində Rusiya-Azərbaycan-ABŞ" mövzusunda Moskva-Bakı-Vaşinqton videokörpüsü çərivəsində Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və Dövlət Departamentinin sabiq analitiki, politoloq Pol Qobl deyib. Videokörpü Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunub.

"Fikrimcə, həm ABŞ, həm də Rusiya etiraf etməlidir ki, Cənubi Qafqaz regionu hər iki dövlət üçün maraqlıdır və ümumi maraqlar baxımından çox nəzakətli diplomatiya aparmalıdır. Ümumi maraqları coğrafi mövqe, həmçinin bol enerji resursları diktə edir" , - Qobl deyib.

Onun fikrincə, iqtisadiyyat Azərbaycanın inkişafına səbəb olan yeganə faktor deyil, bu daha çox hökumətin siyasi kursunun xidmətidir.

ABŞ-ın hazırda Azərbaycanı dəstəkləməsi faktını iki ölkə nümayəndələrinin qarşılıqlı səfərlərinin sayi təsdiqləyir. Amerikalı ekspertin fikrincə, məhz bu, Azərbaycanın siyasi inkişafından xəbər verir.

Qoblun sözlərinə görə, ATƏT-in Minsk qrupu Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu, üç həmsədr ölkənin rəsmi mövqeyidir və Dağlıq Qarabağ münaqişəsinin həlli yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır.

Politoloq hesab edir ki, hazırda Azərbaycan regionda lider rolunu oynayır və ölkə bir çoxlarının etiraf etdiyi çox vacib oyunçudur.

"Azərbaycanın rolu təkcə dünyəvi müsəlman ölkəsi kimi deyil, həmçinin regionun uğurla inkişaf edən yeganə ölkəsi qismində artır. Buna səbəb təkcə enerji resursları deyil, eyni zamanda, dövlətin ölçülüb-biçilmiş xarici siyasətidir", - Qobl deyib.

"Azərbaycanda 20 illik müstəqillik ərzində həm iqtisadiyyatda, həm də ölkə daxilində sosial şəraitin yaxşılaşmasında böyük inkişaf müşahidə edilir", - Azərbaycan Diplomatik Akademiyasının prorektoru Fariz İsmayılzadə bildirib.

O deyib ki, Azərbaycanın xarici siyasətinin əsas məqsədi regionda sabitlik yaratmaqdır ki, bu da işğal edilmiş torpaqların geri qaytarılmasını və qaçqın və məcburi köçkünlərin tarixi torpaqlarına geri dönməsini nəzərdə tutur.

"Bundan başqa, Azərbaycanın məqsədi iqtisadiyyatın diversifikasiyasıdır", - İsmayilzadə bildirib.

Prorektor qeyd edib ki, Azərbaycan qonşularla iqtisadi əməkdaşlığa nümunədir.

Onun sözlərinə görə, hazırda Azərbaycan qlobal geosiyasətin mərkəzidir. "Respublikanın regionun digər ölkələri ilə müqayisədə Rusiya və ABŞ ilə balanslaşdırılmış münasibətləri var. Bu da Azərbaycana imkan verir ki, regionda öz vacib rolunu oynaya bilsin", - İsmayılzadə deyib.

Nəqliyyat, enerji və digər sektorlar da daxil olmaqla, Azərbaycanın müxtəlif ölkələrdə həyata keçirdiyi inteqrasiya layihələri respublikanın sabit iqtisadi durumundan xəbər verir.

"Bizim ölkəmiz regionun bir çox ölkəsini qazla təchiz edir. Azərbaycan regionun təhlükəsizlik məsələlərində böyük rol oynaya bilər və oynamalıdir", - İsmayılazdə əlavə edib.

Xəzər Əməkdaşlığı İnstitunun baş direktoru Sergey Mixeyev görüş zamanı bildirib ki, Rusiya Azərbaycanın və ümumilikdə Xəzər regionunun inkişafına inanir.

"Lakin biz hesab edirik ki, Xəzər regionu, ilk növbədə, beş Xəzəryanı ölkə üçün prioritet təşkil etməlidir. Biz həqiqətən də Azərbaycana dostumuz kimi çiçəklənmə və iqtisadi inkişaf arzulayırıq", - Mixeyev deyib.

Xəbər lenti

Xəbər lenti