...

ABŞ Azərbaycanda "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişikliklərlə maraqlanır

Siyasət Materials 23 Oktyabr 2012 17:45 (UTC +04:00)
Milli Məclisin deputatı Azay Quliyev çərşənbə axşamı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri Fanta Orr ilə parlamentin "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna təklif etdiyi dəyişiklikləri müzakirə edib.
ABŞ Azərbaycanda "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişikliklərlə maraqlanır

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir M.Əliyev/

Milli Məclisin deputatı Azay Quliyev çərşənbə axşamı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri Fanta Orr ilə parlamentin "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna təklif etdiyi dəyişiklikləri müzakirə edib. Bu barədə Trend-ə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından məlumat verilib.

Şurada təşkil olunan görüş zamanı xanım Orr razılaşdırılmamış mitinqlərdə iştiraka görə tətbiq olunan cərimələrin məbləğinin artırılması və bunun sərbəst toplaşma azadlığına təsiri barədə Şura sədri Quliyevin fikirlərini öyrənib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü olan Azay Quliyev bu dəyişikliklərin heç bir halda sərbəst toplaşma azadlığını məhdudlaşdırmayacağını qeyd edib.

Sonda Quliyev Şuranın beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişləndirməyə hazır olduğunu və qarşı tərəfi də əməkdaşlığa dəvət etdiyini bildirib.

Qeyd edək ki, Cinayət Məcəlləsinə ediləcək dəyişikliklə qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və ya belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda 5000 manatdan 8000 manatadək cərimə nəzərdə tutulur (indiyədək cərimənin məbləği 300 manatadək olub). Toplantıların keçirilməsi zamanı toplantıda iştirak edənlər tərəfindən odlu və ya soyuq silah, yaxud partlayıcı maddə və qurğular, eləcə də ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə törədən sair maddə və əşyaları gəzdirənlər üçün də 5000-8000 manat cərimə nəzərdə tutulub (indiyədək bu məbləğ 100-500 manat olub). Bu cərimələrin nəzərdə tutulduğu maddənin hər iki bölümündə (169.1 və 169.2) azadlıqdan məhrumetmə ilə bağlı hissə əvvəlki kimi saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti