...

Gənclərin iştirakı ilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası müzakirə edilib (FOTO)

Siyasət Materials 25 Aprel 2012 13:21 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi çərşənbə günü "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı gənclərin iştirakı ilə "dəyirmi masa" təşkil edib.
Gənclərin iştirakı ilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası müzakirə edilib (FOTO)

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir M.Əliyev/

Hakim Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi çərşənbə günü "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı gənclərin iştirakı ilə "dəyirmi masa" təşkil edib.

Trend-in məlumatına görə, YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan gənclərinin İnkişaf Konsepsiya ilə bağlı fikirlərini, təkliflərini səsləndirməsi üçün şərait yaratmaqdır. O qeyd edib ki, gənclərin informasiya-kommunikasiya, sosial sahə ilə bağlı təklifləri müzakirə edilib layihə şəklinə salınacaq.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirdə bildirib ki, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri gənclərin müxtəlif dövlət proqramlarının hazırlanmasında iştiraka cəlb etməkdir.

Nazir müavini Azərbaycan gənclərinin potensialının üzə çıxarılmasının, onlara ölkə daxilində və beynəlxalq səviyyədə geniş yer verilməsinin vacibliyini vurğulayıb. Babayev deyib ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında gənclərlə bağlı konkret məsələlər öz yerini tapacaq.

TÜRKPA-nın baş katibi Ramil Həsənov müzakirələr zamanı deyib ki, Azərbaycanın gələcəyinə gənclərin gözü ilə baxmaq, iqtisadi, siyasi sahədə gənclərin düşüncələrini öyrənmək önəmlidir.

Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sektor müdiri Fərhad Məmmədov çıxışı zamanı bildirib ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ölkənin gələcək inkişafına yönəlib.

Məmmədov Azərbaycanın gələcək inkişafı üçün kadrların hazırlanmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, siyasi partiyaların əsas vəzifəsi cəmiyyətlə dövlət arasında körpü rolunu oynamaqdır, YAP Gənclər Birliyi isə bu işin öhdəsindən uğurla gəlir. O, dövlətin gənclər siyasəti ilə bağlı konkret proqramlar qəbul etdiyini də vurğulayıb.

Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev rəhbərlik etdiyi qurumun Azərbaycan gənclərinin təşəbbüslərinin dəstəklənməsi üçün yaradıldığını deyib. Hacıyev qeyd edib ki, 2020-ci illə bağlı Azərbaycanın böyük planları var. O, gəncləri öz təkliflərini Gənclər və İdman Nazirliyinə təqdim etməyə çağırıb.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı tədbirdə bildirib ki, Azərbaycanda gənclərlə bağlı çox təkmil sənədlər qəbul olunub. Onun sözlərinə görə, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı biri-birini tamamlayır. İbrahimqızı, həmçinin deyib ki, tədbiri təşkil edən YAP Gənclər Birliyi dövlətin həyata keçirdiyi genişmiqyaslı layihələrin hazırlanmasında iştirak edir.

Xəbər lenti

Xəbər lenti