...

Bahar Muradova: Ümid edirik ki, Fransa parlamentində Türkiyə əleyhinə yönələn bu qanuna qarşı çıxanların sayı çox olacaq

Siyasət Materials 20 Yanvar 2012 11:12 (UTC +04:00)
Azərbaycan parlamentinin vitse-spikeri ümid edir ki, Fransa parlamentində qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanuna qarşı çıxanların sayı çox olacaq.
Bahar Muradova: Ümid edirik ki, Fransa parlamentində Türkiyə əleyhinə yönələn bu qanuna qarşı çıxanların sayı çox olacaq

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir E. Mehdiyev/

Azərbaycan parlamentinin vitse-spikeri ümid edir ki, Fransa parlamentində qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanuna qarşı çıxanların sayı çox olacaq.

Trend-in məlumatına görə, cümə günü jurnalistlərə müsahibəsində Milli Məclisin vitse-spikeri Bahar Muradova Fransa senatının yuxarı palatasının bu qanunu qəbul etməyəcəyinə şansın olduğunu bildirib.

"Fransa parlamentində məntiqli düşünən, vəziyyətin gedişatını dəyərləndirən və xalqları, millətləri bir-birinə qarşı qoyan, söz azadlığını, fikir prüalizmini ayaqlar altına atan belə qanuna qarşı çıxanlar olacaq. Zaman bunu sübut edir". O deyib.

Vitse-spiker qeyd edib ki, Azərbaycan tərəfi də həm rəsmi, həm də cəmiyyət səviyyəsində bu məsələyə öz münasibətini bildirib.

"Bu gün də həmin mövqemiz dəyişməz qalır. Biz türk xalqının yanındayıq, Türkiyə ilə birlikdə, Azərbaycan ictimaiyyətinin apardığı mübarizə öz müsbət nəticəsini verəcək.Çox inanmaq istəyirəm ki, belə düşünən insanlaın sayı çox olsun, və Fransa senatı bu qanuna "yox" desin", o vurğulayıb.

Fransa Milli Assambleyası qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Senatın qanun layihəsini yanvarın 23-də keçiriləcək iclasın gündəliyinə salacağı gözlənilir.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Bu qərara cavab olaraq Türkiyə Fransa ilə bütün diplomatik münasibətləri dondurduğunu élan edib.

Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti