...

Vilayət Quliyev: Azərbaycan ilə Macarıstan arasında daha intensiv əməkdaşlıq formalaşdırmaq üçün kifayət qədər imkanlar var (MÜSAHİBƏ)

Siyasət Materials 21 Oktyabr 2011 09:00 (UTC +04:00)
Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevin Trend-ə müsahibəsi
Vilayət Quliyev: Azərbaycan ilə Macarıstan arasında daha intensiv əməkdaşlıq formalaşdırmaq üçün kifayət qədər imkanlar var (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevin Trend-ə müsahibəsi

- Cənab səfir, bütünlükdə Azərbaycan ilə Macarıstan arasındakı əlaqələrin ümumi spektrini necə xarakterizə edərdiniz? Qarşılıqlı əlaqələrin hansı sahələri Sizə daha perspektivli görünür?

- Azərbaycan ilə Macarıstan arasındakı münasibətlər istər ölkələrimizin sosialist sisteminə daxil olduğu dövrdə, istərsə də müasir mərhələdə ənənəvi dostluq xarakteri daşıyır. Hər şeydən əvvəl xalqlarımızın bir-birilərinə marağı kifayət qədər böyük və qarşılıqlıdır. Sosialist ideologiyasının hakim olduğu şəraitdə macarları fin-uqor mənşəli xalq kimi qələmə vermək tendensiyası güclü idi. İndi isə onların içərisində özlərini genetik və tarixi baxımdan türk əsilli hesab edənlərin sayı ilbəil çoxalır. Münasibətləri yeni müstəvidə qurmaq baxımından bu, ciddi tarixi və mənəvi-siyasi stimuldur. Azərbaycan, eləcə də digər türkdilli dövlətlər həmin stimula əsaslanaraq, Avropanın tam mərkəzində yerləşən Macarıstanla xüsusi münasibətlər formalaşdıra bilərlər. Macar cəmiyyətində bu baxımdan kifayət qədər münbit zəmin var.

Macarıstan Prezidentinin noyabr ayının birinci yarısında Özbəkistan, Azərbaycan, Türkiyə kimi ölkələrə rəsmi səfəri həm bu maraqdan, həm də mədəni və iqtisadi baxımdan Şərqlə daha sıx əlaqələr yaratmaq istəyindən irəli gəlib. Bütünlükdə isə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu, Macarıstanın dövlət başçısının ölkəmizə ilk səfəridir. Həmin səfərdə cənab Pal Şmitti bir sıra dövlət və hökumət adamları, o cümlədən müxtəlif sahələrdə çalışan macar iş adamlarından ibarət böyük bir qrup müşayiət edəcək. Ümid etmək istərdim ki, qarşılıqlı münasibətlərin prioritet istiqamətlərinin və əməkdaşlığın perspektivlərini müəyyən etmək baxımından həmin səfər kifayət qədər faydalı olacaq. Bu səfər, eyni zamanda, ölkəmizin dünyada artan nüfuz və əhəmiyyətinin başqa bir təsdiqidir. Digər tərəfdən, indiki mərhələdə həm iqtisadiyyat, həm elm və mədəniyyət, həm də beynəlxalq təhlükəsizlik sisteminin qurulması və möhkəmlənməsi nöqteyi-nəzərindən Azərbaycanla Macarıstan arasında daha intensiv iş birliyi formalaşdırmaq üçün kifayət qədər imkanlar var. Üstəlik, ənənəvi dostluq münasibətlərinin mövcudluğu və dövlət başçılarının siyasi iradəsi həmin vəzifələrin uğurla həyata keçirilməsini daha da asanlaşdırır.

- Bir müddət bundan əvvəl Macarıstan parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsinin qəbul edilməsi istiqamətində iş aparılırdı. İndi həmin məsələ nə yerdədir?

