...

Prezident İlham Əliyev: Bütövlükdə ötən il Azərbaycan iqtisadiyyatı üçün çox uğurlu il olub (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 15 Yanvar 2013 23:04 (UTC +04:00)
Nazirlər Kabinetinin bugünkü toplantısında 2012-ci ilin yekunlarını müzakirə və eyni zamanda, 2013-cü ildə qarşıda duran vəzifələri təhlil edəcəyik. Buna böyük ehtiyac vardır. Çünki Azərbaycan iqtisadiyyatı keçən il öz dinamik inkişafını qoruya bilmişdir və bu il görüləcək işlər əminəm ki, ölkəmizi daha da böyük nailiyyətlərə gətirib çıxaracaqdır. Çünki 2003-cü ildə müəyyən edilmiş 10 illik inkişaf planımız bu il başa çatır. 2004-cü ilin əvvəlində regional inkişaf proqramı qəbul edilmişdir və bu il bu proqramın ikinci mərhələsi başa çatacaqdır. Əminəm ki, proqramda müəyyən edilmiş bütün vəzifələr bu ilin sonuna qədər təmin ediləcəkdir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş nitqində deyib.
Prezident İlham Əliyev: Bütövlükdə ötən il Azərbaycan iqtisadiyyatı üçün çox uğurlu il olub (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Nazirlər Kabinetinin bugünkü toplantısında 2012-ci ilin yekunlarını müzakirə və eyni zamanda, 2013-cü ildə qarşıda duran vəzifələri təhlil edəcəyik. Buna böyük ehtiyac vardır. Çünki Azərbaycan iqtisadiyyatı keçən il öz dinamik inkişafını qoruya bilmişdir və bu il görüləcək işlər əminəm ki, ölkəmizi daha da böyük nailiyyətlərə gətirib çıxaracaqdır. Çünki 2003-cü ildə müəyyən edilmiş 10 illik inkişaf planımız bu il başa çatır. 2004-cü ilin əvvəlində regional inkişaf proqramı qəbul edilmişdir və bu il bu proqramın ikinci mərhələsi başa çatacaqdır. Əminəm ki, proqramda müəyyən edilmiş bütün vəzifələr bu ilin sonuna qədər təmin ediləcəkdir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş nitqində deyib.

"Bütövlükdə ötən il ölkə iqtisadiyyatı üçün çox uğurlu il olmuşdur. Bu da təsadüfi deyil. Çünki keçən ilin uğurları bundan əvvəlki dövrdə müəyyən edilmişdir. Bizim düşünülmüş iqtisadi siyasətimiz artıq öz gözəl nəticələrini verməkdədir və dinamika müsbətdir, inkişaf çox sevindiricidir. Beləliklə, 2012-ci ilin yekunları ilə bağlı, əslində ilin əvvəlində də bizim heç bir şübhəmiz yox idi. Mən keçən ilin əvvəlində qeyd etmişdim ki, əminəm, 2012-ci il də uğurlu olacaqdır. Belə də oldu. Bütün iqtisadi göstəricilər yüksək səviyyədədir. Ümumi daxili məhsul 2,2 faiz artmışdır. Bu, əslində inkişaf etmiş ölkələr, xüsusilə böhranlı illər üçün çox yüksək göstəricidir. Əlbəttə, templərimiz əvvəlki illərdə daha da yüksək olduğuna görə bizim üçün bu, o qədər də qəbuledilən deyildir. Ancaq nəzərə alsaq ki, keçən il neft hasilatında azalma olmuşdur və sənaye istehsalı, ümumiyyətlə, 2,3 faiz azalmışdır, ümumi daxili məhsulun 2,2 faiz səviyyəsində artımı çox müsbət göstəricidir" İlham Əliyev bildirib.

Dövlət başçısının sözlərinə görə, ən sevindirici məsələ ondan ibarətdir ki, biz bu artımı qeyri-neft sektorunun hesabına qazanmışıq. Qeyri-neft sektorumuz keçən il 9,7 faiz artmışdır. Beləliklə, biz ölkə iqtisadiyyatını şaxələndirməklə bağlı bir neçə il bundan əvvəl qarşıya qoyulmuş vəzifəyə artıq nail ola bilmişik.

"Qeyri-neft sənayemiz də artır. Bu da son illər ərzində sənayeləşmə siyasətinin düzgün istiqamətdə aparılmasının təzahürüdür. Qeyri-neft sənayemiz təxminən 8 faiz artmışdır. Kənd təsərrüfatı təxminən 6 faiz artmışdır. Makroiqtisadi vəziyyət çox müsbətdir. İnflyasiya cəmi 1,1 faiz səviyyəsindədir ki, bu, son illərdə ən aşağı səviyyədir. Əhalinin pul gəlirləri isə 13,8 faiz artmışdır. Yəni, inflyasiya ilə pul gəlirləri arasında fərq 10 faizdən çoxdur. Bu da əlbəttə, hesab edirəm ki, dünya miqyasında ən yüksək göstəricilərdən biridir.
İnflyasiyanı aşağı səviyyədə saxlamaq o qədər də asan məsələ deyil. Nəzərə almalıyıq ki, keçən il çox böyük sosial proqramlar icra edilmişdir. Onların içində sovet dövründən qalmış əmanətlərə görə vətəndaşlara kompensasiyanın verilməsi təşəbbüsü var idi. Artıq dövlət tərəfindən vətəndaşlara 100 milyonlarla manat kompensasiya şəklində verilmişdir. Bu, istər-istəməz makroiqtisadi vəziyyətə əlavə yük olmuşdur. Bununla bərabər, keçən il investisiya xərcləri rekord səviyyədə olmuşdur. Rəsmi statistik məlumatlara görə, keçən il investisiyalar 22 milyard dollardan çox olmuşdur. Bunun 13 milyardı, bir qədər ondan çoxu daxili, 9 milyard dollara yaxını isə xarici investisiyalardır. Bu da çox müsbət göstəricidir. İlk növbədə onu göstərir ki, daxili investisiyalar artıq bir neçə ildir ki, ümumi investisiya portfelində üstünlük təşkil edir. Digər tərəfdən, 9 milyard dollara yaxın xarici sərmayənin qoyulması da onu göstərir ki, Azərbaycan xarici investorlar üçün çox etibarlı tərəfdaşdır, çox cəlbedici ölkədir. Ölkəmizdə aparılan iqtisadi islahatlar, iqtisadi liberallaşma, dünya iqtisadiyyatına inteqrasiya siyasətimiz 9 milyard dollara yaxın xarici sərmayənin qoyulmasına gətirib çıxarmışdır. Əlbəttə, bu məsələdə beynəlxalq kredit agentliklərinin reytinqləri də az rol oynamır. Çünki dünyanın aparıcı kredit reytinq agentlikləri keçən il Azərbaycanın kredit reytinqlərini artırmışlar. Bu da, deyə bilərəm ki, müasir dünya üçün çox nadir bir məsələdir. Çünki inkişaf etmiş ölkələrin bəzilərinin reytinqləri aşağı salınır, Azərbaycanın kredit reytinqləri isə yuxarı qaldırılır və bu da aparılmış iqtisadi islahatların nəticəsidir" Prezident nitqində söyləyib.

İlham Əliyev qeyd edib ki, Azərbaycan iqtisadiyyatı, ümumiyyətlə, digər mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir.

"Dünya Bankının hesabatlarında biznesin aparılması üçün Azərbaycan yüksək yerlərdədir. Ümumdünya Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 46-cı yerdədir, MDB məkanında 1-ci yerdədir. Bax, budur görülmüş işlərin nəticəsi və əlbəttə, biz bu müsbət dinamikanı gündəlik həyatda da görürük. Bizim maliyyə imkanlarımız artır. Bu ilin büdcəsi də rekord səviyyədədir, 20 milyard manata yaxın olan vəsait xərclənəcəkdir. Keçən il biz valyuta ehtiyatlarımızı artıra bilmişik. Baxmayaraq ki, xərclər də kifayət qədər çox idi. Hazırda bizim ümumi valyuta ehtiyatlarımız 46 milyard dollar səviyyəsindədir. Bu, çox böyük rəqəmdir. Hesab edirəm ki, bu, dünya miqyasında çox böyük rəqəmdir. Bəzi hallarda valyuta ehtiyatları ölkələrin ümumi daxili məhsulu ilə müqayisə edilir və hesab edirəm ki, biz bu göstəriciyə görə ən qabaqcıl yerlərdəyik. Bizdə valyuta ehtiyatları ümumi daxili məhsulun 70 faizini təşkil edir. Yəni, iqtisadi sabitlik, - təbii ki, möhkəm siyasi sabitlik üzərində qurulmuş iqtisadi sabitlik,- infrasturktur layihələri, sosial proqramlar və digər sahələrdəki fəaliyyətimiz 2012-ci ildə də çox gözəl nəticələrə gətirib çıxarmışdır" dövlət başçısı deyib.

