...

II Bakı Beynəlxalq Humanitar Forumunun hədəfləri açıqlandı

Siyasət Materials 2 Oktyabr 2012 20:11 (UTC +04:00)
Bakıda keçiriləcək II Beynəlxalq Humanitar Forum bir tərəfdən təhsil, mədəniyyət və digər sahələrdə mövcud olan yeniliklərin Azərbaycanda təbliği, yayılması və tətbiqini, digər tərəfdən Azərbaycanın mövcud sahələr üzrə inkişafını stimullaşdırmaq, qazandığımız nailiyyətləri nümayiş etdirmək və bu sahələrin işini bir az da həvəsləndirmək məqsədini daşıyır.
II Bakı Beynəlxalq Humanitar Forumunun hədəfləri açıqlandı

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir M.Əliyev/

Bakıda keçiriləcək II Beynəlxalq Humanitar Forum bir tərəfdən təhsil, mədəniyyət və digər sahələrdə mövcud olan yeniliklərin Azərbaycanda təbliği, yayılması və tətbiqini, digər tərəfdən Azərbaycanın mövcud sahələr üzrə inkişafını stimullaşdırmaq, qazandığımız nailiyyətləri nümayiş etdirmək və bu sahələrin işini bir az da həvəsləndirmək məqsədini daşıyır. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Onun sözlərinə görə, Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forumun bütün təşkilati işləri, o cümlədən forumda müzakirəyə çıxarılacaq mövzular Azərbaycan və Rusiya dövlətlərinin birgə razılığı ilə müəyyən olunub.

O qeyd edib ki, foruma dünyanın 100-ə yaxın ölkəsindən 600-ə qədər nümayəndə qatılacaq - onların sırasında 10-dan artıq Nobel mükafatı laureatı, 15-dən artıq keçmiş prezident, müxtəlif ölkələrin hökumət rəhbərləri, nazirləri, elm-təhsil və mədəniyyət sahəsində çalışan tanınmış dünya xadimləri, o cümlədən digər sahələrin mütxəssisləri var.

Həsənovun sözlərinə görə, forumun birinci və ikinci günü çərçivəsində həm plenar iclaslarda, həm də bölmə iclaslarında müxtəlif sahələr üzrə müzakirələr keçiriləcək, sonda isə Bakı bəyənnaməsi qəbul olunacaq.

PA rəsmisi bildirib ki, forum iştirakçıları iki gün ərzində Azərbaycanın regionlarında mərkəzi icra orqanlarının təşkil etdikləri tədbirlərdə iştirak edəcək, müəssisələrdə Azərbaycanın iqtisadi-sosial inkişafı ilə bağlı təşkil olunmuş toplantılara qatlacaqlar.

Qeyd edək ki, II Bakı Beynəlxalq Humanitar Forumu oktyabrın 4-5-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti