...

Təşəbbüskarlıq uğurlu fəaliyyətin əsas tərkib hissəsidir

Siyasət Materials 30 Noyabr 2012 17:20 (UTC +04:00)

Vüqar Rəhimzadə - YAP Siyasi Şurasının üzvü "İki sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist

Noyabrın 22-23-də Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyası əhəmiyyəti baxımından ölkə və dünya mətbuatında geniş şərh olunmaqdadır. Sivilizasiyalararası dialoq məkanı kimi tanınan Azərbaycanın mötəbər tədbirə ev sahibliyi etməsi, eyni zamanda təşkilatçılıq sahəsində mükkəmməl təcrübəyə malik olan Yeni Azərbaycan Partiyasının bu missiyanı öz üzərinə götürməsi mühüm hadisə olmaqla yanaşı, ölkəmizin artan nüfuzunun, ən əsası malik olduğu imkanların təqdimatı kimi də dəyərləndirilməlidir.
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Nizamnaməsinə uyğun olaraq İCAPP VII Baş Assambleyasına sədrlik səlahiyyətləri Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə verildi. Sədrlik səlahiyyətlərini rəmzi olaraq qəbul edən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev dövlət başçısı İlham Əliyevin tədbir iştirakçılarına ünvanlanmış təbrik məktubunu diqqətə çatdıraraq, bir daha konfransın ölkəmizdə keçirilməsini Azərbaycana marağın ifadəsi kimi dəyərləndirdi. Məktubda bildirilirdi ki, Asiyada təhlükəsizlik, sülh və əməkdaşlıq mövzusuna həsr olunmuş bu tədbirin Bakıda keçirilməsi Azərbaycanın regionda artan nüfuzunun və ona olan etimadın göstəricisidir.
Hər bir beynəlxalq tədbir hansısa qlobal məsələnin müzakirəsi, ortaq fikrə gəlinməsi baxımından əhəmiyyətli olmaqla bərabər, həm də yeni prioritetlərin müəyyənləşdirilməsinə yol açır, yeni əməkdaşlıq əlaqələrinin yaranmasını şərtləndirir. Nəzərə alsaq ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Asiya ölkələrinin siyasi partiyalarını özündə birləşdirən qurumdur, bu halda onun regional və beynəlxalq təşkilatlar tərəfindən böyük dəstək qazanmasının gələcək üçün hansı perspektivləri vəd etdiyi aydın görünər.

