...

Paris Azərbaycan-Türkiyə həmrəyliyinə kölgə sala bilməz

Siyasət Materials 30 Yanvar 2012 12:05 (UTC +04:00)
Paris Azərbaycan-Türkiyə həmrəyliyinə kölgə sala bilməz
Paris Azərbaycan-Türkiyə həmrəyliyinə kölgə sala bilməz

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Fransa Senatının yanvarın 23-də qəbul etdiyi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan söz və ifadə azadlığına zidd qanun layihəsinin 15 gün ərzində ölkə Prezidenti Nikola Sarkozi tərəfindən təsdiq edilməsi gözlənilir.

Təəssüf ki, qanun layihəsinin Senatda müzakirəyə çıxarılmasından sonra həm Türkiyədə, həm də Fransada bəzi media qurumları Fransa parlamentinin xəstə təxəyyülə arxalanan "erməni soyqırımı" haqqında qanun layihəsini qəbul etməsinin Türkiyənin daxili işi olduğu və rəsmi Bakının Ankaradan fərqli olaraq, bu məsələdə səssiz qalacağı barədə məlumatlar yaymağa başladılar.

Ermənistan və erməni lobbisinin maraqlarına xidmət edən KİV-lərin hədəfində olan, əslində, Azərbaycan-Türkiyə qardaşlığına zərbə vurmaqdan başqa bir şey deyildi.

Reallıqda isə Fransa parlamentində belə qanun layihəsinin qəbul edilməsi yalnız Türkiyənin deyil, Azərbaycanın da maraqlarına ziddir.

Belə ki, Fransa Senatının demokratiya, insan hüquqları, söz və ifadə azadlığı prinsipləri ilə ciddi ziddiyyət təşkil edən birtərəfli addımları bu ölkənin bəzi regional proseslərdə iştirakına ciddi xələl gətirməklə yanaşı, bir sıra xoşagəlməz nəticələrə də səbəb ola bilər.

20-ci əsrin sonlarında Ermənistanın təcavüzü nəticəsində 1 milyona yaxın azərbaycanlının hüquqlarının pozulmasına və Azərbaycanın torpaqlarının 20 faizinin işğalına məhəl qoymayan fransız parlamentarilərin bu qərarı Fransanın obyektivliyini şübhə altına alır.

Ən azından ona görə ki, Fransa ATƏT-in Minsk qrupunun üzvüdür və regionda Dağlıq Qarabağ problemi kimi həssas məsələnin həllində vasitəçi qismində iştirak edir.

Məhz bu səbəbdən rəsmi Bakının baş verən hadisəyə soyuqqanlı yanaşması qeyri- mümkündür və Azərbaycan rəsmiləri Fransa parlamentinin bu qərarına kəskin şəkildə etiraz etdilər.

İlk rəsmi etiraz Azərbaycan Xarici İşlər Nazirliyindən gəldi. Nazirlik Fransa Senatının düşünülməmiş addımını qətiyyətlə pislədi.

XİN-lə yanaşı, Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası da Fransa parlamentinin qəbul etdiyi qanuna sərt reaksiya verdi. Belə ki, YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov verdiyi açıqlamada bildirdi ki, Fransa açıq şəkildə özünü Ermənistanın müdafiəçisi kimi təqdim edir.

Əhmədov Azərbaycanda Fransaya qarşı olan tənqidi yanaşmaların bu ölkənin Minsk qrupundakı həmsədrlikdən kənarlaşdırılması çağırışları səviyyəsinə qalxacağını da vurğuladı.

Azərbaycanın hakim partiyasının bu bəyanatından sonra Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu yerli mediaya verdiyi açıqlamada Ankaranın Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən çıxarılmasını dəstəklədiyini bildirdi.

Türkiyə XİN rəhbəri onu da qeyd etdi ki, Paris qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu qəbul etməklə obyektivliyini itirib.

Təbii ki, Azərbaycanın Fransa parlamentinin qərarına etirazı bununla bitmədi və ölkənin siyasi və ictimai dairələri də Fransanın ermənipərəst qərarına etiraz etdilər.

Azərbaycan Milli Məclisinin bəyanatı isə rəsmi Parisə tarix dərsi verdi. Dolayısıyla, Azərbaycan həm siyasi, həm də ictimai müstəvidə qardaş Türkiyəyə qarşı yönəlmiş addımlara kəskin etirazını bildirdi.

Bir o qədər də uzaq olmayan tarixə nəzər salınsa, bir çox məsələlərdə Türkiyə və Azərbaycanın bir-birinə dəstək verdiyinin şahidi olmaq olar.

Əslində, Azərbaycan və Türkiyə rəsmilərinin eyni siyasi açıqlamalar verməsi iki ölkənin münasibətlərinə xələl gətirmək istəyənlər üçün hər iki ölkənin ayrılmaz strateji əməkdaş olduğu və bundan sonra da bu siyasi kursu davam etdirəcəkləri barədə bir mesajdır.

Fransa Senatının qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini qəbul etməsi onu söyləməyə əsas verir ki, parlament respublikanın "Azadlıq, Bərabərlik və Qardaşlıq" devizini yeni - "Köləlik, Bərabərsizlik və Düşmənçilik" devizinə dəyişdi.

Xəbər lenti

Xəbər lenti