Azərbaycan, Bakı, 4 aprel /Trend/
Astana İrana qarşı hərbi əməliyyatlar keçiriləcəyi təqdirdə xarici hərbi obyektlərin Qazaxıstan ərazisində yerləşdirilməsinə razılıq verməyib. Trend-in "Novosti-Kazaxstan" informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü jurnalistlərə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Altay Həbibullayev bildirib.
"İrana qarşı hərbi əməliyyatlar keçiriləcəyi təqdirdə Qazaxıstanın öz ərazisində xarici hərbi obyektlərin yerləşdirilməsinə razılıq verməsi haqqında istənilən məlumat həqiqətəuyğun deyil", - Həbibullayev deyib.
Diplomat qeyd edib ki, informasiya meydançasında Qazaxıstan ərazisinin və hava məkanının xarici dövlətlər tərəfindən üçüncü ölkələrə qarşı hərbi məqsədlərlə istifadə edilməsi imkanları haqqında məsuliyyətsiz bəyanatlar və böhtanların heç bir əsası yoxdur.
"Beynəlxalq münasibətlərin məsuliyyətli subyekti və nüvəsizləşdirmə sahəsində lider qismində Qazaxıstan İranın nüvə proqramı ətrafında vəziyyətin ancaq sülh və diplomatik yolla nizamlanmasının tərəfdarı kimi davamlı çıxış edir və edəcək", - o, əmin edib.