...

Prezident İlham Əliyev: Azərbaycan ECO sədri kimi əlindən gələni edəcək ki, təşkilat daha da inkişaf etsin

Siyasət Materials 16 Oktyabr 2012 13:51 (UTC +04:00)
Azərbaycan ECO sədri kimi əlindən gələni edəcək ki, təşkilat daha da inkişaf etsin, konkret layihələr üzərində işləsin və təşkilata üzv olan ölkələr arasında bu dostluq, qardaşlıq əlaqələri daha da genişlənsin. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT - ECO) çərşənbə axşamı Bakıda öz işinə başlayan sammitindəki çıxışında deyib
Prezident İlham Əliyev: Azərbaycan ECO sədri kimi əlindən gələni edəcək ki, təşkilat daha da inkişaf etsin

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir S.Əliyev/

Azərbaycan ECO sədri kimi əlindən gələni edəcək ki, təşkilat daha da inkişaf etsin, konkret layihələr üzərində işləsin və təşkilata üzv olan ölkələr arasında bu dostluq, qardaşlıq əlaqələri daha da genişlənsin. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT - ECO) çərşənbə axşamı Bakıda öz işinə başlayan sammitindəki çıxışında deyib.

"Fürsətdən istifadə edərək son iki il ərzində təşkilata sədrlik etmiş Türkiyə Respublikasına və onun rəhbərliyinə uğurlu fəaliyyət üçün öz minnətdarlığımı bildirirəm. Bizim Zirvə görüşümüz çox əlamətdar tarix ərəfəsində baş verir. 1993-cü ilin noyabrında ECO-ya 7 yeni üzv daxil olmuşdur. Onlardan biri də Azərbaycan idi. Demək olar ki, o vaxtdan bu günə qədər təşkilatın yeni dövrü başlamışdır", - İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan öz tərəfindən ECO təşkilatının fəaliyyətinə bütün dövrlərdə böyük önəm verib.

"Biz hesab edirik ki, ECO-nun uğurlu fəaliyyəti bütün üzv olan ölkələrin marağındadır. Çünki bizi ortaq tarix, həm iqtisadi, həm siyasi maraqlar birləşdirir. Ortaq tarixə gəldikdə, deyə bilərəm ki, əsrlər boyu bizim xalqlarımız bir yerdə olmuş, yaşamış, yaratmışlar, bir-birinə daima dayaq olmuşlar və bu tarixi irs üzərində bizim təşkilatımızın formalaşması, hesab edirəm ki, çox əlamətdar hadisədir. Bizi ənənələrimiz, dinimiz - müqəddəs İslam dini birləşdirir və biz çalışırıq ki, İslam mədəniyyətinin təbliği üçün öz səylərimizi göstərək. 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan edilmişdi və bu şərəfli missiyanı biz uğurla yerinə yetirdik", - Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı deyib ki, 2018-ci ildə isə Azərbaycanın digər qədim şəhəri - Naxçıvan İslam mədəniyyəti şəhəri olacaqdır.

"Bu, İslam dünyasının bizə olan etimadının və hörmətinin əlamətidir və biz öz növbəmizdə dünyada İslam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərimizi göstəririk. Bəzi ölkələrdə islamofobiya meyillərinin güclənməsi bizi çox narahat edir. İslam müqəddəslərinin təhqir olunması bizi haqlı olaraq hiddətləndirir və biz öz növbəmizdə İslamı sülh, qardaşlıq, mərhəmət dini kimi dünyaya daha da geniş şəkildə təqdim etməliyik. Hesab edirəm ki, bizim təşkilatımızın fəaliyyət istiqamətlərindən biri də bu olmalıdır", - Azərbaycan Prezidenti vurğulayıb.

İlham Əliyev bildirib ki, təşkilata üzv olan ölkələr arasında siyasi əlaqələr də yüksək səviyyədədir.

"Biz bir-birimizi qarşılıqlı surətdə mötəbər təşkilatlarda dəstəkləyirik. Keçən il təşkilata üzv olan ölkələrin fəal iştirakı və dəstəyi ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçildi və bu fürsətdən istifadə edərək bizi dəstəkləyən bütün qardaş ölkələrə öz minnətdarlığımı bildirirəm. Azərbaycan da öz növbəsində ECO üzvü olan ölkələrin milli maraqlarının müdafiə edilməsi üçün bu gün bütün beynəlxalq arenalarda fəal iştirak edir. Qarşılıqlı dəstək və qarşılıqlı anlaşma, əlbəttə ki, təşkilatımızı daha da gücləndirəcək. Eyni zamanda, bizim üçün ən ağrılı və böyük problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ECO-ya üzv olan ölkələrin mövqeyini biz yüksək qiymətləndiririk və bu mövqe bu gün müzakirə ediləcək sənədlərin tərkibinə salınıbdır. Bildiyiniz kimi, uzun illərdir ki, ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü pozulub, Ermənistan Azərbaycana qarşı hərbi təcavüz edib. Bu təcavüz və işğal nəticəsində torpaqlarımızın 20 faizi ermənilərin işğalı altındadır, bir milyondan artıq azərbaycanlı öz doğma vətənində qaçqın və köçkün vəziyyətinə düşüb. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. 1992-ci ildə ermənilər tərəfindən Xocalı soyqırımı törədilmişdir, yüzlərlə günhasız insan, qadınlar, qocalar və uşaqlar qətlə yetirilmişdir", - dövlət başçısı deyib.

