...

"Kürdüstanın müstəqillik qiyməti" - 50 illik neft anlaşması

Siyasət Materials 21 Aprel 2012 12:52 (UTC +04:00)
İraqın şimalındakı kürd administrasiyasının rəhbəri Məsud Bərzaninin Türkiyəyə səfəri zamanı bir çox məsələlər, o cümlədən hər iki tərəf üçün başağrısına çevrilən PKK terror təşkilatının fəaliyyəti müzakirə edildi.
"Kürdüstanın müstəqillik qiyməti" - 50 illik neft anlaşması

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

İraqın şimalındakı kürd administrasiyasının rəhbəri Məsud Bərzaninin Türkiyəyə səfəri zamanı bir çox məsələlər, o cümlədən hər iki tərəf üçün başağrısına çevrilən PKK terror təşkilatının fəaliyyəti müzakirə edildi.

Kürd liderinin Türkiyə rəsmiləri ilə keçirdiyi görüşlərin, demək olar ki, bir çoxu və İraqın sabiq vitse-prezidenti Tariq əl-Haşimi ilə görüşü bağlı qapılar arxasında keçdi.

Ankara səfərinin ikinci günü isə, Bərzani Türkiyə Prezidenti Abdullah Gül ilə görüşündən sonra yeni olmayan, lakin bu dəfə daha ciddi mahiyyət kəsb edən açıqlamalar verdi.

Bərzani PKK terror təşkilatının İraqın şimalındakı kürd administrasiyasında hökm etməyə imkan verməyəcəyini bildirdi. Bütün bunlarla yanaşı, Bərzani onu da qeyd etdi ki, PKK probleminin həlli silahla mümkün deyil, daha səmərəli variantlardan istifadə olunmalıdır və bundan sonra o, terror təşkilatına hər cür təzyiq göstərəcək.

Təbii ki, Bərzaninin PKK əleyhinə bəyanatları özünü kürdlərin müdafiəçisi kimi göstərməyə çalışan terror təşkilatının tez bir zamanda silahlı mübarizədən əl çəkəcəyi anlamına gəlmir. Lakin regionda, xüsusən də son illərdə baş verən siyasi dəyişiklikləri izlədikdə görmək olar ki, artıq PKK-nın silahlı mübarizəsi İraqın şimalındakı kürd administrasiyasının maraqları daxilində deyil. Çünki PKK terror təşkilatının bundan sonrakı silahlı müqaviməti Bərzani hökumətinin sayəsində İraqın şimalında əldə edilmiş stabilliyin pozulması ilə nəticələnə bilər. Bu isə İraqda qismən də olsa müstəqil olan administrasiyanın gələcəyini ciddi təhlükə altına ata bilər.

Bərzani ilə Türkiyə rəsmiləri arasında keçirilən görüşlər zamanı İraqın şimalında Kürdüstan dövlətinin qurulması məsələsinin müzakirə olunduğu istisna edilmir.

Bundan əvvəl Bərzani regionda tez bir zamanda müstəqil Kürdüstan dövlətinin qurulacağını da bəyan etmişdi.

Hətta bir çox siyasi analitiklər Kürdüstan dövlətinin yaradılmasının Ankaranın da maraqlarına zidd olmadığını bildirirlər. Lakin şübhəsiz ki, bunun müqabilində Ankaranın da kürd administrasiyasından müəyyən tələbləri var.

Bu tələblərdən biri PKK-nın məhvi üçün birgə fəaliyyətdir. Əslində, Ankara rəsmiləri də bu tələbin bir o qədər effektiv olmayacağını bilir və bu səbəbdən Kürdüstana "yaşıl işıq" müqabilində daha ciddi tələb irəli sürürlər.

Ehtimallar isə bu tələbin kürd administrasiyasının nefti ilə bağlı olduğunu və Bərzani ilə Türkiyə rəsmiləri arasındakı görüş zamanı bu məsələnin müzakirə edildiyini söyləməyə əsas verir.

Hətta bəzi Türkiyə KİV-ləri diplomatik mənbələrə istinadən Ankaranın Kürdüstanın "müstəqilliyi"ni tanımağı müqabilində administrasiya ərazisində çıxan neftin 50 faizini 50 il müddətində tələb etdiyini bildiriblər. Bərzaninin isə Ankaranın bu təklifini qəbul etmədiyi bildirilir.

Əslində, kürd rəsmisinin bu təklifi qəbul etməməsində təəccüblü bir şey yoxdur. Çünki yeni elan ediləcək bir dövlətin iqtisadi gücə sahib olması vacibdir və regionda Suriya kimi daha əlverişli alternativ (dünya bazarlarına çıxış) olduğu halda, administrasiyanın öz sərvətini Türkiyə ilə paylaşması inandırıcı deyil.

Ehtimallar isə onu söyləməyə əsas verir ki, İraqın şimalındakı kürd administrasiyası gələcək təhlükəsizliyi üçün Ankara ilə əməkdaşlıq etsə də, neft məsələsində Ankaraya belə ciddi güzəştə getməyəcək.

Əslində, kürd administrasiyasının öz müstəqilliyini bu vaxta qədər elan etməməsi nə Ankara, nə də Bağdaddan ehtiyatlandığı ilə izah olunmamalıdır.

Kürd administrasiyasının gözlədiyi Suriya böhranının bitməsidir. Suriyada hakimiyyətin dəyişməsi isə Fars körfəzinin ərəb dövlətlərinin maraqlarına uyğun olmaqla yanaşı, kürd administrasiyasının da maraqlarına xidmət edir.

Böyük ehtimal ki, Suriyada hakimiyyətin dəyişməsi ilə ölkənin şimalında kompakt yaşayan kürdlər Suriya daxilində muxtariyyət ya da müstəqillik almaq üçün səy göstərəcəklər.

Hətta Türkiyə müxalifətinin lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu da son açıqlamasında bildirib ki, Birləşmiş Ştatların istədiyi kimi Suriyaya hərbi müdaxilə olacağı təqdirdə, ölkədəki kürd bölgəsi suverenlik əldə edəcək.

Təbii ki, bu fakt nə Ankaranın, nə də İraqın kürd administrasiyasının diqqətindən qaça bilməz.

Məhz bu səbəbdən də İraqdakı kürd administrasiyası hələ ki gözləmə mövqeyini seçəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti