...

Prezident İlham Əliyev: Azərbaycan-Gürcüstan əməkdaşlığı başqa regionlara da müsbət təsir göstərir (FOTO)

Siyasət Materials 6 Mart 2012 20:14 (UTC +04:00)
Martın 6-da sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixail Saakaşvili mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev: Azərbaycan-Gürcüstan əməkdaşlığı başqa regionlara da müsbət təsir göstərir (FOTO)

Azərbaycan, Bakı, 6 mart /Trend/

Bu gün apardığımız danışıqlar bir daha onu göstərir ki, Gürcüstan-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Sizin səfəriniz bu əlaqələrin inkişafına güclü təkan verəcəkdir. Əlaqələrimizin tarixi də çox zəngindir. Trend-in məlumatına görə, bunu martın 6-da sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə birgə mətbuata bəyanatla çıxışında deyib.

"Əsrlər boyu gürcü və Azərbaycan xalqları mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar və biz bu gözəl ənənələri bu gün də davan etdiririk. Çox şadam ki, iki müstəqil dövlət kimi Gürcüstan və Azərbaycan uğurla əməkdaşlıq edir.

Bizim tariximizdə çox oxşar məqamlar vardır. Müstəqilliyimizin tarixi də eynidir. İyirmi ildir ki, biz müstəqil dövlətlər kimi yaşayırıq və bu illər ərzində böyük uğurlara nail olmuşuq. Biz çox şadıq və sevinirik ki, Sizin rəhbərliyiniz altında Gürcüstan inamla inkişaf edir" İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Gürcüstanda aparılan islahatlar çox böyük qiymətə malikdir və Sizin rəhbərliyinizlə Gürcüstanın inkişafı artıq reallıqdır.

"Biz bir dost, qardaş kimi buna sevinirik və əminik ki, gələcəkdə də Gürcüstanın inkişafı çox uğurlu olacaq və ölkə qarşısında duran bütün vəzifələr Sizin rəhbərliyiniz altında öz həllini tapacaqdır. O ki qaldı ikitərəfli əlaqələrə, bu əlaqələr çox genişdir. Bu gün biz Sizinlə ikitərəfli məsələlərin demək olar ki, bütün aspektlərini müzakirə etdik. Bir daha gördük ki, aramızda heç bir problem yoxdur. Əksinə birgə təşəbbüslərimiz həm ölkələrimizi zənginləşdirir, həm ölkələrimizin imkanlarını artırır, eyni zamanda, başqa regionlara da öz müsbət təsirini göstərir" Prezident nitqində söyləyib.

İlham Əliyev qeyd edib ki, Gürcüstan-Azərbaycan əlaqələri regional çərçivədən çıxıbdır və bu gün bizim birgə təşəbbüslərimiz artıq beynəlxalq əhəmiyyətə malikdir.

"Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Qarşılıqlı səfərlər mütəmadi qaydada həyata keçirilir. Mən çox şadam ki, Azərbaycan şirkətləri Gürcüstana iqtisadi sahədə böyük həcmdə investisiyalar qoymağa başlamışlar. Bu investisiyaların böyük gələcəyi vardır və keçən ilin göstəriciləri də çox müsbətdir. Aramızda olan mal dövriyyəsi sürətlə artır və əminəm ki, bu il də artacaqdır.

Enerji məsələləri bu gün yenidən müzakirə edildi. Bu məsələlər artıq yoluna qoyulubdur. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Supsa neft-qaz kəmərləri bölgənin geosiyasi vəziyyətini köklü şəkildə dəyişmişdir. Bu gün bu layihələr həm ölkələrimizin inkişafına xidmət göstərir, eyni zamanda, enerji təhlükəsizliyi məsələlərinə də öz töhfəsini verir.

Enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, biz birgə səylərlə Avropanın enerji təhlükəsizliyini daha da böyük həcmdə təmin edəcəyik - istər neft, istərsə də qaz sahəsində. Mən çox şadam ki, Azərbaycan Gürcüstanın enerji təhlükəsizliyinə də öz töhfəsini vermişdir.
Bu gün müzakirə etdiyimiz məsələlər arasında nəqliyyat məsələləri də böyük yer tutdu. Bu gün bizim müvafiq qurumların rəhbərləri məruzə etmişlər. Tranzit məsələləri müzakirə edildi" dövlət başçısı bəyanatında söyləyib.

Prezidentin sözlərinə görə, humanitar sahədə əməkdaşlıq çox yaxşı səviyyədədir.

"Bu əməkdaşlığın çox böyük tarixi vardır. Bu gün Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər humanitar sahədə və bütövlükdə bütün başqa sahələrdə gedən proseslərə müsbət təsir göstərirlər. Onların ölkələrimizdə rahat yaşaması əlbəttə ki, bizim vəzifəmizdir. Mən çox şadam ki, soydaşlarımızın istər Gürcüstanda, istərsə də Azərbaycanda problemləri uğurla həll edilir. Bu amil də, əlbəttə ki, daim ikitərəfli gündəliyin içindədir.

Bir sözlə, bizim aramızda dostluq, qardaşlıq münasibətləri reallıqdır. Bu, sadəcə olaraq sözlər deyil, bu, reallıqdır, bu, bugünkü günün tələbidir. Mən heç şübhə etmirəm ki, bundan sonra da uzun illər ərzində Gürcüstan və Azərbaycan iki dost və qardaş ölkələr kimi birlikdə olacaqlar. Bizim gələcəyimiz birlikdədir. Biz yalnız birlikdə istədiyimizə nail ola bilərik və ölkələr qarşısında duran vəzifələri yalnız birlikdə icra edə bilərik.

Eyni zamanda, mən beynəlxalq arenadakı fəaliyyətimiz haqqında bir-iki kəlmə söz demək istəyirəm. Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Bu dəstək səmimidir, çox əhəmiyyətlidir. Bütün beynəlxalq təşkilatlarda bir-birimizin lehinə səslərimizin verilməsi Gürcüstan-Azərbaycan əlaqələrinin strateji əhəmiyyətini bir daha vurğulayır. Mən deyə bilərəm ki, bundan sonra da Azərbaycan bütün beynəlxalq təşkilatlarda Gürcüstanı dəstəkləyəcəkdir. Əminəm ki, eyni dəstəyi biz bundan sonra sizdən də görəcəyik" İlham Əliyev deyib.

Xəbər lenti

Xəbər lenti