Prezident İlham Əliyev qeyd edib ki, dünyada Xocalı faciəsini soyqırım kimi tanıyan artıq 3 ölkə var.

"Onlardan biri bizim qardaş ölkəmiz, ECO-ya üzv olan Pakistandır və bu fürsətdən istifadə edərək Pakistan xalqına və onun rəhbərliyinə ədalətli mövqeyinə görə öz minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycanın ərazi bütovlüyü danışıqlar mövzusu olmayıbdır və ola da bilməz. BMT Təhlükəsizlik Şurası münaqişənin həlli ilə bağlı 4 qətnamə qəbul etmişdir və o qətnamələrdə Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması nəzərdə tutulur. Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir. Ancaq biz əminik ki, Azərbaycan öz ərazi bütovlüyünü, öz suverenliyini bərpa edəcək və işğaldan əziyyət çəkən bütün soydaşlarımız öz doğma dədə-baba yurdlarına, öz əzəli torpaqlarına qayıdacaqlar. Bir daha bu fürsətdən istifadə edərək bizim haqlı mövqeyimizi dəstəkləyən bütün üzv ölkələrə öz minnətdarlığımı bildirmək istəyirəm. Əlbəttə, bu işğal və ədalətsizlik bizim iqtisadiyyatımıza da çox böyük zərbə vurmuşdur. Ancaq buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı son illər ərzində yüksələn xətlə inkişaf edir. Son 8-9 il ərzində ümumi daxili məhsul 3 dəfə artmışdır, sənaye istehsalı da təxminən 3 dəfə, yəni 300 faiz artmışdır. Yoxsulluqla mübarizədə böyük uğurlar qazanılmışdır", - dövlət başçısı bildirib.

İlham Əliyev deyib ki, bu illər ərzində yoxsulluq 49 faizdən 7 faizə düşüb, işsizlik 5,3 faiz, xarici borc ÜDM-in cəmi 7 faizini təşkil edir.

"Avropada maliyyə və iqtisadi böhranın hələ ki davam etməsinə baxmayaraq, beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini artırıblar. Rəqabət qabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında layiqli yerlərdədir və iqtisadi islahatlar bizə imkan verir ki, biz iqtisadiyyatımızı şaxələndirək, iqtisadiyyatın bütün sahələri inkişaf etsin və insanlar daha da yaxşı yaşasınlar. ECO-ya üzv olan ölkələrlə ticarət dövriyyəmiz artır. Bu, çox sevindirici haldır. 2011-ci ildə bu ticarət dövriyyəsi 38 faiz, 2012-ci ilin 9 ayında 20 faiz artmışdır. Yəni, bu, onu göstərir ki, təşkilata üzv olan ölkələrlə bizim çox səmərəli iqtisadi əlaqələrimiz vardır. Bu da təbiidir. Çünki bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və iqtisadi sektor, əlbəttə ki, bu səviyyəyə uyğun olmalıdır. Mən əminəm ki, bu zirvə görüşünün yekunları və qəbul ediləcək qərarlar aramızda olan ticarət dövriyyəsinin artırılmasına daha da böyük təkan verəcək və beləliklə, biz bir-birimizi iqtisadi yollarla, iqtisadi amillərlə daha da çox dəstəkləyəcəyik", - Azərbaycan Prezidenti vurğulayıb.

Dövlət başçısı xatırladıb ki, iki il bundan əvvəl ECO-nun İstanbulda keçirilən Zirvə görüşündə Azərbaycan söz vermişdi və öhdəlik götürmüşdü ki, ECO Bankının səhmdarına çevriləcək və ECO Bankına üzv olacaqdır.

"Məmnuniyyət hissi ilə deyə bilərəm ki, bu, artıq reallıqdır. Azərbaycan ECO Bankının səhmdarıdır və öz tərəfindən üzv olan ölkələrdə həyata keçirilən lazımi infrastruktur, iqtisadi layihələrdə həm bank vasitəsilə, eyni zamanda, investor kimi fəal iştirak etmək əzmindədir.

