Martın 13-də Azərbaycan Prezidenti İlham Əliyev cənub bölgəsinə səfəri çərçivəsində Salyan rayonunda olub.
Dövlətimizin başçısı əvvəlcə Salyan şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında ümummilli liderin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri ilə tanış oldu. Dövlətimizin başçısı son bir ildə rayonda həyata keçirilən abadlıq-quruculuq işlərini əks etdirən stendlərə baxdı.
Prezident İlham Əliyevə il ərzində görülmüş işlər barədə məlumat verilərək bildirildi ki, dövlətimizin başçısının 2011-ci il 19 aprel tarixli Sərəncamı ilə ayrılan 2 milyon manat vəsait hesabına çoxmərtəbəli kommunal evlərin fasadları müasir memarlıq üslubunda təmir edilmiş, milli ornamentlərlə bəzədilmiş, küçələrdə 630 işıqlandırma dirəyi quraşdırılmışdır. Daxili imkanlar hesabına Ələt-Astara magistral avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən hissəsində 5 min metrdən çox istinad divarı tikilmiş və "Gülbax" daşla üzlənmişdir. Küçələr abadlaşdırılmış, geniş ərazidə yaşıllaşdırma işləri görülmüşdür.
Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Salyan Rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzi bina kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub.
Kompleksin texniki göstəricilərini əks etdirən stendlərə və eskiz layihələrinə baxan Prezident İlham Əliyevə məlumat verildi ki, Salyan Rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzi müasir memarlıq üslubunda, orijinal layihə əsasında inşa olunur. Kompleksin tikintisinə ötən ilin dekabrında başlanılmışdır. Üçmərtəbəli binanın qarşısında ulu öndərin əzəmətli abidəsi ucaldılacaqdır. Abidənin ətrafında fəvvarə kompleksləri tikiləcəkdir.
Diqqətə çatdırıldı ki, Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətinə həsr olunan stendlərdə ulu öndərin Salyana səfərlərini əks etdirən fotolar, dahi şəxsiyyətə məxsus sənəd və materiallar, imzaladığı məktub, qərar və sərəncamlar toplanacaqdır. Mərkəzin kitabxanasında ümummilli lider haqqında yazılmış kitablar və digər mətbu nəşrlər saxlanılacaqdır.
Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında 78 xidməti otaq olacaqdır. Burada əməkdaşların səmərəli fəaliyyəti üçün lazımı şərait yaradılacaqdır.
Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
Martın 13-də Prezident İlham Əliyev Salyan rayonuna səfəri çərçivəsində həmçinin "Kür" otelinin əsaslı yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, oteldə əsaslı yenidənqurma işlərinə 2009-cu ildə başlanmışdır. Dördmərtəbəli oteldə 57 nömrə vardır. Nömrələr yüksək xidmət standartlarına cavab verir.
Diqqətə çatdırıldı ki, otelin nəzdində şadlıq sarayı, restoran, bar-kafe və mağaza tikilmişdir.
Qeyd edildi ki, oteldə quraşdırılmış liftlər "Gilan" MMC-nin Qəbələ lift zavodunda istehsal olunmuşdur. Burada mərkəzləşdirilmiş havalandırma sistemi, transformator quraşdırılmış, su hovuzu tikilmişdir. Otelin ətrafı abadlaşdırılmışdır.
Prezident İlham Əliyev Salyanda bir sıra obyektlərin tikintisi üzrə işlərin gedişi ilə tanış olub (FOTO)
Prezident İlham Əliyev Salyan Rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzi bina kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub
