Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanda Böyük Vətən müharibəsində iştirak edənlərin pensiyaları artırılıb.
Trend-in məlumatına görə, bu, Milli Məclisin bazar ertəsi keçirilən iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklərdə öz əksini tapıb.
Layihəni təqdim edən Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, əvvəl Böyük Vətən müharibəsinin iştirakçıları və veteranlarının pensiyası fərqli hesablansa da, qanuna dəyişikliklə onlar arasındakı fərq aradan qaldırılacaq.
Beləliklə, hazırda Böyük Vətən müharibəsi iştirakçılarının əmək pensiyasının baza hissəsinə 50% əlavə ödəmə nəzərdə tutulubsa, dəyişikliklə əlavə 90% təşkil edəcək.
Qanuna edilən digər dəyişiklilərə görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının əmək pensiyalarına güzəşt tətbiq ediləcək.
Qanun layihəsini təqdim edən Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, FHN-də 25 il çalışanlar əmək pensiyasına çıxmaq hüququ qazanacaqlar. Bundan əlavə, əməkdaş vəfat edərsə, onun ailə üzvləri ailə başçısını itirdiklərinə görə əmək pensiyası almaq hüququna malik olacaqlar.
Qanunda digər dəyişiklik ondan ibarətdir ki, FHN-də 5 il çalışan şəxs əmək pensiyasına çıxarsa, əmək haqqının 45%-ni, 5-10 il yenə 45%, 10 ildən çox çalışanlara isə 55% pensiya verilməsi nəzərdə tutulur. Bu insanlar dünyalarını dəyişərsə, onların ailə üzvləri ailə başçısını itirdiklərinə görə əmək pensiyası almaq hüququ qazanır.