...

Ramil Usubov: Son 18 ildə Azərbaycanda 80 mindən artıq təqsirləndirilən şəxs tutulub

Siyasət Materials 2 İyul 2012 13:52 (UTC +04:00)
Son 18 ildə Azərbaycanda axtarışda olan 80 mindən artıq təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 6 tondan çox narkotik vasitə çıxarılıb.
Ramil Usubov: Son 18 ildə Azərbaycanda 80 mindən artıq təqsirləndirilən şəxs tutulub

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir E.Mehdiyev/

Son 18 ildə Azərbaycanda axtarışda olan 80 mindən artıq təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 6 tondan çox narkotik vasitə çıxarılıb. Trend-in məlumatına görə, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyulun 2-də Polis Günü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

"Ölkədə cinayətkarlığa qarşı barışmaz mübarizənin başlanğıcını qoyan 1994-cü il 9 avqust tarixli Fərmandan sonrakı dövrdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 24 mindən artıq cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Əllərdə qanunsuz saxlanılan 40 mindən çox odlu silah yığılıb və onun tətbiqi ilə törədilən cinayətlərin sayı 11 dəfə azalıb", - Usubov qeyd edib. Məlumatı DİN-in mətbuat xidməti yayıb.

Nazirin sözlərinə görə, hər il qeydə alınan hüquqazidd əməllərin 90 faizə qədərini məhz böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər təşkil edir.

"Əhalinin 100 min nəfərinə nisbətdə Azərbaycanda ağır və xüsusilə ağır cinayətlər, o cümlədən qəsdən adam öldürmə və ona cəhdlər, quldurluqlar, soyğunçuluqlar, oğurluqlar və s. əksər Avropa, Amerika və Asiya dövlətləri ilə müqayisədə 2-10 dəfə azdır", - Usubov qeyd edib.

Xəbər lenti

Xəbər lenti