Sosial məsələlərin həllinə gəldikdə, Prezident bir daha qeyd edib ki, keçən il uzun illər sovet dövründən dondurulmuş vəziyyətdə qalmış əmanətlərə kompensasiya verilməsi proqramı başlamışdır və ilin sonunda mənə verilən məlumata görə, artıq proqramın böyük hissəsi icra edilmişdir. Vətəndaşlara yüz milyonlarla manat vəsait verilmişdir və əminəm ki, bu proqram yaxın aylarda başa çatacaqdır. Biz elə planlaşdırırdıq ki, bu proqramı bu ilin sonuna qədər artıq başa çatdıracağıq. Bu, çox böyük siyasi addım idi. Azərbaycan dövlətinin sosial siyasətinin nə qədər düzgün olduğunu göstərir. Bir də onu göstərir ki, bizim bütün fəaliyyətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı dayanır.
"Keçən il digər sosial proqramlar da icra edilmişdir. Bu il isə bu məqsədlər üçün əlavə vəsait nəzərdə tutulacaq və əminəm ki, sosial siyasətimiz bu il də çox təsirli olacaqdır. Eyni zamanda, keçən il sosial infrastrukturun yaradılması ilə bağlı böyük işlər görülmüşdür - yüzlərlə məktəblər, xəstəxanalar, Olimpiya kompleksləri, digər sosial obyektlər tikilmiş və təmir edilmişdir.
Bu il də investisiya proqramında bu layihələr nəzərdə tutulur. Keçən il məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün ən böyük məbləğ Dövlət Neft Fondu tərəfindən nəzərdə tutulmuşdur, 300 milyon manat vəsait ayrılmışdır. Bu da tarixdə ən böyük ayrılan vəsaitdir. Bu vəsaitin hesabına 20 mindən çox məcburi köçkün yeni mənzillərlə, evlərlə təmin edilmişdir. Bütün bu evlər çox yüksək səviyyədə tikilmişdir, ən yüksək standartlara cavab verir. Mən açılışların böyük əksəriyyətində şəxsən iştirak etmişəm və görmüşəm ki, doğrudan da, köçkünlər üçün yaradılan şərait ən yüksək səviyyədədir. Bu, belə də olmalıdır. Köçkünlər buna layiqdirlər. Bu il də Dövlət Neft Fondunda eyni səviyyədə vəsait nəzərdə tutulub. Bu il də ən azı 20 min köçkün yeni evlərlə, mənzillərlə təmin ediləcəkdir. İstisna olunmur ki, il ərzində bu sahəyə biz əlavə vəsait də ayıra bilək. Çünki bizim maliyyə vəziyyətimiz bir daha demək istəyirəm ki, yaxşıdır. Hər il ayrılan 300 milyon manat vəsait də çox böyük rəqəmdir və biz doğrudan da, il ərzində demək olar ki, bir şəhər yaradırıq.
Regional inkişaf Proqramı da uğurla icra edilib. Qeyd etdiyim kimi, 2004-cü ildə birinci Proqram, 2009-cu ildə ikinci Proqram qəbul edilmişdir. Artıq ikinci Proqram başa çatmaq üzrədir. Qarşıya qoyulmuş bütün vəzifələr icra edilib. Keçən il 117 min yeni iş yeri açılmışdır ki, onlardan 93 mini daimi iş yeridir. Proqramın əvvəlindən 1 milyon 200 min yeni iş yeri açılmışdır ki, bu da öz növbəsində işsizliyin böyük dərəcədə azaldılmasına xidmət göstərmişdir. İşsizliyin səviyyəsi 2012-ci ildə bir qədər aşağı düşmüş və indi 5,2 faiz səviyyəsindədir. İşsizliklə bilavasitə bağlı olan yoxsulluğun səviyyəsi də aşağı düşmüşdür - 7,6 faizdən 6 faizə. Bu, hesab edirəm ki, hətta inkişaf etmiş ölkələr üçün çox gözəl göstəricidir" Prezident nitqində söyləyib.

İlham Əliyevin sözlərinə görə, 2013-cü ildə görüləcək işlər, yeni, infrastruktur layihələrinin, sosial proqramların icrası nəticəsində əmindir ki, yoxsulluq səviyyəsi daha da düşəcək və beləliklə, 10 il bundan əvvəl qarşımıza qoyduğumuz vəzifə, - Azərbaycanda yoxsulluğu tamamilə aradan götürmək vəzifəsi də artıq təmin ediləcəkdir.

"2012-ci ildə Bakı və onun qəsəbələrinin inkişafı Proqramı da uğurla icra edilmişdir, böyük işlər görülmüşdür. Bu il bu Proqram başa çatmalıdır. Bütün qəsəbələrdə infrastruktur layihələri icra edilir, yollar salınır, müasir şərait yaradılır. Bu Proqramın icrası daim nəzarət altındadır və əminəm ki, bu ilin sonuna qədər qəsəbələrin əsas infrastruktur və sosial problemləri öz həllini tapacaqdır. Biz bu məsələyə kompleks şəkildə yanaşmışıq. Proqram çox müfəssəldir, genişdir, dəqiqdir. Hər bir məsələ orada nəzərdə tutulur - su, qaz, işıq, yollar, məktəblər, tibb məntəqələri və digər məsələlər. Bu Proqramın icra edilməsi nəticəsində biz qəsəbələrdə mövcud problemlərin böyük əksəriyyətini, demək olar ki, aradan götürəcəyik.
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə artıq qəsəbə sakinlərinə, iş adamlarına kreditlərin verilməsi prosesi başlamışdır. Qəsəbələrdə yeni iş yerlərinin açılması istiqamətində də böyük işlər görülmüşdür. Keçən il çoxlu sayda yeni müəssisələr yaradılmışdır. Əlbəttə ki, bu, işsizliyin aradan qaldırılması üçün öz müsbət təsirini göstərir.
Keçən il sənayeləşmə istiqamətində çox əlamətdar bir il olmuşdur. Həm iri sənaye müəssisələrinin yaradılması, eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində çox böyük işlər görülmüşdür. Sahibkarlara verilən kreditlərin həcmi artır və bu il də artacaqdır. Bu, real iqtisadiyyata verilən böyük töhfədir və eyni zamanda, Azərbaycan dövlətinin sahibkarlıqla, özəl sektorun inkişafı ilə bağlı siyasətinin təzahürüdür.
Ərzaq təhlükəsizliyi məsələlərini uğurla həll etmişik. Kənd təsərrüfatı məhsullarının təxminən 6 faiz səviyyəsində artırılması əlbəttə ki, görülən işlərin nəticəsidir. Biz bu barədə də danışacağıq, 2013-cü il üçün də konkret təkliflərimiz vardır" dövlət başçısı deyib.

İlham Əliyev bildirib ki, keçən il, eyni zamanda, Azərbaycan enerji sahəsində böyük nailiyyətlərə çatıb.

"Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyamızın icrası nəticəsində biz enerji sahəsində dünya miqyasında çox ciddi ölkəyə çevrilmişik. Neft-qaz layihələrimiz, neft-qaz kəmərlərimiz bu gün Azərbaycanı doğrudan da, dünya miqyasında çox önəmli neft, qaz hasil və ixrac edən ölkəyə çeviribdir.
Keçən il də bu siyasətin davamı olaraq çox önəmli və deyə bilərəm ki, tarixi hadisə baş vermişdir - biz TANAP layihəsinin təməlini qoymuşuq. Bu layihənin təşəbbüskarı Azərbaycan olmuşdur. Ən böyük maliyyə yükünü də biz öz üzərimizə götürmüşük. Bununla bərabər, bütün riskləri, bütün texniki riskləri Azərbaycan öz üzərinə götürmüşdür. Biz demək olar ki, bölgədə icra edilən bütün layihələrin təşəbbüskarı olmuşuq. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, ondan sonra Bakı-Novorossiysk boru kəmərlərinin tikintisi və bərpası layihələrinin təşəbbüskarı olmuşuq. Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinin təşəbbüskarı olmuşuq. TANAP layihəsinin də təşəbbüskarı məhz Azərbaycandır. Bizim bu sahədəki liderliyimiz gözəl nəticələrə gətirib çıxarıb. Biz nəinki ölkəmizi inkişaf etdiririk, eyni zamanda, inkişafımız bölgəyə də müsbət təsir göstərir, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün bizə imkan yaradır. Təsadüfi deyildir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış sənədlərdə Azərbaycan bu sahədə çox önəmli və həlledici tərəfdaş kimi göstərilir.
TANAP layihəsi təşəbbüsünün irəli sürülməsi bizim çox ciddi addımımız idi. Mən çox şadam ki, qısa müddət ərzində TANAP layihəsi dünyada çox böyük dəstəyə malik oldu. Dünyanın aparıcı ölkələri birmənalı şəkildə bizim təşəbbüsümüzü dəstəkləmişlər. Beynəlxalq qurumlar da eyni dərəcədə mövqeyimizi dəstəkləmişlər.
TANAP layihəsi regional çərçivədə artıq qəbul edilir. Çox şadam ki, biz indi tərəfdaş ölkələrlə bu layihənin icra edilməsi üçün konkret tədbirlər görürük və 2013-cü ildə əlavə tədbirlər görüləcəkdir. Bu layihənin icrası bizim uzunmüddətli inkişafımızı təmin edəcəkdir. Vaxtilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin layihəsi də ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanı irəliyə aparan layihə kimi təqdim edilmişdir. Bu gün biz bunun gözəl bəhrələrini görürük. TANAP layihəsi də bundan sonra onilliklər ərzində Azərbaycanın iqtisadi və digər maraqlarını eyni dərəcədə təmin etmək üçün çox ciddi bir vasitə olacaqdır. Bu layihənin icrası üçün güclü iradəmiz vardır. Bu, birinci növbədə lazım olan məsələdir. Eyni zamanda, texniki imkanlarımız vardır. Əvvəlki layihələrin icrası nəticəsində əldə edilmiş maliyyə imkanlarımız vardır. Beynəlxalq maliyyə qurumları ilə səmərəli əməkdaşlığımız da artır və bu, gözəl tarixə malikdir. Bu gün maliyyə qurumları Azərbaycana kredit vermək üçün bəlkə də bir-biri ilə rəqabət aparırlar. Biz bu gün istənilən həcmdə və ən məqbul şərtlərlə kreditləri götürürük. Əslində, indi hökumətə göstəriş vermişəm ki, kreditlərin sayını bir az azaldaq, çünki çox da dövlət borcu yaranmasın. Baxmayaraq ki, bizim dövlət borcumuz ümumi daxili məhsulun cəmi 7-8 faizini təşkil edir, bu da dünya miqyasında nadir göstəricidir. Yəni, bizim enerji sahəsindəki fəaliyyətimiz dinamik xarakter daşıyır. Bir daha demək istəyirəm, iqtisadi siyasətimizin əsas mahiyyəti ondan ibarətdir ki, iqtisadiyyatımız şaxələndirilsin və biz qeyri-neft sektorunun inkişafına daha da böyük həcmdə nail olaq. Ancaq eyni zamanda, enerji məsələlərinin həlli həm neft, həm qaz hasilatı ilə bağlı regional layihələrimiz gündəlik həyatda daim diqqət altındadır.
Çox şadam ki, beynəlxalq enerji ailəsi də Azərbaycanı müsbət tərəfdən tanıyır, bizə etibarlı tərəfdaş kimi inanır. Eyni zamanda, lazım gələndə biz öz ciddi sözümüzü də deyirik. Çünki mən hesab edirəm ki, bütün sahələrdə - siyasətdə də, iqtisadi əməkdaşlıqda da insanlar və dövlətlər səmimi olmalıdırlar, öz mövqeyini bildirməlidirlər. Əgər hər hansı bir narahatedici məqam varsa, biz onu malalamamalıyıq, əksinə üzə çıxarmalı və ölçülər götürməliyik.
Mən çox şadam ki, bir qədər əvvəl Nazirlər Kabinetinin toplantısında neftin hasilatı ilə bağlı dediyim narahatedici sözlər bizim tərəfdaşlar tərəfindən düzgün anlaşıldı və görülən tədbirlər nəticəsində deyə bilərəm ki, 2013-cü ildə neftin hasilatı sabitləşəcəkdir. bp şirkəti ilə aparılan danışıqlar nəticəsində biz buna nail olduq. Mən çox şadam ki, bp ilə SOCAR arasındakı qarşılıqlı anlaşma bərpa edildi və uzun tarixə malik olan bu əlaqələr bu gün yeni mərhələyə çıxır. Çünki gələcəkdə görüləsi işlər çoxdur. "Şahdəniz-2" layihəsinin icrası, neft hasilatının uzun illər bundan sonra sabit səviyyədə saxlanması, regional layihələr, TANAP layihəsi və digər layihələr bizim əməkdaşlığımızı möhkəmləndirir. Bir daha demək istəyirəm ki, biz həm yaxşı tərəfləri, həm də narahat edən tərəfləri açıq şəkildə müzakirə etməliyik və edirik. Əsas məsələlər gündəlik, yəni, gərgin işin nəticəsində öz həllini tapır. Hesab edirəm ki, bu, düzgün yanaşmadır. Çünki biz tərəfdaşlarımızı qiymətləndirməliyik. Əgər biz onlardan da müsbət cavab görürüksə, əlbəttə bu, bizi sevindirir və əməkdaşlığın davam etdirilməsi üçün çox gözəl şərait yaradır.
Əlbəttə ki, mən bir çıxışda 2012-ci ildə görülmüş bütün işləri əhatə edə bilmərəm. Ancaq çalışdım ki, əsas məqamları bildirim. Bu gün biz həm yekunları müzakirə edəcəyik və eyni zamanda, ən önəmlisi ondan ibarətdir ki, gələn ilin planları haqqında danışacağıq" İlham Əliyev iclasın giriş nitqində deyib.

