...

Əhmədinejadın "məxfi" siyahısı

Siyasət Materials 26 Dekabr 2012 17:40 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad 2005-ci ildə ölkədə prezident seçkiləri ərəfəsində keçirilən seçkiqabağı kampaniya zamanı inhisarçılıq, rüşvətxorluqla mübarizə aparacağına, həmçinin neft sənayesindən əldə edilən gəlirləri sadə insanlara çatdırmağa dair vəd vermişdi.
Əhmədinejadın "məxfi" siyahısı

Dalğa Xatınoğlu, Trend-in Fars xəbərlər xidmətinin rəhbəri

İran Prezidenti Mahmud Əhmədinejad 2005-ci ildə ölkədə prezident seçkiləri ərəfəsində keçirilən seçkiqabağı kampaniya zamanı inhisarçılıq, rüşvətxorluqla mübarizə aparacağına, həmçinin neft sənayesindən əldə edilən gəlirləri sadə insanlara çatdırmağa dair vəd vermişdi.

Əhmədinejad həmin vaxtdan etibarən dəfələrlə iddia edib ki, onda ölkənin başlıca rüşvətxorlarının siyahısı var, lakin dövlət başçısı bu siyahını məhkəmə orqanlarına hələ də təqdim etməyib.

7,5 illik prezidentlik dövründən sonra Əhmədinejad dekabrın 22-də dövlət televiziyasının canlı efirində müsahibəsi zamanı bəyan edib ki, ölkənin maliyyə resurslarının 60 faizi 300 nəfərin əlində cəmləşib. Həmin insanlar dövlət banklarından borc şəklində iri məbləğdə pul alıblar və indi borclarını ödəməkdən imtina edirlər, çünki müəyyən dairələrdən dəstək alırlar.

Ölkənin məhkəmə sisteminin katibi, baş prokuroru Qulamhüseyn Möhsüni Əjeyi çərşənbə axşamı bəyan edib ki, ölkənin məhkəmə orqanları üç dəfə rəsmi olaraq Əhmədinejaddan dövlət orqanlarına 10 milyard rialdan çox borcu olanların siyahısını istəyib.

İranda dolların rəsmi məzənnəsi 12 260 rialdır.

Eyni zamanda, Əhmədinejad çərşənbə günü Əjeyinin sorğusu ilə bağlı məlumatı təkzib edib.

"Mən heç vaxt hər hansı sorğu almamışam", - Əhmədinejad qeyd edib.

İran Mərkəzi Bankının məlumatına görə, 2005-ci ilədək ölkədə qaytarılmamış kredit borclarının ümumi məbləği 75 trilyon rial (6,5 milyard dollar) təşkil edib.

Mərkəzi Bankın rəhbəri bilavasitə ölkə Prezidenti tərəfindən təyin edilir.

İran Prezidenti yanında İqtisadi korrupsiya ilə mübarizə üzrə Mərkəzin son hesabatına əsasən, hazırda bu göstərici 700 trilyon riala (təqribən 57 milyard dollar) çatır.

Başqa sözlə, Əhmədinejadın prezidentliyi dövründə qaytarılmamış kredit boclarının məbləği 9 dəfə artıb. Bu borcun yarısı iri dövlət şirkətləri və hüquqi şəxslərin payına düşür. Sıravi vətəndaşların hesabındakı belə kreditlərin həcmi 300 trilyon rial təşkil edir.

Əhmədinejad isə məhz bu qrupa istiqamətlənib.

Əhmədinejadın ölkənin başlıca borclularının siyahısını açıqlayıb-açıqlamayacağı hələ məlum deyil. Hərçənd onun prezidentliyi ərzində belə kredit borclarının məbləği 9 dəfə artıb. Onu da nəzərə almaq lazımdır ki, İran Mərkəzi Bankının rəhbəri şəxsən Əmədinejad tərəfindən təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti