Azərbaycan, Bakı, 22 fevral / Trend müxbir M.Əliyev/
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə çərşənbə günü Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş "dəyirmi masa" keçirilib.
Trend-in məlumatına görə, "dəyirmi masa"da YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib ki, Xocalıda törədilən qanlı hərbi cinayət erməni vəhşiliyinin növbəti ifşasına çevrildi. Onun sözlərinə görə, Xocalı sakinlərinə qarşı törədilmiş bu cinayət 20-ci yüzilliyin sonlarının ən dəhşətli soyqırım aktı oldu.
"Biz yalnız ah-vay etməli deyilik, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində hansı işləri görə biləcəyimizi düşünməliyik, bu hadisənin dünya ictimaiyyətinə çatdırılması yollarını axtarmalıyıq", - Əhmədov deyib.
YAP sədrinin müavini Pakistan və Meksika parlamentlərinin Xocalı faciəsini soyqırım aktı kimi tanıdığını vurğulayaraq bildirib ki, 26 fevralda Türkiyədə faciənin 20-ci il dönümünə həsr olunmuş yürüşün keçirilməsi Xocalı faciəsinin dünyaya tanıdılması istiqamətində əhəmiyyətli addım olacaq.
"Biz hər zaman bir sıra ölkələrin Aszərbaycana qarşı tətbiq etdiyi ikili standartlarla üzləşirik. Lakin Xocalı soyqırımına bəzi ölkələrdə biganəlik bizi ruhdan salmamalıdır və daha ciddi, qətiyyətlə qüvvələrimizi səfərbər etməliyik", - Əhmədov vurğulayıb.
Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov tədbirdə bildirib ki, Xocalı faciəsi erməni vəhşiliyinin kuliminasiya nöqtəsi olub. "Xocalı faciəsi erməni xislətinin güzgüsüdür", - Usubov deyib.
Onun sözlərinə görə, Xocalı sakinləri hazırda ölkənin bir çox yerlərində yaşayış yerləri ilə təmin olunub, onlar üçün bütün sosial infrastrukturu olan yaşayış massivləri salınıb.
Milli Məclisin İqtisadi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov deyib ki, Xocalı faciəsini törədənlərin məsuliyyətə cəlb olunması üçün bütün qanunvericilik işləri görülüb.
Səfərov bildirib ki, Qarabağ ərazisində törədilən cinayətlər üzrə beynəlxalq məhkəmə orqanı təsis edilməlidir. "Bunun üçün BMT Təhlükəsizlik Şurasının daimi üzvləri tərəfindən müəyyən qərar verilməlidir", - o deyib.
"Dəyirmi masa"da Türkiyənin Azərbacandakı səfiri Hulusi Kılıç bildirib ki, 1992-ci il 26 fevral tarixi dünya üçün qara bir gündür. Onun sözlərinə görə, dünyanın gözü qarşısında Xocalıda qətliamlar törədilib.
"Xocalı faciəsini unutdurmaq cəhdi edənlər 100 il əvvəlki hadisələr barədə məsələləri qaldırmaq istəyirlər. Lakin bu məsələdə biz Azərbaycanın yanında olacağıq. Necə ki, Azərbaycan Türkiyənin yanındadır. Fransa Senatının qərarı türk birliyini daha da möhkəmləndirdi", - səfir deyib.
Millət vəkili Gövhər Baxşəliyeva tədbirdə qeyd edib ki, dünya ölkələrinə Xocalı faciəsi ilə bağlı bir çox dillərə tərcümə olunmuş materiallar göndərilməlidir. O həmçinin bildirib ki, məlumatlarda yalnız Xocal deyil, ermənilərin Qarabağın digər ərazilərində, həmçinin ötən əsrdə Quba, Şamaxı və digər bölgələrdə törətdiyi soyqırımlar barədə məlumatlar verilməlidir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "dəyirmi masa"da deyib ki, azərbaycanlıların qüruru xalqımızın başına gəlmiş soyqırım barədə danışmağa imkan vermir. O qeyd edib ki, bizim vəzifəmiz bu hadisəyə hüquqi qiymət verməkdən ibarətdir.
Millət vəkili Fəzail Ağamalı tədbirdə deyib ki, Xocalı faciəsinin dünyaya çatdırılmasına xarici ölkələrdəki Azərbaycan və Türk diasporlarının birgə əməyi sayəsində nail olmaq olar. O bildirib ki, bunun üçün xüsusi mərkəz yaradıla bilər.