Təbii ki, hər bir tədbirdə ilk öncə ölkələrin iqtisadi imkanlarına diqqət yetirilir. Bu gün iqtisadi inkişafın "Azərbaycan modeli"nin mövcudluğu onu deməyə əsas verir ki, ölkəmizdə həyata keçirilən islahatlar zamanın tələbinə tam uyğunlaşdırılmış, təkmil inkişaf strategiyası işlənib hazırlanmış və uğurla icra edilir. Bu səpgili tədbirlərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün atılan addımların nəticələrinə daha çox diqqət yönəldilməsi onu göstərir ki, dövrün əsas çağırışlarından biri məhz yoxsulluqla mübarizədir. Filippin parlamentinin sabiq spikeri, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin həmsədri Xose de Venesianın çıxışında səsləndirdiyi bir fikri qeyd etmək istərdim. O bildirdi ki, yoxsul yox, yaxşı idarə olunmayan ölkələr var. Düzgün qurulan siyasətin ölkənin və xalqların həyatında əhəmiyyətli rol oynadığı faktlar əsasında diqqətə çatdırıldı. Eyni zamanda qeyd edildi ki, ölkə rəhbərinin idarəçilik qabiliyyətinin yüksək səviyyədə olması inkişafa yol açan əsas şərtlərdəndir. Azərbaycanın 1993-cü ildən, yəni ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra keçdiyi inkişaf yoluna nəzər salan Xose de Venesia həmin xəttin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi fonunda ölkəmizin qazandığı uğurları təqdir etdi. Hər il on minlərlə yeni iş yerinin açılması, yoxsulluq həddinin 49 faizdən 7,6 faizə endirilməsi uğurlu siyasətin göstəricisi kimi qeyd olundu. Bildirdi ki, iqtisadiyyatın düzgün təməl üzərində qurulması ölkənin hərtərəfli inkişafına stimul verir. Azərbaycanın 2009-cu ildən başlanan və nəticələri bu günə kimi davam edən iqtisadi böhrandan uğurla çıxmasında iqtisadiyyatın şaxələndirilməsi siyasətinin rolu inkaredilməzdir. Həmin dövrdə, yəni 2009-cu ildə ölkəmizdə iqtisadi artımın 9,3 faiz, 2010-cu ildə 5 faiz təşkil etməsi deyilənlərin təsdiqidir. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da Azərbaycanın bu uğuru önə çəkilərək, onu şərtləndirən amillər əsaslı şəkildə diqqətə çatdırılmışdır. Dünya Bankının Azərbaycanı ən islahatçı ölkə elan etməsi uğurlu islahatlara söykənir. Azərbaycan iqtisadi möcüzələr ölkəsi, sabitlik diyarı kimi beynəlxalq aləmdə nüfuz qazanıb. İCAPP-ın VII Baş Assambleyasının məhz Azərbaycanda keçirilməsində də bu amilin rolu inkaredilməzdir. 35 ölkədən 200-dən artıq nümayəndə Baş Assambleyanın işinə qatılmaqla yanaşı, Azərbaycan reallıqları ilə yaxından tanış olmaq imkanı əldə etdilər. Qonaqların Bakı haqqında xoş təəssüratları açıqlamalarından aydın sezilir. Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr departamentinin müdir müavini Ai Pinq bildirmişdir ki, Bakı bütün dünyada gözəlliyi ilə tanınmış tarixi şəhərdir: "Bakının inkişafı bizim təsəvvür etdiyimizdən də yüksəkdir. Ümumilikdə, Azərbaycanın son bir neçə ildə keçdiyi uğurlu inkişaf yolu bizi heyrətləndirir." Şri-Lankanın Xalq Azadlığı Cəbhəsinin rəhbəri Somavansa Amarasinqe Azərbaycanda ilk dəfə olduğunu bildirərək, gördüyü qonaqpərvərlikdən, ölkəmizin inkişafından məmnun olduğunu bildirmişdir. Livanın baş nazirinin məsləhətçisi Fadi Favaua Bakının füsunkar gözəlliyə sahib olduğunu qeyd edərək onu da bildirmişdir ki, konfrans çərçivəsində aparılan müzakirələr bizim hər bir anlamda irəliyə doğru addımlar atmağımıza şərait yaradır. Müxtəlif ölkələrin nümayəndələrinin öz problemlərini digər iştirakçılarla belə diplomatik atmosferdə müzakirə etməsi konstruktiv nəticələrə yol açan mühüm bir prosesdir.

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyası yeni əməkdaşlıq üçün başlanğıcdır

Ümumi fikir bu oldu ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyası yeni əməkdaşlıq üçün başlanğıcdır. Tədbirin mövzusu siyasi partiyaların ölkələr arasında əlaqələrin inkişafına böyük töhfələr vermək imkanında olduğunu bir daha təsdiq etmiş oldu. Sülh, təhlükəsizlik, əməkdaşlıq hər bir ölkənin inkişafında mühüm amildir. Siyasi partiyaların regionda sülhün, təhlükəsizliyin təmin olunmasına öz töhfələrini vermək istəkləri müsbət addım kimi dəyərləndirilməlidir.
Konfransda ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının beynəlxalq əməkdaşlığa göstərdiyi maraq da önə çəkildi. Bu gün partiyanın istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin genişləndirilməsində qazandığı böyük uğurlar deyilənlərin təsdiqidir. Bir məqamı da qeyd edək ki, YAP İCAPP-ın 18 aparıcı siyasi partiyanın təmsil olunduğu Daimi Komitəsinin üzvüdür.
İlk gündən demokratik inkişaf yolunu seçən ölkəmizdə çoxpartiyalı sistemin yaradılması istiqamətində atılan addımların müsbət nəticəsi göz qabağındadır. Hazırda ölkəmizdə 50-dən artıq siyasi partiya fəaliyyət göstərir. Konfransda 12 siyasi partiyanın təmsilçisinin iştirakı, müzakirələrdə fəallığı Azərbaycanda demokratik mühitin mövcudluğunun göstəricisidir. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı müxtəlif siyasi partiyaların nümayəndələrini özündə birləşdirdiyindən onların bir araya gələrək, konkret mövzu ətrafında fikir mübadiləsi aparması, təkliflərini səsləndirmələri müsbət haldır. Konfransın mövzusu eyni zamanda bu gerçəkliyi də təsdiqlədi ki, İCAPP siyasi partiyaların birləşdiyi qurumdan beynəlxalq əməkdaşlığa doğru addımlayır. Qurumun tərkibinin genişləndirilməsi də bir çox məqamlara aydınlıq gətirir. Belə ki, bir müddət əvvəl qurumun Gənclər Birliyinin yaradılması, VII Baş Assambleya çərçivəsində "Asiyada qadınlar: təhlükəsizlik, sülh və tərəfdaşlıq" mövzusunda bölmə iclasının keçirilməsi, həmçinin gənclərin iştirakı ilə iclasın təşkili deyilənlərin təsdiqidir. Hər bir ölkənin gələcək inkişafında gənclərin rolunu nəzərə alsaq, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının tərkibində gənclər qanadının yaradılması təqdirəlayiqdir. İclasda da bildirilmişdir ki, gələcəyini düşünən bütün dövlətlər gənclərə xüsusi diqqət yetirir, onların fikirlərini və gələcəyə baxış konsepsiyalarını nəzərə alırlar. İCAPP-ın baş katibi Xose de Venesianın konfransda çıxışı zamanı gələcəyin gənclərin əlində olduğunu önə çəkərək "onlar təkcə öz müqəddəratlarını deyil, bəşəriyyətin xilası və xoşbəxt gələcəyi üçün çalışmalıdırlar. Bütün dövlətlər gənclərə bu istiqamətdə dəstək olmalıdırlar" söyləməsi qurumun Gənclər Birliyinin yaradılması zərurətini ortaya qoyur. İCAPP-ın Qadınlar Təşkilatının yaradılmasının vacibliyi də konfrasdakı çıxışlarda, eyni zamanda qadın siyasətçilərinin iştirakı ilə keçirilən bölmə iclasında qeyd edildi. Asiyanın dünyada artan strateji əhəmiyyətindən danışan qadın siyasətçilər bildirdilər ki, uzunmüddətli inkişafa nail olmaq üçün sabitlik mühüm şərtdir və bu məsələdə qadınlar müstəsna xidmətlərə malikdir.

Sülh, təhlükəsizlik, əməkdaşlıq hər bir ölkənin inkişafında mühüm amildir

Siyasi sabitliyə, iqtisadi tərəqqiyə malik olan Azərbaycan bu mötəbər tədbirə ev sahibliyi etməklə bir daha siyasi partiyaların beynəlxalq səviyyədə fikir mübadiləsi aparmaları, əməkdaşlığın yeni prioritetlərini müəyyənləşdirmələri üçün əlverişli məkan olduğunu nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunda da bildirilirdi ki, qloballaşan dünyamızın müasir siyasi mənzərəsinin formalaşmasında Asiya regionu ölkələrinin rolu və əhəmiyyəti gündən-günə artır. Hazırda Asiya dünyanın iqtisadi mərkəzinə çevrilməkdədir. Aparıcı Asiya dövlətlərinin dinamik inkişafının kökündə dayanan yeni iqtisadi modellərin öz təsdiqini tapması dünya iqtisadi sisteminin əsas meyllərini təşkil edir. Müasirləşən Asiya zəngin mədəniyyəti, nəhəng iqtisadi potensialı və insan resursları ilə bəşəriyyətin gələcək taleyinin müəyyən edilməsinə böyük töhfə verir. Dövlət müstəqilliyinin 21-ci ildönümünü böyük iqtisadi və sosial yüksəlişlə qeyd edən Azərbaycanın iqtisadi inkişafın "Azərbaycan modeli"ni yaratmağa nail olması məktubda ən böyük uğurlardan biri kimi qeyd edilir. Ölkə Prezidenti bu inamı da ifadə etmişdir ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyası çərçivəsində beynəlxalq aləmdə təhlükəsizlik, sülh və əməkdaşlığın təmin olunması və möhkəmlənməsi üçün səmərəli fikir mübadiləsi aparılacaq, mühüm qərarlar qəbul olunacaq. Baş Assambleyanın iştirakçı ölkələri bir-birinin təcrübəsindən faydalanaraq beynəlxalq və regional əməkdaşlıq sahəsində yeni imkanları lazımınca dəyərləndirəcək və dövrümüzün bu aktual problemlərinin həllinə layiqli töhfələrini verəcəklər.
Konfransın mövzusu yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də müzakirə olunmasına, mövqelərin ortaya qoyulmasına zərurət yaratdı. Bu fikir istər dövlət başçısı İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunda, istərsə də məruzələrdə qeyd olundu ki, Dağlıq Qarabağ probleminin həlli prosesinin uzanması regionda iqtisadi sabitliyə, təhlükəsizliyə, əməkdaşlığa və inkişafa maneçilik törədən əsas amillərdəndir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon 20 ildən artıq müddətdir ki, işğal altındadır. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə siyasəti aparılmış, bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu ərazilərdə qədim mədəniyyət abidələri məhv edilmiş, məktəblər, muzeylər, məscidlər dağıdılmış, məzarlıqlar təhqir olunmuş, dünya sivilizasiyasının nadir inciləri yer üzündən silinmişdir.
Münaqişənin həllində beynəlxalq dəstəyin rolunu nəzərə alsaq, beynəlxalq təşkilatların əksəriyyəti problemlə bağlı qərar və qətnamələr qəbul etmiş, bu sənədlərdə Azərbaycanın mövqeyi dəstəklənir. BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi, BMT Baş Məclisinin, ATƏT-in, Avropa Şurasının, NATO-nun, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq təşkilatların qərar və qətnamələri vardır. Ermənistan isə bütün bunlara məhəl qoymur. Bu səbəbdən də bölgədə davamlı sülh və təhlükəsizlik üçün ən böyük təhlükə olan bu münaqişənin beynəlxalq hüquq çərçivəsində danışıqlar yolu ilə ədalətli həlli istiqamətində Azərbaycanın göstərdiyi səylər nəticəsiz qalmışdır. Beynəlxalq hüququn norma və prinsiplərinin bütün dövlətlərə eyni şəkildə təbiq olunmasının vacibliyi rəsmi Bakı tərəfindən ən yüksək tribunalardan bəyan edilir.
Konfransın əhəmiyyətli məqamlarından biri də qəbul olunan Bakı Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və məsələnin məhz bu prinsip əsasında həllinin vacibliyinin önə çəkilməsidir. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının baş katibi Xose de Venesia bildirdi ki, dünyanın ən nüfuzlu təşkilatı olan Birləşmiş Millətlər Təşkilatında bu problem müzakirəyə çıxarılıb. Təşkilatın 4 qətnaməsi qəbul olunub. Biz münaqişənin BMT-nin qətnamələri əsasında öz ədalətli həllini tapmasını istəyirik. Bütün münaqişəli məsələlər beynəlxalq hüququn normaları əsasında həllini tapmalıdır. Bu, regionda sülh və sabitliyin yaranmasının yeganə roludur. Pakistan Müsəlman Liqası Partiyasının nümayəndəsi senator Muşahid Hüseyn Sayed ölkəsinin Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyini açıqlayaraq bildirmişdir ki, Pakistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin ciddi şəkildə əməl olunmasını və Azərbaycana qarşı olan aqressivliyin tam aradan qaldırılmasını istəyir. Muşahid Hüseyn Sayed eyni zamanda konfransla bağlı fikirlərini açıqlayaraq bildirmişdir ki, tədbirdə Asiya ölkələrinin siyasi partiyalarının iştirakı Azərbaycan üçün böyük uğurdur. Azərbaycan Asiya ilə Avropanı birləşdirən bir korpü olaraq öz mövqeyini günbəgün möhkəmləndirir, nüfuzunu artırır. Bu uğurlar gələcəyə daha böyük inamla irəliləməyə əsas verir.

Xalqlar və dövlətlər yaxınlaşır...

Göründüyü kimi, Azərbaycanda dünya dövlətlərinin, beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən belə tədbirlərin keçirilməsi bir daha göstərir ki, ölkəmizdə demokratik dəyərlərin qorunub, inkişaf etdirilməsinə, sosial-iqtisadi problemlərin həllinə böyük önəm verilir. Demokratiyanın inkişafını fəaliyyətinin əsas prinsipləri kimi daim diqqətdə saxlayan, "İqtisadi islahatlar siyasi, demokratik islahatlarla tamamlanmalıdır. Azərbaycanda həm siyasi, həm də iqtisadi islahatlar paralel şəkildə aparılır və hesab edirəm ki, bizim uğurlarımızın əsas səbəbi məhz bundan ibarətdir. Biz siyasi islahatları artıq yaranmış çox güclü iqtisadi təməl üzərində qururuq" söyləyən dövlət başçısı İlham Əliyev vurğulayır ki, insana azad, sərbəst düşünmək, hüquqlarını qazandıran dəyərlər mövcud olmadan iqtisadi və sosial inkişafdan danışmaq qeyri-mümkündür. Azərbaycanın demokratikləşmə strategiyası ölkəmizdə bu sahədə həyata keçirilən islahatların miqyasını genişləndirir, vətəndaş cəmiyyəti quruculuğu prosesinə öz töhfəsini verir. Demokratik prinsiplərə sadiqliyi ilə diqqət çəkən Azərbaycanda bu istiqamətdə həyata keçirilən islahatların uğurlu nəticələri göz qabağındadır. Ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf, dini və milli azlıqların hüquqlarının təmin edilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Respublikamızda artıq formalaşan qanunvericilik bazasının təkmilləşməsi, icra mexanizmlərinin tənzimlənməsi, çoxpartiyalı sistemin inkişafı, insanlara sərbəst toplaşmaq azadlıqlarının verilməsi Azərbaycan demokratiyasının təkmilləşməsindən xəbər verir. Ölkəmizdə milli və dini azadlıqlar tam təmin olunumuş, Azərbaycanın tolerantlıq təcrübəsi nümunə göstərilir. Qeyd edək ki, cari ilin oktyabrında ölkəmizdə keçirilən "XXI əsr: ümidlər və çağırışlar" devizi altında Beynəlxalq Humanitar Forumda da qeyd olunmuşdur ki, sürətlə inkişaf edən, dəyişən dünyada xalqlar və dövlətlər yaxınlaşır, insanlar və talelər birləşir. Müasir dövrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq əlaqələrin güclənməsi, ölkələr arasında kommunikasiyanın genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində ümumi elementlərin artması ilə səciyyələnir. Svilizasiyaların dialoqunun təşkilində, inkişafında müxtəlif ölkələrin hökumət və siyasi partiya nümayəndələrinin, mədəniyyət, incəsənət və elm xadimlərinin öz düşüncələrini ortaya qoyub ümumi mövqe nümayiş etdirmələri müsbət haldır. Bu fikir hər zaman önə çəklir ki, dinc yanaşı yaşamağın təmin edilməsinə yönələn fəaliyyətin mühüm tərkib hissəsi və şərtlərindən biri din və ümumbəşəri dəyərlər sahəsində mədəniyyətlərarası dialoqun zəruriliyidir. Bu dəyərlərin öyrənilməsi və kəsişmə nöqtələrinin açıqlanması ümumi mədəniyyətlərarası dəyərlərin aşkar edilməsində mühüm rol oynaya bilər. Dünyada inqteqrasiya proseslərinin gücləndiyi bir şəraitdə svilizasiyaların dialoqu daha zəruridir. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasında da ölkəmizin tolerantlıq təcrübəsi yüksək dəyərləndirildi. Dünya birliyinin terrorizmə, ekstremizmə, separatizmə qarşı mübarizəni genişləndirdiyi indiki dövrdə ölkələr arasında münasibətlərin inkişafına təkan verəcək bu tədbirin əhəmiyyəti xüsusi qeyd olundu.

YAP hər zaman cəmiyyətimizə müsbət, milli mənafelərimizə söykənən yenilikçi fəaliyyət örnəyi təqdim edir

Çıxışlarda tədbirin təşkilatçısı olan Yeni Azərbaycan Partyasının tutuduğu yol təqdir edilərək bildirildi ki, beynəlxalq əməkdaşlığı fəaliyyətinin əsas istiqaməti kimi qəbul edən partiya müxtəlif mövzuları əhatə edən tədbirlərin təşkilatçılığını öz üzərinə götürməklə yeniliyə, müasirliyə meyilli olduğunu nümayiş etdirir, eyni zamanda demokratik inkişafa öz töhfəsini verməyə səy göstərir. Demokratiyanın inkşafında vacib amillərdən biri məhz dialoqun təşkili, müxtəlif məsələlər ətrafında fikir mübadiləsinin aparılmasıdır. Xose de Venesia VII Baş Assambleyanın işində Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalardan 12-sinin təmsilçisinin iştirakını demokratiyanın göstəricisi kimi qeyd edərək bu münasibətlə Azərbaycan dövlətini və rəhbərliyini təbrik etmişdir.

