Azərbaycan, Bakı, 25 yanvar / Trend, müxbir A.Tağıyeva/
Fransa Senatının qəbul etdiyi "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun hansısa ölkəyə qarşı yönəlməyib. Bu barədə Fransa Prezidenti Nikola Sarkozinin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda deyilir. Trend-in məlumatına görə, xəbəri "Sabah" qəzeti yazıb.
Sarkozi Ərdoğanı ümumi maraqlardan çıxış edərək hərəkət etməyə çağırıb.
Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə 86 senator səs verib.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyənin Fransaya qarşı artıq yeni sanksiyalar hazırladığını bəyan edib.
Fransa Senatının alt palatası keçən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.
Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsini təqdim etmişdilər.
Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.