...

İlham Əliyev Ümum Həmkarlar İttifaqları Konfederasiyasının prezidentini və baş katibini qəbul edib

Siyasət Materials 3 İyul 2012 19:18 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 3-də Ümum Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Mixail Şmakovu və konfederasiyanın baş katibi Vladimir Şerbakovu qəbul edib.
İlham Əliyev Ümum Həmkarlar İttifaqları Konfederasiyasının prezidentini və baş katibini qəbul edib

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 3-də Ümum Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Mixail Şmakovu və konfederasiyanın baş katibi Vladimir Şerbakovu qəbul edib.

Ümum Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Mixail Şmakov Azərbaycanda ölkə rəhbərliyi ilə həmkarlar qurumları arasında sıx əlaqələrin və fəal əməkdaşlığın mövcudluğunu məmnunluqla qeyd etdi. Təşkilatın baş katibi Vladimir Şerbakov bu il Ümum Həmkarlar İttifaqları Konfederasiyasının növbəti qurultayının olacağı və qurultaya hazırlıq işləri barədə dövlətimizin başçısına məlumat verdi. O, Rusiyada və Azərbaycanda hökumət qurumları ilə həmkarlar ittifaqları arasında münasibətləri yüksək dəyərləndirdi.

Ölkəmizə hər dəfə səfər etdikləri zaman Azərbaycanda böyük inkişaf proseslərinin və müsbət dəyişikliklərin şahidi olduqlarını vurğulayan Ümum Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Mixail Şmakov bu istiqamətdə Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın təcrübəsinin və əldə etdiyi nailiyyətlərin yaxşı nümunə kimi rəhbərlik etdiyi təşkilatın iclaslarında müzakirə etdiklərini söylədi. Mixail Şmakov həmkarlar hərəkatındakı yüksək xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ümum Həmkarlar İttifaqları Konfederasiyasının ali mükafatına - Qızıl döş nişanına layiq görülməsi ilə bağlı təşkilatın yekdilliklə qərar qəbul etdiyini dedi və mükafatı dövlətimizin başçısına təqdim etdi.

Dövlətimizin başçısı Ümum Həmkarlar İttifaqları Konfederasiyasının yüksək mükafatına layiq görülməsindən məmnunluğunu ifadə etdi və bunu ölkəmizdə hökumət orqanları ilə həmkarlar ittifaqları arasında əməkdaşlığa verilən yüksək qiymət kimi dəyərləndirdi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan dövlətinin əsas məqsədi insanların sosial həyat şəraitini yaxşılaşdırmaqdan, ölkə iqtisadiyyatını daha da gücləndirməkdən ibarətdir.

Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və mədəni sahələrdə uğurla inkişaf etdiyini vurğuladı, münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını dedi. İkitərəfli münasibətlərimizin güclü tarixi bazaya və humanitar əməkdaşlığa əsaslandığını deyən Prezident İlham Əliyev Azərbaycanda Slavyan Universitetinin, rusdilli məktəblərin, Rusiya Mədəniyyət Mərkəzinin, Moskva Dövlət Universitetinin Bakı filialının fəaliyyətini, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının inzibati binasının tikintisini bu sahədə əməkdaşlığın nümunəsi kimi qiymətləndirdi. Dövlətimizin başçısı əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etdi.

Xəbər lenti

Xəbər lenti