...

Heydər Əliyev Fondu və YUNİSEF-in növbəti layihəsi həyata keçirildi (FOTO)

Siyasət Materials 3 Aprel 2012 10:54 (UTC +04:00)
Heydər Əliyev Fondunun və YUNISEF-in dəstəyi ilə Bakı aprelin 2-də Dunya Autizm Günündə beynəlxalq miqyasda qeyd olunan "Mavi işıqla işıqlandır" aksiyasını həyata keçirmək üçün dünyanın digər şəhərlərinə qoşulub.
Heydər Əliyev Fondu və YUNİSEF-in növbəti layihəsi həyata keçirildi (FOTO)

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir S.Ağayeva/

Heydər Əliyev Fondunun və YUNISEF-in dəstəyi ilə Bakı aprelin 2-də Dunya Autizm Günündə beynəlxalq miqyasda qeyd olunan "Mavi işıqla işıqlandır" aksiyasını həyata keçirmək üçün dünyanın digər şəhərlərinə qoşulub. Bu barədə Trend-ə Heydər Əliyev Fondundan məlumat verilib.

Həmin gün Milli Parkdakı binalardan biri - Bakı Biznes Mərkəzi mavi işıqla işıqlandırılıb.

Artıq üçüncü ildir ki, həyata keçirilən "Mavi işıqla işıqlandır" aksiyası getdikcə yayılmaqda olan autizm xəstəliyi haqqında insanların məlumatını artırmağa yönəldilmiş unikal qlobal təşəbbüsdür. Həmin gün Yer kürəsinin müxtəlif ölkələri öz dəstəklərini göstərmək üçün şəhərlərin ən nəzərəçarpan binalarından birini mavi işıqla işıqlandırırlar.

Autizm uşaqlarda irsi və ətraf mühit amillərinin təsirindən beyində yaranıb inkişaf edən çatışmazlıqları ifadə edən ümumi termindir. Autizm üç yaşından əvvəl başlayan və məhdud davranışlara gətirib çıxaran, beyinin inkişafına maneə törədən bir xəstəlikdir. Bu baxımdan ilkin diaqnoz çox önəmlidir. Valideynlərin uşağın davranışlarını müşahidə etməsi, müqayisəsi bəzi problemləri erkən fərq edə bilmələri baxımından çox əhəmiyyətli olduğundan, keçirilən aksiya diqqəti məhz bu məsələyə yönəldir.

Aparılmış tədqiqatlara görə, dünya əhalisinin 1 faizi - 70 milyon nəfər autizmin qurbanıdır. Narahatlıq doğuran digər məsələ onun artım sürətidir. Hesablamalara görə, bu il uşaqlarda aşkar olunacaq autizm xəstəliyi QİCS, diabet və xərçəng xəstəliklərinin ümumi cəmindən artıq olacaq. Autizmin sağalması üçün hələlik heç bir tibbi vasitə yoxdur, lakin erkən diaqnozlaşdırma xəstəliyin fəsadlarını müəyyən dərəcədə azaltmağa imkanı yaratdığından, gənc valideynlərin daha diqqətli və xəstəlik barədə daha geniş məlumatlı olması zəruridir.

Xəbər lenti

Xəbər lenti