Azərbaycan, Bakı, 13 fevral / Trend müxbir M.Əliyev/
Rusiyanın ardıcıl fəaliyyəti nəhayət Ermənistanda effekt yarada bildi. Bunu bazar ertəsi Trend-ə Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.
Əhmədoğlu deyib ki, Ermənistan iqtisadiyyatından Rusiyanın sıxışdırılması hakim Qarabağ klanının və onun Qərbdəki havadarlarının erməni mentalitetinə hesablanmış siyasətidir.
"Ermənistan iqtisadiyyatının infrastruktur sahələrindən Rusiyanın sıxışdırılması ümumilikdə Rusiyaya qarşı təzyiqlərin içərisində əhəmiyyətli rola malikdir", - o qeyd edib.
Politoloq həmçinin deyib ki, Rusiyanın üç yüksəkçinli və səlahiyyətli şəxsinin, demək olar ki, eyni vaxtda Ermənistanda olması rəsmi Yerevanı Cənubi Qafqaz Dəmiryolları İdarəsinin Ermənistan dəmiryolları üzərində 30 illik konsession idarəçilik statusunu qəbul etməyə məcbur etdi.
"Ermənistan-Rusiya Federasiyası hökumətlərarası komissiyasının Rusiya tərəfindən həmsədri, Rusiyanın nəqliyyat naziri İqor Levitinə dəstək məqsədilə Rusiya Baş nazirinin müavini Viktor Zubkov Yerevana gəldi. Bunlar Yerevanda işlərini görər-görməz Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev də Ermənistana səfər etdi", - Əhmədoğlu deyib.
Politoloq hesab edir ki, Ermənistan-ABŞ hərbi əlaqələrinin yüksək səviyyədə olduğu, ABŞ-ın Ermənistandakı səfirliyində "dəniz pişiklərinin" yerləşməsi ehtimalının olduğu bir vaxtda Rusiyanın belə nəticəyə nail olması rəsmi Moskva üçün ikiqat uğur hesab olunmalıdır. Yaxınlarda Ermənistanın Rusiyanı qıcıqlandıra biləcək Qərbə doğru hansısa bir irimiqyaslı addımı baş tutacaq.
Əhmədoğlunun fikrincə, Ermənistan Rusiyanı atom elektrik stansiyası tikintisindən, "Ermənistan Elektrik Şəbəkəsi" idarəçiliyindən də yaxınlarda uzaqlaşdırmağa hazırlaşır.
"Ermənistanın Avroasiya Birliyinə münasibəti də Rusiyaya qarşı siyasi oyunbazlıqdan başqa bir şey deyil", - o deyib. Politoloq Ermənistanın son məqsədinin Rusiya ilə əlaqələri simvolik səviyyədə saxlamaq olduğunu bildirib.
"Ermənistanın Rusiya ilə əlaqələrdə səmimi olmasını və ya Ermənistanın Rusiyaya strateji müttəfiq iddialarının əsaslı olmasının indiki şəraitdə yalnız bir nümunəsi ola bilər: Ermənistan Sovet dövründə fəaliyyət göstərmiş dəmiryolunun bərpası xahişi ilə Rusiyaya müraciət edir. Bu yolun bərpası üçün özündən asılı olan hər şeyi həll edir; İran-Ermənistan dəmiryolu üçün axtardığı həmin ehtirasla da Yerevan-Bakı-Moskva dəmiryolunun bərpası üçün pul axtarır", - Əhmədoğlu deyib.