...

Bakıda MDB Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının XXXI iclası keçirilib

Siyasət Materials 27 Oktyabr 2011 18:43 (UTC +04:00)
Cümə axşamı Bakı şəhərində MDB üzvü olan dövlət¬lə¬rin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının (TXXORŞ) XXXI iclası keçirilib.
Bakıda MDB Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının XXXI iclası keçirilib

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Cümə axşamı Bakı şəhərində MDB üzvü olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının (TXXORŞ) XXXI iclası keçirilib.

Milli Təhlükəsizlik Nazirliyinin İctimai əlaqələr mərkəzindən cümə axşamı Trend-ə verilən məlumata görə, iclasın işində MDB iştirakçı dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanlarının, həmçinin MDB Antiterror Mərkəzinin nümayəndə heyətləri iştirak edib.

Beynəlxalq təhlükəsizliyin təmin olunmasında tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün Şura üzvlərinin qərarı ilə tədbirdə müşahidəçi qismində Almaniya, İtaliya və Fransanın müvafiq strukturlarının məsul vəzifəli nümayəndələri də təmsil olunublar.

İclası giriş sözü ilə milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov açıb. Azərbaycanın Baş naziri Artur Rasizadə Azərbaycan Prezidenti İlham Əliyevin adından qonaqları salamlayıb, dövlət başçısının tədbir iştirakçılarına təbriklərini çatdırıb, iclasın təhlükəsizlik üzrə əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi işində əhəmiyyətini qeyd edib.

Daha sonra cıxış edən nazir Eldar Mahmudov MDB Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının iclasında ümumi təhlükəsizlik əleyhinə yönəlmiş təhdidlərin, o cümlədən terrorçuluq, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlığın digər növlərinin qarşısının alınması üzrə aktuallıq kəsb edən məsələlərin bu formatda müzakirəsinin regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına konkret töhfələr verəcəyinə əminliyini bildirib.

MDB icraiyyə komitəsinin sədri - icra katibi Sergey Lebedev nümayəndə heyətlərinin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünün yüksək təəssürat doğurduğunu bildirib, iştirakçı dövlətlərin son 20 ildə çox böyük tərəqqi yolu keçdiyini, hər bir ölkənin milli maraqlarına cavab verən tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə MDB dövlət başçılarının xüsusi önəm verdiklərini qeyd edib.

MDB-nin üzvü olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının sədri, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru, ordu generalı Aleksandr Bortnikovun rəhbərliyi ilə işini davam etdirən iclasda terrorçuluq və hər cür ekstremist təzahürlərlə mübarizənin təkmilləşdirilməsi məsələləri, eləcə də təhlükəsizlik və xüsusi xidmət orqanlarının səlahiyyətlərinə aid edilmiş cinayətlər üzrə təhqiqat və ibtidai istintaqin aparılması sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bundan başqa, transmilli mütəşəkkil cinayətkarlıqla, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya, kibercinayətlər və digər hüquqazidd əməllərə qarşı mübarizədə əməkdaşlığın fəallaşdırılması və təkmilləşdirilməsi yolları, qarşılıqlı əməliyyat məlumatı mübadiləsi və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Tədbir çərçivəsində Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurası yanında Elmi-texniki əməkdaşlıq üzrə Komissiyanın, həmçinin Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz beynəlxalq dövriyyəsi ilə mübarizə üzrə Komissiyanın ekspert iclasları keçirilib.

XXXI iclasın sonunda gündəlikdəki məsələlər üzrə müvafiq qərarlar imzalanıb, Şuranın gələn il üçün Fəaliyyət Planı təsdiq edilib, MDB Antiterror Mərkəzinin 2012-ci il üçün nəzərdə tutulan tədbirlər siyahısı razılaşdırılıb.

MDB Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının növbəti iclasının gələn il Moldovada keçirilməsi qərara alınıb.

Oktyabrın 27-də tədbir iştirakçıları və general-leytenant Eldar Mahmudov başda olmaqla, Milli Təhlükəsizlik Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.

Sonra nümayəndə heyətləri Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsini də yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

Xəbər lenti

Xəbər lenti