Hal-hazırda Azərbaycan öz investisiyalarını ölkənin hüdudlarından kənara qoymağa başlamışdır. Bu investisiyalar milyardlarla dollar səviyyəsindədir. Biz yeni bazarlara çıxmaq üçün araşdırma işlərini aparır və əlbəttə ki, investisiyanın qoyuluşu üçün ilk növbədə özümüzə dost, qardaş bildiyimiz ölkələrə üz tuturuq. Hesab edirəm ki, Zirvə görüşü çərçivəsində və ondan sonra nümayəndə heyətlərinin, iqtisadiyyat nazirlərinin birgə fəaliyyəti nəticəsində qarşılıqlı investisiyaların istiqaməti və həcmi haqqında daha geniş müzakirələr aparıla bilər. Biz bunun tərəfdarıyıq", - Azərbaycan Prezidenti qeyd edib.

İlham Əliyev bildirib ki, Azərbaycan eyni zamanda region üçün vacib olan çox mühüm infrastruktur layihələri icra edir.

"Onların arasında, əlbəttə, enerji infrastrukturunun yaradılması layihələri ön plandadır və bizim təşəbbüsümüzlə son illər ərzində şaxələndirilmiş neft-qaz kəmərləri şəbəkəsi yaradılmışdır ki, hal-hazırda bunlar bizim enerji resurslarımızı müxtəlif istiqamətlər üzrə dünya bazarlarına çıxarır. Və çox şadam ki, bu təşəbbüslər region ölkələrinin marağındadır və regionda yerləşən ölkələr də bu təşəbbüsləri dəstəkləyirlər. Enerji sahəsində bizim fəaliyyətimiz əlbəttə ki, milli maraqlarımızı təmin edir, eyni zamanda enerji təhlükəsizliyi məsələlərini gücləndirir və bu sahədə yeni imkanlar açır. Nəqliyyat sektorunda bizim təşəbbüslərimiz və fəaliyyətimiz, hesab edirəm ki, ümumi maraqlarımıza xidmət edir. Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin fəaliyyəti üçün əməli-praktiki tədbirlər görür. Bizim coğrafi vəziyyətimiz elədir ki, Azərbaycan təkcə coğrafi vəziyyətinə görə nəqliyyat sahəsində regional mərkəzə çevrilə bilər. Və bizim investisiyalarımız, yeni yaradılan dəniz limanları, dəmir yolu xətləri, avtomobil yolları, hava nəqliyyatının təkmilləşdirilməsi layihələri Bakını nəqliyyat mərkəzinə çevirmək üçün gözəl imkanlar yaradır", - Azərbaycan Prezidenti deyib.

Dövlət başçısı vurğulayıb ki, bu yaxınlarda tikintisi başa çatacaq Bakı-Tbilisi-Qars dəmir yolu isə öz növbəsində ECO-ya üzv olan bütün ölkələrin xidmətində olacaqdır.

"Çünki bu yol təkcə Azərbaycanı dəmir yolu vasitəsilə Türkiyə ilə birləşdirmir, bu yol əslində qitələri birləşdirir. Əgər ECO-ya üzv olan ölkələrin xəritəsinə, bizim təşkilatın xəritəsinə baxsaq, görərik ki, bu yol hamımız üçün çox səmərəli, çox əhəmiyyətli olacaqdır. Bu, strateji layihədir, geosiyasi və geoiqtisadi vəziyyəti böyük dərəcədə yaxşılaşdıracaq bir layihədir və mən çox şadam ki, bu layihə yaxın zamanlarda artıq reallaşacaqdır. Bir sözlə, əziz qonaqlar, bir də demək istəyirəm ki, Azərbaycan ECO-nun fəaliyyətinə çox böyük önəm verir. ECO-nun fəaliyyəti bu günə qədər çox uğurlu olub. Bu təşkilat dünya miqyasında öz layiqli yerini tuta bilmişdir. Təşkilata üzv olan ölkələrin böyük iqtisadi potensialının mövcudluğu bizi daha da gücləndirir. Əminəm ki, növbəti mərhələlərdə konkret layihələr üzərində işləməyimiz təşkilatı daha da gücləndirəcək və iqtisadi-siyasi, mədəniyyət sahələrində bizim təşəbbüslərimiz ancaq və ancaq qarşılıqlı etimadın gücləndirilməsinə xidmət göstərəcəkdir. Mən bir daha sizin hamınızı səmimiyyətlə Azərbaycanda salamlayıram. Əminəm ki, ECO-nun Bakı Zirvə görüşü uğurlu olacaq və Zirvənin nəticələri təşkilatı daha da gücləndirəcəkdir", - Prezident İlham Əliyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti