Azərbaycan, Bakı, 28 oktyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Beyləqan rayonuna səfəri çərçivəsində əsaslı təmir olunan və yenidən qurulan Mədəniyyət Sarayının açılışında iştirak edib.
Dövlətimizin başçısı sarayın əvvəlki və hazırkı vəziyyətini əks etdirən fotolardan ibarət stendə baxdı.
Məlumat verildi ki, ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafına diqqət bu sahədə çalışan insanlara göstərilən qayğıda öz təzahürünü tapır. Bakı ilə yanaşı, bölgələrdə də mədəniyyət ocaqlarının əsaslı təmir olunması, müasir tipli yeni infrastrukturun yaradılması bu sahənin hərtərəfli inkişafına stimul verir. Beyləqanda əsaslı şəkildə yenidən qurulan və təmir olunan Mədəniyyət Sarayı onların sırasındadır. Təmir zamanı işlərin yüksək səviyyədə görülməsinə xüsusi diqqət yetirilmişdir. Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur.
Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətə və incəsənətə göstərdikləri qayğını əks etdirən fotolardan ibarət guşələr yaradılmışdır. Binanın ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülmüşdür.
Qeyd olundu ki, uzun müddət təmir edilmədiyindən bina yararsız vəziyyətə düşmüşdü. Mədəniyyət Sarayında əsaslı təmir və yenidənqurma işlərinə bu ilin aprelində başlanılmışdır. Sarayın inzibati binasının fasad hissəsi tamamilə yenilənmişdir. Zal, foye və otaqlar yenidən
qurulmuş, giriş hissəsi müasir memarlıq üslubunda inşa edilmiş, işıqlandırma sistemi, zəruri inventar və avadanlıqla təchiz olunmuşdur.
Dövlətimizin başçısı Mədəniyyət Sarayının foyesindəki fotoguşə ilə tanış oldu. Bu fotolarda ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi yüksək diqqət əksini tapmışdır. Mədəniyyət xadimləri bu gün də ən yüksək səviyyədə qayğı ilə əhatə olunmuşlar. Guşədə, həmçinin ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Beyləqana səfərlərini əks etdirən fotolar böyük maraq doğurur.
Prezident İlham Əliyev Mədəniyyət Sarayının böyük zalı ilə tanış oldu. Bildirildi ki, 500 nəfərlik zalda müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün əlverişli şərait yaradılmışdır. Akt zalında müasir işıqlandırma, akustika və istilik sistemi quraşdırılmışdır.
Binada yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.