Birgə səylər yeni hədəflərin müəyyənləşdirilməsində və onlara çatmaqda həlledici rol oynayır

Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın 20 illik yubiley mərasimində bildirmişdir ki, YAP hər zaman cəmiyyətimizə müsbət, milli mənafelərimizə söykənən yenilikçi fəaliyyət örnəyi təqdim etmişdir. YAP-ın fəaliyyət konsepsiyasının əsasını ölkənin siyasi, iqtisadi yüksəlişində liderlik mövqeyini qorumaq, beynəlxalq əlaqələri genişləndirmək, Azərbaycanı dünyaya tanıtmaq kimi ülvi məqsədlər dayanır. İCAPP-la olduğu kimi Avropa Xalqları Partiyası ilə də yüksək səviyyəli əməkdaşlığa dəyər verən Yeni Azərbaycan Partiyası bir daha təsdiqləyir ki, vahid ideya və özünü doğrultmuş məqsəd naminə fəaliyyətini təkmilləşdirən qurum Cənubi Qafqazın ən güclü siyasi qüvvəsidir. Belçikanın sabiq Baş naziri, Avropa Xalq Partiyasının sədri Uilfrid Martinsin ICAPP-ın VII Baş Assambleyasının iştirakçılarına videomüraciətində də Yeni Azərbaycan Partiyasının nüfuzunu, təşkilatçılıq missiyasını yüksək dəyərləndirərək Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının siyasi partiyaları özündə birləşdirən yeganə beynəlxalq qurum olduğunu önə çəkmiş və bu inamı ifadə etmişdir ki, təşkilatın qarşıya qoyduğu məqsədlərə birgə səylər əsasında nail olmaq mümkündür. Birgə səylər yeni hədəflərin müəyyənləşdirilməsində və onlara çatmaqda əsas rol oynayır. İCAPP-ın yaratdığı əməkdaşlıq imkanlarını yüksək dəyərləndirən U.Martins qurumun gələcəyinə əminliyini bildirmişdir. Eyni fikirləri BMT-nin Baş katibi Pan Gi Mun da ifadə etmişdir. O, konfrans iştirakçılarına videomüraciətində Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrin inkişafında rolunu xüsusi vurğulayaraq, onun təşkilatçılığı ilə keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının Asiya regionunda sülhə, sabitliyə, inkişafa böyük imkanlar yaradacağına inamını ifadə etmişdir.
Bu fikir konfransda dəfələrlə qeyd olundu ki, dayanıqlı inkişafa nail olmaq üçün ümumi layihələrin icrasına zərurət duyulur. Bunun üçün regionda sülh və təhlükəsizliyin təmin olunması əsas şərtdir. Dövlətimizin xarici siyasətinin prioritet məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsas müzakirə mövzusu olması, müxtəlif ölkələri təmsil edən nümayəndələrin problemin həlli ilə bağlı mövqelərini ortaya qoyması bu baxımdan əhəmiyyətlidir.
Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun konfransdakı çıxışında bildirdiyi kimi, İCAPP-ın təsis olunmasında da məqsəd Asiya qitəsində fəaliyyət göstərən, müxtəlif ölkələri, millətləri, dini konfessiyaları, mədəniyyətləri, siyasi sistemləri təmsil edən partiyalar arasında qarşılıqlı dialoq mühitinin, səmərəli əməkdaşlığın əsasını qoymaqdır. Yarandığı gündən qurumla əməkdaşlıq edən Yeni Azərbaycan Partiyası Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ölkəmizin sülhsevər siyasətinin təbliği istiqamətində önəmli addımlar atmışdır.

Göründüyü kimi, İCAPP-ın VII Baş Assambleyası müzakirələrin dolğunluğu, qarşıya qoyulan hədəflər baxımından olduqca əhəmiyyətli və diqqət çəkəndir. Qeyd olunan fikirləri ümumiləşdirərək qeyd edə bilərik ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı tərkibində keyfiyyət dəyişikliyi həyata keçirməklə, eyni zamanda nüfuz dairəsini genişləndirir, əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə yol açır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti