...

Azərbaycan və Tacikistan prezidentlərinin ali ordenlərlə təltif olunma mərasimi keçirilib (FOTO)

Siyasət Materials 12 İyul 2012 14:30 (UTC +04:00)
İyulun 12-də Azərbaycan-Tacikistan sənədlərinin imzalanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun ali ordenlərlə təltif olunma mərasimi keçirilib.
Azərbaycan və Tacikistan prezidentlərinin ali ordenlərlə təltif olunma mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 12 iyul /Trend/

İyulun 12-də Azərbaycan-Tacikistan sənədlərinin imzalanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun ali ordenlərlə təltif olunma mərasimi keçirilib.

Prezident İlham Əliyev Tacikistan dövlətinin başçısına Azərbaycanın ali mükafatı - "Heydər Əliyev" ordenini, Prezident Emoməli Rəhmon isə Azərbaycan dövlətinin başçısına Tacikistanın ali mükafatı - "İsmoili Somoni" ordenini təqdim edib.

"Hörmətli Emoməli Şərifoviç! Hörmətli dostlar! Bu gün biz dövlətlərarası münasibətlərimizin inkişafının bir çox sahələrini müəyyənləşdirəcək mühüm sənədlər imzaladıq. Bu gün biz əziz dostumuz Emoməli Şərifoviçi ölkəmizdə qəbul edirik. İndi Emoməli Şərifoviçə Azərbaycan dövlətinin ali mükafatı, müstəqil Azərbaycanın ən yüksək mükafatı olan "Heydər Əliyev" ordenini təqdim etmək istərdim. Biz Emoməli Şərifoviçi görkəmli dövlət xadimi, bu gün dünyada böyük nüfuza malik olan, Tacikistan və tacik xalqının ən çətin dövründə bu ölkəyə rəhbərlik edən, ölkəni ağır vəziyyətdən, xaos və vətəndaş müharibəsindən inkişaf və tərəqqi yoluna çıxaran insan kimi tanıyırıq.

Uzun illər ərzində qardaş Tacikistana çox uğurlu rəhbərlik edirsiniz. Sizin rəhbərliyiniz altında respublikanızda böyük dəyişikliklər olmuşdur. Sizin respublika inkişaf edir. Mən rəsmi səfərim zamanı Tacikistanın inkişaf dinamikasını şəxsən görmək imkanı əldə etmişəm. Yaxın vaxtlarda müzakirələrimizi davam etdirmək üçün yenidən Tacikistana səfər etmək niyyətindəyəm.

Biz Sizi, həmçinin ölkəmizin dostu kimi tanıyırıq. Siz Azərbaycanın dahi lideri Heydər Əliyev ilə fəal işləmisiniz. Bir çox hallarda Sizin birgə fəaliyyətiniz sayəsində ikitərəfli əməkdaşlığın bu cür səmərəli formatını yaratmaq mümkün olmuşdur. Sizin mənim atam ilə birgə əsasını qoyduğunuz əməkdaşlıq ənənələri bu gün uğurla davam etdirilir. Biz Sizi dövlətimiz və xalqımızın bütün problemlərinə həssaslıqla yanaşan insan kimi tanıyırıq. Azərbaycanın dostu kimi Azərbaycan dövlətinin yüksək mükafatını təqdim etmək imkanı mənə böyük zövq verir.
Sizə və qardaş tacik xalqına xoş arzularımı çatdırıram, gələcəkdə uğurlar və tərəqqi arzu edirəm", - Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Prezident İlham Əliyev "Heydər Əliyev" ordenini Prezident Emoməli Rəhmona təqdim edib.

Tacikistan Prezidenti Emoməli Rəhmon minnətdarlığını bildirərək dedi:

"Hörmətli həmkarlar! Əziz dostlar! Mən hörmətli İlham Heydər oğlunun söylədiyi fikirlərlə tamamilə razıyam. Biz hələ Heydər Əliyev ilə başladığımız işləri davam etdirmişik və davam etdirəcəyik. Heydər Əliyev çox müdrik siyasəti xadim idi.

Mənə verilən bu mükafatı xalqıma verilən mükafat kimi qiymətləndirirəm. Biz həmişə yaxşı münasibətlər qurmağa çalışmışıq. Mən həmişə xalqım və ölkəm üçün çətin illərdə bir çox məsələlərlə bağlı Heydər Əliyevdən məsləhət almağa çalışmışam. O vaxtdan bəri biz yaxşı münasibətlər qurmuşuq və bu dostluğu davam etdiririk, ikitərəfli münasibətlərimizi inkişaf etdiririk. Xüsusilə, son 10 ildə bizim ikitərəfli əməkdaşlığımız bütün istiqamətlərdə çox dinamik inkişaf edir. Yaxşı nəticələr vardır.

Bugünkü görüşlər və hörmətli İlham Heydər oğlunun dəvəti ilə rəsmi səfərim bizim ikitərəfli münasibətlərin inkişafına yeni impuls verəcəkdir. Biz bu gün ikitərəfli ticari-iqtisadi və humanitar sahələrdə əməkdaşlıqla bağlı, yəni bizim dövlətlər üçün qarşılıqlı faydalı əməkdaşlığın bütün istiqamətlərində yeni perspektivli planlar haqqında razılıq əldə etdik. Biz qərara gəldik ki, hörmətli İlham Heydər oğlunu - mənim dostumu, Tacikistan-Azərbaycan əməkdaşlığının, bizim ikitərəfli əməkdaşlığın inkişafındakı xidmətlərinə, beynəlxalq forum və təşkilatlarda Tacikistanın mövqeyini, təşəbbüslərini dəstəklədiyinə görə Tacikistanın ali mükafatı olan "İsmoili Somoni" ordeni ilə təltif edək. Biz bir-birimizin təşəbbüslərini həmişə dəstəkləyirik və icazə verin, bu mükafatı dostum İlham Heydər oğluna təqdim edim. Təbrik edirəm".

Prezident Emoməli Rəhmon "İsmoili Somoni" ordenini Prezident İlham Əliyevə təqdim etdi.

Azərbaycan Prezidenti İlham Əliyev minnətdarlığını bildirərək dedi:

"Əziz dost! Mənim əməyimi belə yüksək qiymətləndirdiyinizə görə təşəkkür edirəm. Demək istəyirəm ki, bundan sonra da ölkələrimiz və xalqlarımız arasında qardaşlıq və dostluq münasibətlərinin möhkəmlənməsi üçün var qüvvəmlə çalışacağam. Bu münasibətlərin böyük tarixi vardır. Bizim xalqlarımız həmişə qardaşlıq və anlaşma şəraitində yaşamışlar. Bu gün iki müstəqil dövlət kimi əməkdaşlığın möhkəmləndirilməsini və mühüm regional təhlükəsizlik məsələlərini birgə müəyyənləşdirir və həll edirik.

Mən bundan sonra da qardaş Tacikistan ilə Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etməsi üçün əlimdən gələni edəcəyəm. Bir daha bu ali mükafata görə minnətdarlıq edirəm".

Xəbər lenti

Xəbər lenti