...

Azərbaycanda razılaşdırılmadan vətəndaşların xarici müəssisələrdə dini təhsilinə qadağa qoyuldu

Siyasət Materials 15 Noyabr 2011 17:26 (UTC +04:00)
Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında qanunsuz dini təyinatlı ədəbiyyatları satan və yayanların cinayət məsuliyyətinə cəlb olunması barədə qanunvericiliyə dəyişikliklər olunub.
Azərbaycanda razılaşdırılmadan vətəndaşların xarici müəssisələrdə dini təhsilinə qadağa qoyuldu

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir M.Əliyev/

Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında qanunsuz dini təyinatlı ədəbiyyatları satan və yayanların cinayət məsuliyyətinə cəlb olunması barədə qanunvericiliyə dəyişikliklər olunub.

Trend-in məlumatına görə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclasda bildirib ki, Cinayət Məcəlləsinə edilən dəyişikliklər "Dini etiqad azadlığı haqqında" qanunda olunan dəyişilliklərə uyğun olaraq təklif olunub.

İnzibati Xətalar Məcəlləsinin 300-cü maddəsinə edilmiş dəyişikliklə dini etiqad haqqında qanunvericiliyin pozulması hesab olunan fəaliyyətlər müəyyənləşdirilib. Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi, din xadimlərinin mübadiləsi, İslam dininə aid ayin və mərasimlərin Azərbaycandan kənarda dini təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilməsi, qanunla müəyyən olunmuş qaydada satışına icazə verilən dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılması, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılması dini qanunvericiliyin pozulması hesab olunacaq.

Cinayət Məcəlləsinə olunan əlavə və dəyişikliyə görə, müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyat, əşyalar və dini məzmunlu materiallar istehsal, idxal etmə, satma və yaymaya görə 167-2 maddəsi əlavə olunub.

Həmin maddəyə görə, 5000 manatdan 7000 manatadək cərimə və ya iki il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Eyni əməllərin təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya vəzifəli şəxs tərəfindən törədilməsinə görə 7000 manatdan 9000 manatadək cərimə və ya iki ildən beş ilədək müddətinə azadlıqdan məhrumetmə cəzası tətbiq
olunub.

Təklif olunan digər dəyişikliyə görə, Cinayət Məcəlləsinin 167-ci (dini ayinləri icra etməyə mane olma) maddəsinin sanksiyası ağırlaşdırılaraq nəzərdə tutulan cərimənin məbləği 100-500 manatdan 1000-2000 manatadək artırılıb.

Cinayət Məcəlləsinin 167-1.1, 167-1.2 (dini etiqad etməyə məcbur etmə) maddəsinin sanksiyasında nəzərdə tutulan cərimənin məbləği 500-1000 manatdan 3000-5000 manatadək artırılıb.

167-1.3-cü maddənin sanksiyasında nəzərdə tutulan cərimənin məbləği 1000-2000 manatdan 7000-9000 manatadək artırılıb.

Millət vəkili Qənirə Paşayeva müzakirələr zamanı bildirib ki, Azərbaycanda heç bir təhsili olmayan insanlar dini mərasimləri aparırlar. "Biri həbsxanadan çıxır, biri iş tapmır və özlərini din xadimi adlandıraraq mərasimləri aparırlar", - o deyib.

Deputat bildirib ki, bu məsələnin üzərinə ciddi düşmək lazımdır, çünki onlar da zərərli işlə məşğuldurlar. "Onların heç bir təhsili yoxdur və ağıllarına nə gəlirsə danışırlar, təbliğat aparırlar", - Paşayeva bildirib.

Millət vəkili həmçinin deyib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılmasına qarşı qanunvericilikdə olunan dəyişikliklər zəruridir. "Bu gün müxtəlif dini təriqətlər, cərəyanlar var ki, Azərbaycanda öz təbliğatlarını genişləndirirlər və bunun da qarşısını almaq üçün görülən tədbirlər daha sərtləşməlidir", - o deyib.

Milli Məclisin spikeri Oqtay Əsədov deputatın qaldırdığı məsələyə münasibət bildirərək deyib ki, təhsilsiz insanların dini mərasimləri aparmasının günahı özümüzdədir. "Çünki hər kəs gedib adamı məscidlərdən, dini mərkəzlərdən dəvət eləməlidir", - o deyib.

Spiker qeyd edib ki, əhali dini mərkəzlərə müraciət etsin ki, ayinləri təhsilli adamlar aparsınlar.

Millət vəkili Gövhər Baxşəliyeva müzakirələr zamanı bildirib ki, bir müddət əvvəl Azərbaycan süni olaraq hicab problemi ilə qarşılaşmışdı. Onun sözlərinə görə, bu kimi məsələlərdə dövlət öz qətiyyətini göstərməlidir.

"Bu problemin həllinə nail olmaq üçün geniş maarifləndirmə işləri aparılmalıdır", - o deyib.

Millət vəkili Musa Qasımlı isə bildirib ki, bu dəyişikliklər Azərbaycanda olan dindarların hüquqlarının müdafiəsidir.

"Azərbaycanda dini məsələləri idarə etmək istəyən xarici qüvvələr var. Azərbaycanda isə dini məsələlərə Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzarət edir", - o bildirib.

Millət vəkili Çingiz Qənizadə müzakirələr zamanı qeyd edib ki, təklif olunan əlavə və dəyişikliklər dinə qarşı deyil, cinayətlərin qarşısının alınması məqsədi ilə edilib.

Xəbər lenti

Xəbər lenti