...

Ədalət Partiyasının müxalifət "üçlüyü"nə daxil olması təklifi birmənalı qarşılanmadı

Siyasət Materials 26 Aprel 2012 16:44 (UTC +04:00)
Ədalət Partiyası müxalifət "üçlüyü"nə daxil olmaq təklifi irəli sürüb. Bu barədə Trend-ə "üçlüyə" daxil olan Azərbaycan Yaşıllar Partiyasının sədri Mayis Güləliyev deyib.
Ədalət Partiyasının müxalifət "üçlüyü"nə daxil olması təklifi birmənalı qarşılanmadı

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir E.Mehdiyev/

Ədalət Partiyası müxalifət "üçlüyü"nə daxil olmaq təklifi irəli sürüb. Bu barədə Trend-ə "üçlüyə" daxil olan Azərbaycan Yaşıllar Partiyasının sədri Mayis Güləliyev deyib.

O qeyd edib ki, bəzi səbəblərə görə danışıqlar gedir, hələ tam razılıq əldə olunmayıb.

Güləliyevin sözlərinə görə, Ədalət Partiyasının Yaşıllar, Vətəndaş və İnkişaf və Liberal partiyalarının "üçlüyü"nə daxil olması o qədər də gözlənilimir.

"Yəni Ədalət Partiyası ilə "üçlüyə" daxil olan partiyaların movqelərdəki müəyyən fərqlər buna imkan vermir. Yaşıllar Partiyası ilə Ədalət Partiyasının mövqeyi arasında elə bir fərq yoxdur, əksinə, biz böyük məmnuniyyətlə istərdik ki, bir yerdə olaq. Lakin bunun üçün hər üç partiyanın mövqeyi üst-üstə düşməlidir", - Güləliyev deyib.

Vətəndaş və İnkişaf Partiyası da bu təklifi dəyərləndirir. Partiya sədri Əli Əliyev Trend-ə açıqlamasında deyib ki, hazırda partiyaların daxilində bu məsələ müzakirə edilir.

"Hələlik bütün partiyaların bu məsələ ətrafında, bu təklif ətrafında uzlaşması bir qədər çətin görünür. Biz 3 partiyanın sədrləri belə qərar gəlmişik ki, Ədalət Partiyası ilə fərdi qaydada əməkdaşlıq etmək üçün daxili qərarı olan partiya münasibətlərini davam etdirsin və paralel olaraq bizim üç partiyanın müttəfiqlik münasibətləri davam etdirilsin", - Əliyev deyib.

Onun sözlərinə görə, siyasi proseslərin gedişində elə bir şərait yarana bilər ki, bu dörd partiyanın bir qurumda birləşməsi mümkün olsun.

"Bu, bir qədər zamana ehtiyacı olan bir məsələdir. Əgər bu dörd partiyanın bir təşkilatda birləşməsi mümkün olmasa, biz çalışacağıq ki, Ədalət Partiyası ilə mümkün olan qədər əməkdaşlıq edək", - partiya sədri deyib.

Ədalət Partiyasının sədr müavini Etimad İsmayılov isə təkliflərinə cavab gözlədiyini deyib.

"Biz öz təklifimizi etmişik və onlardan da nəticəsini gözləyirik. Üç partiyanın hər birindən bizim təklifimizə fərqli münasibətlər oldu. Üç partiyadan ikisi bizim təklifimizi səmimi qarşılasa da, bir partiya bunu səmimi qarşılamadı və buna görə də biz həmin iki partiyaya təklifimiz üzərində dayandıq", - İsmayılov bildirib.

Onun sözlərinə görə, Ədalət Partiyasının həm strateji, həm də taktiki baxımdan Liberal Partiyasından fərqli yanaşmaları var.

"Eyni zamanda, Liberal Partiyası özünə xüsusi münasibət gözləyir, biz isə bu münasibəti sərgiləmirik. Bizim təklifimiz də uzunmüddətli deyil, müəyyən bir müddətdən sonra təklifi geri götürəcəyik", - İsmayılov qeyd edib.

Xəbər lenti

Xəbər lenti