Azərbaycan, Naxçıvan, 7 mart /Trend, müxbir E.Hüseynov/
Azərbaycan, Türkiyə və İranın birgə işi regionda ümumi bazarın yaradılmasına gətirib çıxara bilər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Naxçıvanda mətbuat konfransında İranın xarici işlər naziri Əli Əkbər Salehi deyib.
"Əsas bənd ondan ibarətdir ki, 170 milyondan çox insanın yaşadığı üç ölkə liderlərinin siyasi iradəsi var", - Salehi bildirib.
Onun sözlərinə görə, tərəflər mövqelərin yaxınlaşması üçün danışıqları və məsləhətləşmələri davam etdirirlər.
"Biz bir ağacın budaqları, üç bədəndə bir ürəyik. Bu ruh imzalanan Naxçıvan bəyannaməsində öz əksini tapır, lakin bu, aramızda heç bir fikir ayrılığının olmadığından xəbər vermir", - o qeyd edib.
Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin Naxçıvandakı üçtərəfli görüşü yekun bəyannamənin qəbulu ilə başa çatıb.
Çərşənbə günü üç ölkənin XİN rəhbərləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Əli Əkbər Salehinin görüşündə hər üç dövlət üçün qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən regiondakı cari münaqişələrin dinc yolla nizamlanması, bu məqsədlərə çatmaq üçün əlverişli şəraitin yaradılması zəruriliyi müzakirə olunub.
Nazirlər habelə regionda sülhün və çiçəklənmənin bərqərar olması ilə bağlı birgə layihələrin reallaşdırılması məqsədilə də danışıqlar aparıblar.