- Macarıstanın ali qanunverici orqanının gündəliyinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsi çıxarılmasının təşəbbüskarı Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupu və ölkənin qanunvericilik orqanında 43 deputatla təmsil olunan "Yobbik" - "Daha yaxşı Macarıstan uğrunda hərəkat" partiyası idi. Təbii ki, ilk gündən səfirlik də bu prosesdə yaxından iştirak edirdi. Deputat qrupunun üzvləri qısa müddət ərzində qətnamə layihəsi hazırlayaraq onu Beynəlxalq əlaqələr komitəsinin gündəliyinə çıxardılar.

Layihədə Xocalı soyqırımı insanlığa qarşı işlədilmiş cinayət kimi sərt ifadələrlə pislənir, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin qeyd-şərtsiz yerinə yetirilməsi, Ermənistan Silahlı Qüvvələrinin işğal altındakı Azərbaycan ərazilərindən çıxarılması tələb olunur, münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində dinc yolla nizama salınması ideyası dəstəklənirdi.

Qətnamə layihəsinin müzakirəsi ərəfəsində parlamentin ən qocaman deputatı, Dostluq qrupları federasiyasının sədri Yanoş Horvat, Sosialist fraksiyasının sədri Vilmoş Sabo, Beynəlxalq əlaqələr komitəsinin sədri Mihal Balla, parlament sədrinin müavini Layoş Şandor, nəhayət parlament sədri Laslo Kover ilə görüşlərimiz keçirildi. Həmsöhbətlərimizin hamısı Azərbaycan torpaqlarının qonşu Ermənistan tərəfindən işğalı faktı ilə razılaşdılar. Vaxtı ilə Macarıstanın da tarixi ərazilərinin böyük bir hissəsini itirdiyini xatırladaraq, bizim hisslərimizi başa düşdüklərini bir daha diqqətə çatdırdılar.

Lakin bununla belə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamənin qəbulunun müəyyən çətinliklərlə bağlı olduğunu bildirdilər. Qeyd edim ki, ermənilər Macarıstanda rəsmən qeydiyyata alınmış 13 milli azlıqdan biridir. Bir müddət əvvəl erməni icmasının nümayəndələri Macarıstan parlamentinin uydurma "erməni soyqırımı"nı tanıması üçün ciddi aksiyalar da keçirmişdilər. Amma bütün səylərinə baxmayaraq, istəklərinə nail ola bilməmişdilər. Azərbaycan tərəfinin təşəbbüsündən xəbər tutan rəsmi Yerevan və ölkədəki erməni icmasının təmsilçiləri bütün qüvvələrini səfərbər etməli oldular.

Beynəlxalq münasibətlər komitəsindəki müzakirələr zamanı qətnamə layihəsinin parlamentə təqdim etmək üçün yetərincə səs toplamaq mümkün olmadı. Lakin bu təşəbbüsün tamamilə izsiz-soraqsız ötüşdüyünü söyləmək də doğru səslənməzdi. Qətnamə layihəsinin tam mətni "Yobbik" partiyasının internet səhifəsində yerləşdirildi. Yüzlərlə adam bu sənədlə tanış olmaq imkanı qazandı. Qətnamə müəlliflərinin Xocalı soyqırımı ilə bağlı Youtube-də yerləşdirdikləri sənədlə filmə isə təkcə ilk iki gün ərzində bir neçə min müraciət oldu. Biz həm Macarıstan parlamentarilərinin, həm də ölkə ictimaiyyətinin diqqətini Ermənistanın haqsız ərazi iddialarına, həm də erməni işğalının regiondakı acı nəticələrinə yönəldə bildik. Deyə bilərəm ki, bu mənada məqsədimizə müəyyən dərəcədə nail olduq. Ümid edirəm ki, növbəti illərdə oxşar təşəbbüslərimiz nəhayət öz bəhrəsini verəcək.

- Macarıstan ictimaiyyətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha geniş şəkildə məlumatlandırılması istiqamətində səfirlik tərəfindən hansı tədbirlər həyata keçirilir?

