...

Prezident İlham Əliyev: Türkdilli ölkələrin informasiya vasitələri ortaq mədəni-mənəvi dəyərlərin təbliğinə böyük töhfələr verə bilər

Siyasət Materials 28 Oktyabr 2011 11:14 (UTC +04:00)
Qloballaşma proseslərinin intensiv xarakter aldığı müasir dövrdə türkdilli xalqlar arasında əlaqələrin strateji əhəmiyyəti daha da artıb, münasibətlərimizin forma və məzmunu əsaslı şəkildə yenilənib.
Prezident İlham Əliyev: Türkdilli ölkələrin informasiya vasitələri ortaq mədəni-mənəvi dəyərlərin təbliğinə böyük töhfələr verə bilər

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir M.Əliyev/

Qloballaşma proseslərinin intensiv xarakter aldığı müasir dövrdə türkdilli xalqlar arasında əlaqələrin strateji əhəmiyyəti daha da artıb, münasibətlərimizin forma və məzmunu əsaslı şəkildə yenilənib. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda cümə günü öz işinə başlayan Türkdilli ölkələrin və toplumların II Media Forumunun iştirakçılarına təbrik məktubunda deyib.

Təbrik məktubunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub.

Türkdilli ölkələrin və toplumların II Media Forumunun keçirilməsi münasibətilə iştirakçıları təbrik edən İlham Əliyev bildirib ki, müştərək mənafelərin təzahürü olaraq yaranmış Türkdilli Dövlətlər Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası, TÜRKSOY və digər təşkilatlar çərçivəsindəki fəaliyyət ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələri gücləndirməklə yanaşı, dövlətlərimizin beynəlxalq aləmdə yerinin möhkəmlənməsinə və nüfuzunun artmasına da mühüm təsir göstərib.

"Xalqlarımız arasında münasibətlərin inkişafında rəsmi qurumlarla yanaşı, vətəndaş cəmiyyəti institutlarının, media orqanlarının, elm və mədəniyyət xadimlərinin rolu xüsusi əhəmiyyətə malikdir. İnteqrasiya meyillərinin getdikcə dərinləşdiyi müasir dünyada mətbuatın, informasiya istehsalı və ötürülməsi ilə məşğul olan digər qurumların lokal və dünya miqyasında cərəyan edən proseslərə təsiri durmadan yüksəlir. Hesab edirəm ki, türkdilli ölkələrin və toplumların informasiya vasitələri dövlətlərimizin və xalqlarımızın bir-biri ilə daha da yaxınlaşmasına, ortaq mədəni-mənəvi dəyərlərin təbliğinə, habelə müasir inkişafın müxtəlif aspektləri barədə dünyada çevik və dolğun məlumatların yayılması işinə böyük töhfələr verə bilər. İnanıram ki, qardaş ölkələrin və xalqların nüfuzlu media qurumlarının jurnalistlərinin iştirak etdiyi bugünkü Forum əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi üçün yeni imkan və vasitələrin tapılmasına, türkdilli xalqların vahid informasiya məkanının formalaşmasına və əlaqəli fəaliyyətin səmərəli təşkilinə xidmət edir. Forum iştirakçılarını bir daha təbrik edir və toplantının işinə uğurlar arzulayıram", - Azərbaycan Prezidenti təbrik məktubunda qeyd edib.

Bakıda oktyabrın 28-də Türkdilli ölkələrin və toplumların II Media Forumu öz işinə başlayıb.

Trend-in məlumatına görə, tədbirin təşkilatçıları Azərbaycan Mətbuat Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondudur.

Foruma Azərbaycanla yanaşı Türkiyədən, Qazaxıstandan, Qırğızıstandan, Özbəkistandan, Türkmənistandan, Şimali Kipr Türk Cumhuriyyətindən, Rusiya Federasiyasının Tuva, Saxa, Xakasiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Tatarıstan, Başqırdıstan respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən, Moldovanın Qaqauz Muxtar Ərazisindən, Avropada türklərin kompakt məskunlaşdığı bölgələrdən - Bolqarıstandan, Yunanıstandan, Makedoniyadan, İraqdan, Kosovadan nümayəndələr qatılıblar.

Xəbər lenti

Xəbər lenti