Azərbaycan, Bakı, 27 oktyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Çexiya Respublikasının Prezidenti Vatslav Klausa təbrik məktubu ünvanlayıb.
"Ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan-Çexiya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Bu ilin may ayında ölkəmizə səfəriniz dövlətlərarası münasibətlərimizin möhkəmlənməsinə, dostluq və əməkdaşlıq əlaqələrimizin genişlənməsinə yeni təkan vermişdir.
Əminəm ki, istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik", - təbrikdə deyilir.
İlham Əliyev Vatslav Klausa ən xoş arzularını yetirib, möhkəm cansağlığı, işlərində uğurlar, dost Çexiya xalqına əmin-amanlıq və firavanlıq diləyib.