...

Azərbaycanda post-patrul və yol patrul xidmətlərində vakant yerlərə müsabiqə elan olunub

Siyasət Materials 1 Fevral 2012 15:01 (UTC +04:00)
Daxili İşlər Nazirliyi polis orqanlarındakı sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.
Azərbaycanda post-patrul və yol patrul xidmətlərində vakant yerlərə müsabiqə elan olunub

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Daxili İşlər Nazirliyi polis orqanlarındakı sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müsabiqə ümumilikdə post-patrul və yol patrul xidmətlərində vakant olan yerləri tutmaq məqsədilə keçirilir.

Müsabiqədə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vurmuş kişilər, yaşı 20-dən az, 30-dan çox olmayan, boyu 175 santimetrdən yuxarı olan, düzgün bədən quruluşlu və idman cüssəli, tam orta və ya orta ixtisas və ya ali təhsilli (YPX inspektoru vəzifələrinə isə avtomobil nəqliyyatına aid olan orta-ixtisas və ya ali təhsilli, sürücülük vəsiqəsi olan) və "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqə zamanı kompüterlə işləmək qabiliyyətinə malik olan və xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük verilir.

Şərtlərə uyğun gələn, müsabiqədə iştirak etmək arzusu olan, vakant olan vəzifələrə müsabiqə elan olunmuş orqanların yerləşdiyi və ona qonşu ərazilərdə qeydiyyatda olan şəxslər həmin polis orqanına ərizə ilə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

Şəxsiyyət vəsiqəsi, təhsil haqqında sənədin əsli, hərbi bilet (kişilər üçün), əmək kitabçası (olanlar üçün).

Müsabiqə iki mərhələdə keçiriləcək. Test imtahanları və müsahibə. Test imtahanını müvəffəqiyyətlə vermiş namizəd müsahibəyə buraxılacaq.

Fiziki hazırlıq üzrə ödənilməli normativlər, test imtahanı barədə məlumatlar DİN-in www.mia.gov.az veb-ünvanında yerləşdirilib.

Müsabiqədə iştirak etmək üçün sənədlər 2012-ci il fevral ayının 1-dən mart ayının 1-dək hər gün (şənbə və bazar günlərindən başqa) saat 10:00-dan 17:00-dək qəbul olunur.

Əlavə məlumat almaq istəyənlər DİN-in Baş Kadrlar İdarəsi ilə 590-93-27 nömrəli telefon vasitəsilə əlaqə saxlaya bilərlər.

Xəbər lenti

Xəbər lenti