Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, ola da bilməz. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü əsasında həllini tapmalıdır, Trend-in məlumatına görə, bunu noyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Bolqarıstan Prezidenti Georgi Pırvanovla görüşdən sonra mətbuata bəyanatla çıxışında deyib.
"Biz ümid edirik ki, danışıqlar nəticəsini verməlidir. Çünki bu vəziyyətlə barışmaq mümkün deyildir. Bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupu və onun həmsədr ölkələri status-kvonun qəbuledilməz olması ilə əlaqədar kifayət qədər ciddi bəyanatlar vermişlər. Bu bəyanatlar bizi daha da ruhlandırır. Əminəm ki, bu məsələnin tezliklə həlli bütün ölkələrin marağına cavab verəcəkdir" İlham Əliyev deyib.
Prezidentin sözlərinə görə, o Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyətin son mərhələsi haqqında Bolqarıstan Prezidentinə məlumat verib.
"Bu məsələ dəfələrlə müzakirələrimizin mövzusu olur. Demək olar ki, biz hər bir görüşdə bu məsələ ilə bağlı fikir mübadiləsi aparırıq. Bir də demək istəyirəm ki, Azərbaycan məsələnin tezliklə həlli üçün səylərini göstərir. Azərbaycan məsələnin ancaq beynəlxalq hüquq normaları əsasında həll olunmasını məqbul hesab edir. Beynəlxalq təşkilatların qərar və qətnamələri qeyd-şərtsiz icra edilməlidir. BMT Təhlükəsizlik Şurası bu məsələ ilə bağlı dörd qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Avropa Parlamenti, o cümlədən Bolqarıstan tərəfinin dəstəyi ilə buna bənzər qətnamə qəbul etmişdir. Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı mövqeyini bildirmişdir" İlham Əliyev çıxışında deyib.
Dövlət başçısı vurğulayıb ki, Bolqarıstan-Azərbaycan əlaqələri çox sürətlə və uğurla inkişaf edir.
"Biz Sizinlə demək olar ki, hər il görüşürük. Bizim təmaslarımız mütəmadi xarakter daşıyır və Bolqarıstan-Azərbaycan əməkdaşlığının inkişafı üçün bu əlaqələr çox vacibdir. Müzakirə etdiyimiz məsələlər sonradan qərarlara çevrilir və əməkdaşlığımızın inkişafı üçün müsbət rol oynayır. Son illər ərzində ikitərəfli münasibətlərimiz yeni pilləyə qalxmışdır, siyasi əlaqələr çox yüksək səviyyədədir. Biz bütün beynəlxalq təşkilatlarda da uğurlu əməkdaşlıq edirik. Siyasi əlaqələrimizin inkişafı sahəsində və digər sahələrdə də inamlı inkişafa nail ola bilmişik.
Bu ilin statistikasına baxanda görürük ki, ticarət dövriyyəsi də artmaqdadır. Özü də böyük artım müşahidə olunur. Əminəm ki, növbəti illərdə daha da artacaq və ticarət dövriyyəsinin strukturu da təkmilləşdiriləcək. Beləliklə, siyasi əlaqələr iqtisadi sahədəki əlaqələrə də müsbət təsir göstərir.
Bu gün müzakirə etdiyimiz məsələlərdən biri də energetika sahəsindəki əməkdaşlıqdır. Bu mövzu daim gündəliyimizdədir. Mən çox şadam ki, indi bu məsələ ilə bağlı aparılan fikir mübadiləsi keyfiyyətcə yeni məzmun daşıyır. Çünki artıq Azərbaycanın enerji resursları Avropaya ixrac edilir. Azərbaycan nefti Avropa ölkələrinə, o cümlədən Bolqarıstana daha da böyük miqdarda ixrac edilir. Eyni zamanda, Azərbaycan qazını Avropa bazarına çatdırmaq üçün yeni imkanlar yaradılmışdır. Bu yaxınlarda Türkiyə ilə Azərbaycan arasında imzalanmış tranzit sənədləri bu imkanları reallaşdırır.
Beləliklə, əminəm ki, növbəti illərdə qaz sahəsində Bolqarıstan-Azərbaycan əlaqələri daha da intensiv olacaq və bu əlaqələr getdikcə daha da dərinləşəcəkdir. Əminəm ki, növbəti mərhələlərdə qarşılıqlı investisiya qoyuluşu məsələləri, birgə müəssisələrin yaradılması istiqamətində də inamlı və təsirli addımlar atılacaqdır. Biz bu barədə də fikir mübadiləsi apardıq. Aramızda bu barədə fikir ayrılığı yoxdur.
Enerji sahəsinə gəldikdə, biz burada həm ikitərəfli formatda əməkdaşlıq edirik və müvafiq şirkətlərimiz də bir-biri ilə danışıqlar prosesindədir. Eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri də bu məsələ ilə bağlı müsbət rol oynayır. Bildiyiniz kimi, bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında "Cənub" qaz dəhlizi üzrə Bəyannamə imzalanmışdır. Ondan sonra işçi qrupu yaradılmışdır. İşçi qrupu fəaliyyət göstərir və əminəm ki, növbəti mərhələlərdə bu əməkdaşlıq daha da genişmiqyaslı olacaqdır. Azərbaycan "Cənub" qaz dəhlizinin reallaşması üçün səylərini göstərir. Bizim zəngin qaz yataqlarımız həm Azərbaycanın enerji təhlükəsizliyini təmin edir və edəcək, eyni zamanda, tərəfdaşlarımızın enerji təhlükəsizliyinin təmin edilməsində də öz rolunu oynamaqdadır. Əminəm ki, növbəti illərdə bu sahədə və digər sahələrdə əməkdaşlıq daha da uğurlu olacaqdır" İlham Əliyev deyib.
Prezident bildirib ki, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün Bolqarıstan da öz səylərini göstərir.
"Bolqarıstan bütün dövrlərdə bizim bu mövzu ilə bağlı təşəbbüslərimizə çox müsbət yanaşmışdır. Hesab edirəm ki, hazırda biz Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı çox vacib mərhələdəyik. İndi uzunmüddətli əlaqələrin formalaşması prosesi getməkdədir. Mən tam əminəm ki, bu əlaqələr çox möhkəm, sağlam zəmin üzərində qurulacaqdır, qarşılıqlı maraqlar təmin ediləcəkdir. Qarşılıqlı maraqların təmin edilməsi üçün əlbəttə ki, biz bu məsələdə çox dəqiq olmalıyıq. Uzunmüddətli, bundan sonra bəlkə də onilliklər ərzindəki əməkdaşlığın təməli məhz bu dövrdə qoyulur. Deyə bilərəm ki, biz bu məsələyə çox böyük ümidlərlə və nikbinliklə yanaşırıq. Hazırda Azərbaycanın bütün Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli müstəvidə çox işgüzar və səmimi münasibətləri mövcuddur. Bu münasibətlər bütövlükdə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafına da müsbət təsir göstərir" dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, ola da bilməz (FOTO)
Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, ola da bilməz. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü əsasında həllini tapmalıdır, Trend-in məlumatına görə, bunu noyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Bolqarıstan Prezidenti Georgi Pırvanovla görüşdən sonra mətbuata bəyanatla çıxışında deyib.