Azərbaycan, Bakı, 11 noyabr /Trend/
Belarus Milli Yığıncağının Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenkonun rəhbərliyi ilə parlamentin nümayəndə heyəti noyabrın 14-17-də Azərbaycanda rəsmi səfərdə olacaq. Bu barədə cümə günü Nümayəndələr Platasının mətbuat xidmətindən BELTA-ya məlumat verilib.
Trend-in məlumatına görə, səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Artur Rasizadə və Milli Məclisin sədri Oqtay Əsədovla görüşlərin keçirilməsi planlaşdırılıb. Qarşılıqlı siyasi fəaliyyət, hökumətlərarası əlaqələrin gələcək inkişafı sahəsində ikitərəfli əməkdaşlığın geniş əhatəli məsələlərinin müzakirəsi planlaşdırılır. Ticari-iqtisadi əməkdaşlıq ayrıca mövzu olacaq. Belarus parlamentariləri Bakıda Gəncə avtomobil zavodunun mərkəzi servisinin açılışında iştirak edəcəklər.
Milli Yığıncağın nümayəndə heyəti, həmçinin, Azərbaycanın ümummilli lideri Heydə Əliyevin məzarına və "Əbədi məşəl" abidəsinə əklil qoyacaqlar.
Parlament nümayəndə heyəti ilə birgə Azərbaycana Belarusun işgüzar dairələrinin nümayəndələri, yüngül və mebel sənayesi müəssisələrinin rəhbərləri səfər edəcəklər.