...

İlham Əliyev bir sıra xarici ölkələrin Azəbaycandakı səfirlərinin etimadnamələrini qəbul edib (FOTO)

Siyasət Materials 1 Dekabr 2011 17:28 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Qana Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Set Korantenqin etimadnaməsini qəbul edib.
İlham Əliyev bir sıra xarici ölkələrin Azəbaycandakı səfirlərinin etimadnamələrini qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 1 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Qana Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Set Korantenqin etimadnaməsini qəbul edib.

Trend-in məlumatına görə, səfir Set Korantenq fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Set Korantenq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Set Korantenq Qana Respublikasının Prezidenti Con Evans Atta Millsin salamlarını dövlətimizin başçısına çatdırdı, Azərbaycanda diplomatik fəaliyyətə başlamasından məmnunluğunu bildirdi. O, ölkəsinin Azərbaycan ilə yaxından əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğuladı. Set Korantenq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan quruculuq işlərini Prezident İlham Əliyevin uğurla davam etdirdiyini qeyd etdi. Azərbaycanda gedən inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını deyən qanalı diplomat iqtisadi inkişafla bağlı Azərbaycanın təcrübəsindən bəhrələnməyin önəmini vurğuladı.

Dövlətimizin başçısı Azərbaycanın da Qana ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu dedi. Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə bağlı keçirilən səsvermə zamanı Azərbaycana verdiyi dəstəyə görə Qana hökumətinə təşəkkürünü bildirdi.

Dövlətimizin başçısı Prezident Con Evans Atta Millsin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qana dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Prezidenti İlham Əliyev bu gün Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mouloud Hamainin etimadnaməsini də qəbul edib.

Səfir Mouloud Hamai fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Mouloud Hamai etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan ilə Əlcəzair arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində də yüksək səviyyədə əməkdaşlıq etdiyini bildirdi. Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə bağlı keçirilən səsvermə zamanı Azərbaycana verdiyi dəstəyə görə Əlcəzair hökumətinə təşəkkürünü bildirdi. Ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyən Prezident İlham Əliyev Mouloud Hamainin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə bu əlaqələrin daha da genişlənəcəyinə əminliyini bildirdi.

Səfir Mouloud Hamai Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikanın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında ikitərəfli əlaqələrin genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirdi.

Dövlətimizin başçısı Prezident Əbdüləziz Buteflikanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Əlcəzair dövlətinin başçısına çatdırmağı xahiş etdi.

İlham Əliyev dekabrın 1-də Portuqaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Luisa Bastos de Almeidanın etimadnaməsini də qəbul edib.

Səfir Luisa Bastos de Almeida fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Xanım Luisa Bastos de Almeida etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edən xanım Luisa Bastos de Almeida ölkəmizə gələrkən özü ilə iş adamlarından ibarət nümayəndə heyətini də gətirdiyini dedi.

Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsinin zəruriliyini bildirdi. Prezident İlham Əliyev xanım Luisa Bastos de Almeidanın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə bu əlaqələrin genişlənəcəyinə əminliyini ifadə etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Banqladeş Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zulfiqur Rəhmanın etimadnaməsini qəbul edib.

Səfir Zulfiqur Rəhman fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Zulfiqur Rəhman etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Banqladeş Xalq Respublikası arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu, ölkələrimizin BMT və digər beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiyini vurğuladı. Ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini bildirən Prezident İlham Əliyev Azərbaycan ilə Banqladeş arasında ikitərəfli əlaqələrin bütün sahələrdə genişləndirilməsi üçün səyləri daha da artırmağın zəruriliyini qeyd etdi. Dövlətimizin başçısı səfir Zulfiqur Rəhmanın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə yaxşı nəticələr əldə ediləcəyinə ümidvar olduğunu bildirdi.

Səfir Zulfiqur Rəhman Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, ölkəsinin Azərbaycanı bütün məsələlərdə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələdə dəstəkləməkdə davam edəcəyini dedi. Zulfiqur Rəhman Azərbaycanın Banqladeşi müxtəlif beynəlxalq forumlarda dəstəklədiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı qəbul olunmuş qətnaməyə və BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə bağlı keçirilən səsvermə zamanı ölkəmizə verdiyi dəstəyə görə Banqladeş hökumətinə minnətdarlığını bildirdi.

İlham Əliyev dekabrın 1-də Həbəşistan Federativ Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mulatu Teşomenin etimadnaməsini qəbul edib.

Səfir Mulatu Teşomen fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Mulatu Teşomen etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə bağlı keçirilən səsvermə zamanı Azərbaycana verdiyi dəstəyə görə Həbəşistan hökumətinə təşəkkür etdi. Səfirə fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev onun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Həbəşistan arasında əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.

Səfir Mulatu Teşomen Həbəşistan Prezidenti Girma Volde-Giorgisin salamlarını dövlətimizin başçısına çatdırdı. Səfir ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi üçün qarşılıqlı maraqların olduğunu dedi.

Dövlətimizin başçısı Prezident Girma Volde-Giorgisin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Həbəşistanın dövlət başçısına çatdırmağı xahiş etdi.

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Danimarka Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ruben Madsenin etimadnaməsini qəbul edib.

Səfir Ruben Madsen fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Ruben Madsen etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Danimarka Krallığı arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı baxımından hazırda ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Dövlətimizin başçısı səfir Ruben Madsenin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə bu əlaqələrin uğurla inkişaf etməkdə davam edəcəyinə ümidvar olduğunu bildirdi.

Səfir Ruben Madsen Danimarka Kraliçası Ülyahəzrət Marqretenin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Ruben Madsen Azərbaycan Respublikası ilə Danimarka Krallığı arasında yaxşı əməkdaşlığın mövcud olduğunu qeyd etdi. Danimarkalı diplomat Azərbaycan iqtisadiyyatının Avropada sürətli artım tempinə malik iqtisadiyyat olduğunu vurğuladı. Ruben Madsen səfir kimi ölkəmizdəki fəaliyyəti dövründə əlaqələrimizin daha da inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini bildirdi.

Dövlətimizin başçısı Ülyahəzrət Marqretenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Danimarka Kraliçasına çatdırmağı xahiş etdi.

Prezident İlham Əliyev dekabrın 1-də Vyetnam Sosialist Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fam Suan Şonun etimadnaməsini qəbul edib.

Səfir Fam Suan Şon fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Fam Suan Şon etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq əlaqələrinin böyük tarixə malik olduğunu vurğulayan dövlətimizin başçısı bu əlaqələrin hazırda yeni mərhələyə qədəm qoyduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycanın Vyetnam ilə münasibətlərin daha da genişləndirilməsində maraqlı olduğunu dedi.

Səfir Fam Suan Şon Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın salamlarını dövlətimizin başçısına çatdırdı. Ölkəsində xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük ehtiramla yad edildiyini qeyd edən vyetnamlı diplomat ulu öndərlə Türkiyədə səfir olarkən görüşdüyünü məmnunluqla xatırladı. O, Azərbaycanla ilə Vyetnam arasında əlaqələrin genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirdi.

Dövlətimizin başçısı Prezident Çıonq Tan Şanqın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Vyetnam dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Xəbər lenti

Xəbər lenti