...

BMT ilə GUAM arasında əməkdaşlıq barədə qətnamə layihəsi qəbul olunub

Siyasət Materials 18 Dekabr 2012 08:22 (UTC +04:00)
Dekabrın 17-də BMT Baş Assambleyasında (BA) bir sıra qətnamə layihələri qəbul edilib. Bu barədə Trend-ə çərşənbə axşamı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən məlumat verilib.
BMT ilə GUAM arasında əməkdaşlıq barədə qətnamə layihəsi qəbul olunub

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

Dekabrın 17-də BMT Baş Assambleyasında (BA) bir sıra qətnamə layihələri qəbul edilib. Bu barədə Trend-ə çərşənbə axşamı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən məlumat verilib.

Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna adından "BMT və Demokratiya və İqtisadi İnkişaf Təşkilatı-GUAM arasında əməkdaşlıq" adlı qətnamə layihəsini təqdim edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev bildirib ki, mövcudluğunun 15 ili ərzində GUAM demokratiya və iqtisadi inkişafın təşviq olunmasına çalışan tam təsisatlanmış regional bir təşkilata çevrilib.

Daimi nümayəndə 2004-cü ildə GUAM-ın BMT-də müşahidəçi status əldə etməsindən sonra təşkilatla BMT Katibliyi arasında əməkdaşlığın inkişaf etdiyini, qətnamə layihəsinin qəbul edilməsinin bu əməkdaşlığı daha da gücləndirəcəyini və region ölkələrində sülh, sabitlik və inkişafa töhfə verəcəyini qeyd edib.

Daha sonra qətnamə layihəsi yekdilliklə BA-da qəbul edilib. Bundan sonra çıxış edən Ermənistanın BMT yanında daimi nümayəndəsi qətnamə layihəsi ilə bağlı danışıqların guya şəffaf surətdə keçirilmədiyini bildirib. Ermənistanın daimi nümayəndəsi, eyni zamanda, mövzuya heç bir aidiyyəti olmadan Azərbaycanın Ermənistana qarşı iqtisadi təcrid siyasəti apardığını qeyd edib.

Ermənistan tərəfinin məsələni lüzumsuz yerə siyasiləşdirməsindən sonra cavab hüququ ilə çıxış etməyə məcbur olan Mehdiyev layihə üzrə danışıqların şəffaf şəkildə aparıldığını və Ermənistan diplomatlarının da orada iştirak etdiyini, lakin heç bir qeyd və təkliflə çıxış etmədiklərini vurğulayıb, Ermənistanın Azərbaycanla bağlı səsləndirdiyi fikirlərin yalan və iftira olduğunu və onun Azərbaycan ərazilərini işğal etdiyini və həmin ərazilərdə etnik təmizləmə siyasəti apardığını qeyd edib.

Qeyd edək ki, qətnamə GUAM-ın ticarət, enerji, iqtisadi inkişaf, nəqliyyat, elm, təhsil, mədəniyyət, idman, gənclər, səhiyyə, eləcə də terrorçuluğa, insan alverinə, qanunsuz miqrasiyaya, narkotiklərə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə kimi sahələrdə regional əməkdaşlığın təşviq olunması istiqamətində həyata keçirdiyi fəaliyyəti qeyd edir, BMT sistemi ilə GUAM arasında əməkdaşlıq və dialoqun gücləndirilməsinin vacibliyini vurğulayır və BMT-nin ixtisaslaşmış təşkilatlarını, proqram və fondlarını birgə layihələr həyata keçirmək məqsədilə GUAM ilə əməkdaşlığa dəvət edir.

Qətnamədə, eyni zamanda, onun müddəalarının həyata keçirilməsi ilə bağlı BMT baş katibindən BA-nın 69-cı sessiyasına müvafiq hesabat təqdim edilməsi xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti