...

Bakıda səmərəli dövlət idarəçiliyi müzakirə olunur

Siyasət Materials 5 Dekabr 2011 15:53 (UTC +04:00)
Dövlət İdarəçilik Akademiyasında bazar ertəsi BMT-nin dəstəyi ilə "Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışları" adlı beynəlxalq konfrans işə başlayıb.
Bakıda səmərəli dövlət idarəçiliyi müzakirə olunur

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bazar ertəsi BMT-nin dəstəyi ilə "Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışları" adlı beynəlxalq konfrans işə başlayıb.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Akademiyanın rektoru əvəzi Əlikram Abdullayev təhsil və tədqiqat mərkəzlərində dövlət qulluğu üzrə kadrların hazırlanması sahəsində təcrübə mübadiləsinin aparılmasının vacibliyini qeyd edərək konfransın işinin məhz bu istiqamətdə qurulacağını bildirib.

Təhsil naziri Misir Mərdanov isə konfransda çıxışında bildirib ki, ölkədə hazırda təhsil sahəsində 16 Dövlət Proqramı həyata keçirilir və son 10 il ərzində ölkədə bütün təhsil infrastrukturu yenidən qurulub.

"Bü gün Azərbaycanda 8000-dən çox xarici tələbə uğurla təhsil alır, 10 minə yaxın azərbaycanlı gənc isə təhsillərini dünyanın müxtəlif ali təhsil müəsisələrində davam etdirir", - o deyib.

Mərdanov keçirilən konfransın idarəçilklə bağlı təhsilin inkişafına da müsbət təsir edəcəyini deyib.

Tədbirin keçirilməsində məqsəd Azərbaycanda dövlət idarəçiliyi üzrə həyata keçirilən islahatların elmi təhlili, əldə olunan uğurlar və nəticələr, həmçinin xarici ölkələrin təcrübəsinin tətbiqi imkanlarını araşdırmaqdır.

Tədbirin tematik istiqamətləri "Müstəqil Azərbaycanda dövlət idarəçiliyi: nailiyyətlər və problemlər", "Heydər Əliyev və müstəqil Azərbaycanın dövlət idarəçiliyi sistemində islahatlar", "BMT-nin Minilliyin inkişaf məqsədləri və səmərəli idarəçilik", "Dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətində şəffaflıq, hesabatlılıq, korrupsiyaya şərait yaradan halların və amillərin aradan qaldırılması", "Xarici ölkələrin səmərəli idarəçilik sahəsində qazandıqları təcrübə, beynəlxalq əməkdaşlıq perspektivləri", "Elektron hökumət dövlət idarəçiliyin müasir texnologiyası kimi, dövlət qulluğu kadrlarının sisteminin təkmilləşdirilməsi, yeni yanaşmalar və müasir texnologiyalar", "Dövlət qulluqçularının innovasiya potensialının inkişafı", "İKT sahəsində peşəkar dövlət qulluqçularının hazırlanması və onların səriştəliliyinin qiymətləndirilməsinin metodikası" məsələləridir.

İkigünlük konfransda Azərbaycan dövlət orqanlarının təmsilçiləri, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Polşa, Litva, Estoniya, Özbəkistan, Qırğızıstan və digər dövlətlərin idarəçilik akademiyaları, institutlar və elmi mərkəzlərinin rəhbərləri, o cümlədən ekspertlər, beynəlxalq təşkilatların və QHT-lərin nümayəndələri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti