...

Sorğu: Azərbaycanda əhalinin 95 faizi Prezident İlham Əliyevə yüksək etimad göstərir

Siyasət Materials 22 Noyabr 2011 11:38 (UTC +04:00)
Böyük Britaniyanın "Populus Limited" şirkətinin Azərbaycanda keçirdiyi sorğunun nəticələrinə görə, əhalinin 95 faizi Prezident İlham Əliyevə yüksək etimad göstərir və 96 faizi onu bəyənir.
Sorğu: Azərbaycanda əhalinin 95 faizi Prezident İlham Əliyevə yüksək etimad göstərir

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir E.Mehdiyev/

Böyük Britaniyanın "Populus Limited" şirkətinin Azərbaycanda keçirdiyi sorğunun nəticələrinə görə, əhalinin 95 faizi Prezident İlham Əliyevə yüksək etimad göstərir və 96 faizi onun apardığı siyasəti bəyənir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda sorğunun nəticələrinə dair keçirilən tədbirdə sorğunun sifarişçisi olan "Caspian Information Centre" şirkətinin direktoru Qerald Frost deyib.

Frostun sözlərinə görə, Qərb ölkələrində keçirilən sorğularda dövlət başçısına bu qədər etimad göstərilməsi faktı qeydə alınmayıb.

Frost bildirib ki, şirkət 10-30 sentyabr tarixində 1000 Azərbaycan vətəndaşı arasında sorğu keçirib. Sorğu tək Bakıda deyil, digər şəhərlərdə də keçirilib.

Onun sözlərinə görə, sorğunun nəticəsinə əsasən respondentlərin 79 faizi fikirləşir ki, Azərbaycanda ümumi vəziyyət normaldır və düzgün istiqamətdə gedir. Sorğu iştirakçılarının 70 faizi isə fikirləşir ki, ölkədə iqtisadiyyat düzgün istiqamətdə inkişaf edir.

Sorğunun icraçısı olan Böyük Britaniyanın "Populus Limited" şirkətinin keçirdiyi sorğunun mövzularına iqtisadiyyat, həyat səviyyəsi, hökumətin fəaliyyəti daxildir.

Frost deyib ki, sorğunun iştirakçılarının 54 faizi hesab edir ki, gündəlik həyat səviyyəsi yaxşılaşır. 49 faizi isə hesab edir ki, onlar uşaqları üçün daha yaxşı imkanlar əldə edəcəklər.

Respondentlər ümumilikdə fikirləşirlər ki, Azərbaycan təhlükəsiz ölkədir, inkişaf edir, stabil, uğurlu və güclüdür.

Xəbər lenti

Xəbər lenti