...

Azərbaycanda korrupsiya hüquqpozmaları ilə bağlı 4 nəfər ədliyyə orqanlarından xaric edilib - nazir müavini

Siyasət Materials 21 Noyabr 2011 14:00 (UTC +04:00)
Ədliyyə Nazirliyində korrupsiya hüquqpozmaları ilə bağlı bu il 4 nəfər ədliyyə orqanlarından xaric edilib
Azərbaycanda korrupsiya hüquqpozmaları ilə bağlı 4 nəfər ədliyyə orqanlarından xaric edilib - nazir müavini

Azərbaycan, Bakı, 21 noyabr / Trend müxbir M.Əliyev/

Ədliyyə Nazirliyində korrupsiya hüquqpozmaları ilə bağlı bu il 4 nəfər ədliyyə orqanlarından xaric edilib. Trend-in məlumatına görə, bunu Azərbaycan ədliyyə nazirinin müavini Toğrul Musayev bazar ertəsi hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, nazirlik tərəfindən korrupsiya hüquqpozmaları ilə bağlı yoxlamaların nəticələri üzrə cari ildə 4 nəfər barədə materiallar prokurorluğa göndərilib, habelə 7 ədliyyə işçisi intizam məsuliyyətinə cəlb olunub.

"Ölkəmizdə inkişafı əngəlləyən hallarla, o cümlədən korrupsiya ilə ciddi mübarizə aparılır Ədliyyə orqanlarında da bu sahə daim diqqətdə saxlanılaraq, vətəndaşların müraciətlərinə baxılmasının təkmilləşdirilməsi, korrupsiyaya şərait yaradan halların qarşısının alınması üzrə işlər görülür", - o deyib.

Musayevin sözlərinə görə, müvafiq monitorinq qrupları təşkil olunub, nazirliyin internet saytında "qaynar xətt" bölməsi və ayrıca telefon xidməti yaradılıb.

Nazir müavini həmçinin bildirib ki, Yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramının həyata keçirilməsi məqsədilə nazirlik tərəfindən aztəminatlı əhalinin vətəndaş hüquqları barədə məlumatlandırılması və onların pulsuz hüquqi yardım xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi məqsədilə bölgələrdə regional hüquqi məsləhət xidmətləri mərkəzləri yaradılıb. "Həmin mərkəzlərin fəaliyyətinin növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur", - Musayev deyib.

Xəbər lenti

Xəbər lenti