Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi NATO standartlarına cavab verən 7.62x51 snayper tüfəngi yaradıb. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.
"Artıq bu tüfəngi biz yaratmışıq. Tüfəngin atış məsafəsi min metr, maqazin tutumu 10 güllə, çəkisi isə 7,1 kiloqramdır", - nazir deyib.
Camalov qeyd edib ki, bundan əlavə yeni pulemyot istehsal olunub.
Nazirin sözlərinə görə, bu pulemyot əsasən kəşfiyyat və xüsusi təyinatlıların aktiv döyüş aparması üçün nəzərdə tutulub.
"Pulemyotun atış məsafəsi 1000 metr, çəkisi 7 kiloqram, uzunluğu isə 1080 mm-dir", - Camalov deyib.
Nazir qeyd edib ki, bundan əlavə 14.5 snayper tüfənginin təkmilləşdirilməsi istiqamətində müəyyən işlər görülüb.
"Snayperin tüfənginin çəkisi 35 kq-dan 28 kq-a endirilib və bir sıra texniki dəyişiklər aparılıb. Hazırda 23 mm snayper tüfənginin üzərində iş aparılır. Yəqinki bu 2013-cü ilin birinci yarısında yaranacaq. Və sonradan həmin məhsulun seryalı istyehsalına başlanılacaq", - Camalov deyib.
Müdafiə sənayesi naziri, həmçinin bildirib ki, yeni 60 və 82 mm-lik uzaq məsafəli minaatanlar yaradılıb. "Əgər 60 mm-lik minaatan ilə biz 1600 metr məsafədə hədəfi məhv edirdiksə, indi artıq 4 min metrə qədər məsafədə hədəfi məhv etmək mümkündür. Eləcə də 82 mm-lik minaatan ilə hədəf 2500-də məhv edilirdisə, indi 5 min metr məsafədə hədəfləri məhv etmək qabiliyyətinə malik olan qurğu yaradılıb", - Camalov qeyd edib.