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gerçəkliklərin ictimaiyyətə çatdırılması Azərbaycanın bütün diplomatik nümayəndəlikləri kimi Macarıstandakı səfirliyin də fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir. Biz gündəlik fəaliyyətimizdə - keçirdiyimiz görüşlərdə, iştirakçısı olduğumuz tədbirlərdə, media ilə ünsiyyətimizdə, yaydığımız sənədlərdə müstəqil dövlətçiliyimizin üzləşdiyi bu ağrılı problemə maksimum diqqət yönəltməyə çalışırıq. Bu istiqamətdəki təşəbüslərimizin biri - Macarıstan parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsi ilə bağlı təşəbbüs haqqında əvvəlki suala cavab verərkən bəhs etdim.

Cari ilin fevral ayında xarici işlər nazirinin müavini Xələf Xələfovun Budapeştə səfəri zamanı Macarıstanın dövlət rəsmiləri ilə müzakirə olunan məsələlər içərisində əsas yeri Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi istiqamətində Azərbaycan tərəfinin göstərdiyi səylər tuturdu. Diplomatik korpus nümayəndələrinin və KİV təmsilçilərinin iştirakı ilə səfirlikdə təşkil olunmuş brifinqdə Xələf Xələfov erməni işğalının acı nəticələri haqqında məlumat vermiş, jurnalistlərin suallarını cavablandırmışdı. Brifinq Xocalı soyqırımının növbəti ildönümünün qeyd olunduğu ərəfəyə təsadüf etdiyindən iştirakçılara soyqırım qurbanları haqqında sənədli film göstərilmiş, onlar səfirlikdə təşkil edilmiş sərgi ilə tanış olmuşdular.

Dağlıq Qarabağla bağlı həqiqətlərin Macarıstanın dövlət adamlarının, parlament üzvlərinin, media və ictimaiyyət nümayəndələrinin öz dilindən eşidilməsi bizim üçün xüsusilə önəmlidir. May ayında tanınmış macar diplomat, xarici işlər nazirinin keçmiş müavini Andre Erdeş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar səfirlikdə keçirilən "dəyirmi masa"nın qonağı olmuşdu. Bu seçim təsadüfi edilməmişdi. BMT münaqişə ilə bağlı özünün təəssüf ki, hələ də kağız üzərində qalan dörd qətnaməsini qəbul edəndə Macarıstan qurumun Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü, cənab Erdeş isə ölkəsinin BMT TŞ-də daimi nümayəndəsi olmuşdu. Yəni prosesin birbaşa iştirakçısı idi. Məhz buna görə də onun həm sənədlərə, həm də şəxsi təəssüratlara əsaslanan çıxışı tədbir iştirakçılarında böyük maraq doğurdu. Qeyd edim ki, həm Xələf Xələfovun, həm də Andre Erdeşin iştirakçısı olduğu tədbirlər macar mətbuatında və televiziyasında işıqlandırılmışdı.

Dağlıq Qarabağla bağlı mühüm beynəlxalq sənədlər - BMT-nin 4 qətnaməsi, ATƏT-in qətnamə və qərarları səfirliyin təşəbbüsü ilə macar dilinə tərcümə edilib, media, siyasi partiyalar və ictimaiyyət arasında yayılıb. Eyni sözləri erməni işğalı nəticəsində yurd-yuvalarını itirmiş bir milyonluq qaçqın ordusunun ağır və fərəhsiz həyatından bəhs edən sənədlər və fotolar haqqında da demək olar. Bu yaxınlarda isə biz hüquqşünas alim, hazırda Azərbaycanın Moldovadakı səfiri vəzifəsində çalışan Namiq Əliyevin "Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq" kitabının macar dilində çapına nail olmuşuq. Əvvəlki nəşrlər kimi, bu kitab da siyasi dairələrdə və parlament üzvləri arasında geniş yayılıb, ölkənin bütün əsas kitabxanalarına hədiyyə edilib. Müəllifin iştirakı ilə keçirilən təqdimat mərasiminə ayrı-ayrı tanınmış politoloqlar, parlament üzvləri, Budapeştdə akkreditə olunan səfirliklərin təmsilçiləri, media nümayəndələri gəlmişdilər.

Dağlıq Qarabağ həqiqətlərini, Ermənistanın işğalçılıq siyasətini faktların və sənədlərin dili ilə açmaq baxımından bir sıra başqa planlarımız da var. Əlbəttə, biz yalnız kitab nəşri ilə münaqişənin həllində hansısa ciddi dəyişiklik yaranacağını düşünəcək qədər sadəlövh deyilik. Lakin müasir dünyada informasiya mübarizəsinin rolu da inkaredilməzdir. Haqq işimiz qələbə ilə başa çatana qədər ölkəmizin üzləşdiyi ən mühüm problemlə bağlı təbliğat savaşı davam etdirilməli, gələcək siyasi, yaxud hərbi qələbəmizin informasiya bazası etibarlı şəkildə təmin olunmalıdır.

- Macarıstandakı səfirliyimiz ənənəvi olaraq humanitar layihələrin həyata keçirilməsinə mühüm diqqət yetirir. Son zamanlar bu istiqamətdə hansı işlər görülüb? Yaxın gələcək üçün hansı planlarınız var?

- Humanitar yönümlü tədbirlər həqiqətən də fəaliyyətimizin mühüm hissəsini təşkil edir. Ümumiyyətlə, çağdaş dünyada mədəniyyətin təbliği dövlət siyasətinin həyata keçirilməsinin, təmsil etdiyin ölkə və xalq haqqında gerçək təsəvvürlər yaradılması işinin ayrılmaz tərkib hissəsinə çevrilib. Bu il ərzində səfirliyin təşəbbüsü ilə Kamal Abdulla və Mariya Keneşinin Azərbaycan dilini öyrənən macarlara kömək məqsədilə hazırladıqları "Gəlin, Azərbaycan dilində danışaq", Mariya Keneşinin "Macarca-azərbaycanca danışıq kitabçası" əsərləri, Borbala Obruşanskanın ölkəmizin qədim və müasir tarixindən bəhs edən "Azərbaycan" kitabı çap olunub.

Macarıstanın elmi ictimaiyyəti ilə sıx əlaqələrimizin mühüm faktlarından biri də görkəmli türkoloq-alim, akademik Georq Xazainin şəxsi kitabxanasının türkologiyaya dair bölümünü - təxminən 1000 adda kitab və məcmuəni təmənnasız olaraq Azərbaycan MEA Əsaslı kitabxanasına hədiyyə etməsidir.

Başqa bir tanınmış macar türkoloq İmre Adrianın böyük Azərbaycan şairi Füzulidən çevirdiyi "Hədiqətüs-süəda" poeması da səfirliyin yardımı ilə işıq üzü görüb. Xalçaşünas-alim Röya Tağıyevanın macar dilində nəşr etdirdiyimiz "Azərbaycan xalçası" kitabı isə ölkədə böyük əks-səda doğurub. Bu münasibətlə Macarıstan Prezidenti Administrasiyasından, mədəniyyət nazirindən, bir çox tanınmış elm və sənət adamlarından minnətdarlıq məktubları almışıq. Onlar belə bir kitabın macar dilində nəşrini mədəniyyətlərimizi və xalqlarımızı yaxınlaşdıran mühüm amil kimi dəyərləndirirlər, diqqəti xalça naxışlarımızın bənzərliyinə çəkirlər.

Hazırda Cəlil Məmmədquluzadənin "Seçilmiş hekayələri"nin macar dilində nəşri üzərində son işlər gedir. Kitabı Mirzə Cəlil irsinin mahir bilicisi, akademik İsa Həbibbəyli tərtib edib və geniş ön söz yazıb. Hekayələrin orijinaldan tərcüməsi isə azərbaycanşünas-alim Mariya Keneşiyə məxsusdur.

Milli musiqi günü - Üzeyir Hacıbəyovun doğum günü də səfirliyin səyi ilə Budapeştdə yaddaqalan formada, ən başlıcası isə Üzeyir bəyin adına və sənətinə layiq şəkildə qeyd edildi. Sentyabrın 18-də Budapeştdə təşkil olunan konsertdə görkəmli tarzən, respublikanın xalq artisti Ramiz Quliyev və "Dunay" simfonik orkestri beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin dirijorluğu ilə böyük bəstəkarın əsərlərini yüksək məharətlə ifa etdilər. Üzeyir bəyin təkrarsız musiqisi diplomatik korpus təmsilçiləri və macar ictimaiyyətinin nümayəndələri tərəfindən böyük maraqla qarşılandı. Macarıstandakı həmvətənlərimiz isə ikiqat bayram əhvali-ruhiyyəsi yaşadılar.

Noyabrın 18-də "Dunay" orkestri Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli ilə birlikdə dövlət müstəqilliyimizin bərpasının 20 illiyinə həsr olunmuş bayram konserti verəcək. Məşhur pianoçumuz həmin axşam Fikrət Əmirovun fortepiano və orkestr üçün ərəb mövzusunda konsertini çalacaq. Eyni zamanda, Fərhad müəllimin Ferens List adına Budapeşt Musiqi Akademiyasında görüşləri və ustad dərsi də gündəmdədir.

Əvvəlki illərdə olduğu kimi, bu ilin noyabr ayında da "Azərbaycan-Macarıstan: Mədəniyyətlərin dialoqu" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu, sayca VI konfrans olacaq. İndiyə qədər bu konfranslarda iki ölkə alimlərinin, eləcə də Türkiyə, Ukrayna, Polşa, Qazaxıstan və b. ölkələrdən olan alimlərin türk xalqları ilə macarların müştərək tarixi-mədəni keçmişinə həsr olunmuş 200-dən artıq elmi məruzəsi dinlənilib. Həmin məruzələr ilbəil kitab şəklində çap olunub və Macarıstanın bütün universitet mərkəzlərinə, eləcə də 150-dən artıq kitabxanasına hədiyyə edilib.

Bütün bu tədbirlər xalqımızın dünənini və bu gününü, nailiyyət və uğurlarını, zəngin mənəvi sərvətini mədəniyyətimiz vasitəsilə macarlar qarşısında açıb göstərir və nəticə etibarilə həm mədəni, həm də siyasi dialoqa, yaxınlaşma və ünsiyyətə xidmət edir.

Növbəti ildə də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.

- Bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyi ölkəmizdə və onun hüdudlarından kənarda geniş qeyd edilir. Macarıstandakı səfirliyimiz bu əlamətdar tarixlə bağlı hansı tədbirləri həyata keçirməyi planlaşdırır?

- Dövlət müstəqilliyimizin bərpasının 20 illiyi ilə əlaqədar işlərə ilin əvvəlindən - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yanvarın 21-də müvafiq sərəncamın imzalanmasından az sonra başlamışıq. İndiyə qədər müxtəlif istiqamətli bir neçə tədbir hazırlanaraq həyata keçirilib. Onların sırasında ilk növbədə "Azərbaycan günləri"nin adını çəkə bilərəm. Son aylar ərzində Budapeştdəki Korvinus Universitetində, ölkənin Komarom, Dyörd, Sekeşfehervar şəhərlərində belə günlər təşkil olunub. Noyabr ayında Keçkemet şəhərində, eləcə də Macarıstanın Coğrafiya Cəmiyyətində analoji tədbirlərimiz baş tutacaq. Bu "günlər" çərçivəsində biz müstəqillik dövründə ölkəmizin üzləşdiyi problemlər və əldə etdiyi uğurlar, Azərbaycanda baş verən qlobal dəyişikliklər haqqında qonağı olduğumuz auditoriyalar qarşısında çıxış edir, mobil sərgilər və sənədli filmlər nümayiş etdirir, müxtəlif istiqamətli informasiyaların, kitab və bukletlərin yayımını təşkil edirik.

Ölkəmizi, onun tarix və mədəniyyətini macar gənclər arasında daha yaxından təbliğ etmək üçün ölkə universitetlərinin magistr pilləsində təhsil alan tələbələr və gənc alimlər arasında "Biz Azərbaycan haqqında nə bilirik?" mövzusunda esse müsabiqəsi keçirilib. Azərbaycanın Gənclər və İdman Nazirliyinin yardımı ilə müsabiqənin altı nəfər qalibi gələn il bir həftəliyinə ölkəmizdə səfərdə olacaq. İngilis, rus, türk dillərində qələmə alınan, Azərbaycanın qədim və çağdaş tarixinə, Dağlıq Qarabağ münaqişəsinə, enerji siyasətinə, iqtisadiyyat və mədəniyyətə həsr olunmuş 30 esse isə "Azərbaycan macar gənclərin gözü ilə" adlı kitabda çap ediləcək. Azərbaycanın müasir tarixinə Milli Dirçəliş Günü kimi daxil olmuş 17 noyabr tarixinə qədər həmin kitabın nəşri başa çatdırılacaq.

Səfirliyin təşəbbüsü ilə oktyabrın 10-dan 16-dək Macarıstanın aparıcı KİV-lərinin ("Nepsabadşaq", "Nepsava", "Macar nemzet", "Macar hirlap" qəzetləri və Macarıstan İnformasiya Agentliyi - MTİ) təmsilçilərindən ibarət jurnalistlər qrupu həm Azərbaycan və Rusiya prezidentlərinin himayəsi altında keçirilən Beynəlxalq Humanitar Forumun fəaliyyətini, həm də müstəqil dövlətimizin 20 ildə əldə etdiyi uğurları işıqlandırmaq məqsədi ilə ölkəmizdə olublar. Səfər müddətində onlar çoxsaylı görüşlər keçirib, Azərbaycanın müxtəlif regionlarını gəzib, Dağlıq Qarabağ münaqişəsinin acı və faciəvi nəticələri ilə tanışlıq imkanı qazanıblar. Artıq onların səfər təəssüratları nəticəsində hazırlanan ilk yazıların macar mətbuatında çapına başlanılıb.

24-25 noyabr tarixlərində Budapeştdə "Azərbaycan-Macarıstan: Mədəniyyətlərin dialoqu" mövzusunda beynəlxalq konfrans keçirəcəyik. Sayca altıncı olan bu konfrans "III Respublikanın 20 ili" adlanır və adından da göründüyü kimi, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunub. Konfransın işində həm Azərbaycan, həm də Macarıstan rəsmiləri, eyni zamanda, müxtəlif elm sahələrinin təmsilçiləri iştirak edəcəklər. Konfransın materialları ayrıca kitab şəklində çap ediləcək.

Dövlət müstəqilliymizin bərpasının 20 illiyi ilə əlaqədar Naxçıvanın tarixinə, təbiətinə və yetirdiyi görkəmli şəxsiyyətlərə həsr olunmuş divar təqviminin və xüsusi poçt markasının çapı, onların Macarıstanda, eləcə də digər Avropa ölkələrində yayılması nəzərdə tutulur. Macarıstan Coğrafiya Cəmiyyəti ilə əldə etdiyimiz razılıq əsasında Cəmiyyətin "National Geography" dərgisində bu ilin dekabrından gələn ilin dekabrına qədər Azərbaycan haqqında çoxsaylı rəngli fotoşəkillərlə müşayiət olunan 12 məqalə dərc ediləcək. Onların hazırlanması məqsədilə jurnalist-tədqiqatçı Yanuş Norbert bu ilin sentyabr ayında respublikamızda uzunmüddətli ezamiyyətdə olub, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə geniş səfər proqramı həyata keçirib.

Dövlət müstəqilliyimizin bərpasının 20 illiyi ilə bağlı Azərbaycan Prezidentinin sərəncamı ölkəmizi dünya miqyasında daha yaxşı tanıtmaq və təbliğ etmək baxımından həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda geniş imkanlar açır və biz bu imkanlardan maksimum dərəcədə yararlanmağa çalışırıq.

Xəbər lenti

Xəbər lenti