XXX

Əvvəlki illərdə əldə edilmiş uğurlar 2013-cü ildə çox vacib rol oynayacaqdır. Çünki əvvəlki illərdə qəbul edilmiş proqramlar və icra edilmiş layihələr bu ilin uğurlu inkişafını da təmin etməlidir. Nəzərə alsaq ki, son illər ərzində, ümumiyyətlə müstəqil Azərbaycan dövlətinin tarixində 2013-cü ilin büdcəsi ən böyük büdcədir, hesab edirəm ki, biz bütün vəzifələri uğurla icra edəcəyik. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib

"Dövlət büdcəmizin xərcləri təxminən 20 milyard manat səviyyəsindədir. Əlbəttə, bu, böyük rəqəmdir. Bu vəsait bizə imkan verəcək ki, ölkə qarşısında duran əsas infrastruktur layihələrini başa çatdıraq. Bizim düşünülmüş siyasətimiz, eyni zamanda, planlı addımlarımız məhz ona hesablanıb ki, bütün infrastruktur layihələri bu ilin sonuna qədər başa çatsın" İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, bu layihələrin bəziləri əvvəlki illərdə, bəziləri keçən il başlanmışdır.

"Ancaq bu layihələrin icra edilməsi nəticəsində biz bütün infrastrukturumuzu yeniləşdirəcəyik. Çünki bizim infrastruktur layihələrimizin yaradılması sovet dövründən başlamışdır. Onların bir hissəsi köhnəlmiş, bir hissəsi sıradan çıxmışdır. Həyat yerində durmur, indi yeni texnologiyalar vardır, yeni ixtiralar üzə çıxıbdır. Biz elə etməliyik ki, gələn ildən başlayaraq bizim infrastruktur sahəsində heç bir çatışmazlıq olmasın. Hesab edirəm ki, Dövlət İnvestisiya Proqramının həcmi və istiqamətləri bu məqsədə çatmaq üçün bizə imkan yaradacaqdır. Nəzərə alsaq ki Dövlət İnvestisiya Proqramı ilin əvvəlində deyil, ilk dəfə olaraq ötən ilin sonunda qəbul edilmişdir, biz vaxt itirmədən işlərə başlamalıyıq və artıq başlamışıq. İnfrastruktur layihələri arasında əlbəttə ki, prioritetlər vardır. Bu prioritetlər artıq neçə ildir ki, Dövlət İnvestisiya Proqramında öz əksini tapır. Dövlət investisiyaları, əlbəttə, infrastruktur layihələrinin təkmilləşməsinə xidmət göstərir. Ancaq eyni zamanda, biz görürük ki, dövlət investisiyaları özəl sektordakı vəziyyətə canlanma gətirir. Özəl investisiyalar da böyük həcmdə gözlənilir. Mən giriş sözümdə qeyd etdim ki, keçən il tarixdə ən böyük investisiyalar Azərbaycana qoyulmuşdur, 22 milyard dollardan çox. Hesab etmək olar ki, bu səviyyə bu il də qorunub saxlanılacaqdır. Beləliklə, həm dövlət, həm yerli və xarici özəl şirkətlər tərəfindən qoyulacaq sərmayə ölkəmizi daha da möhkəmləndirəcəkdir. Prioritetlərə gəldikdə isə, yenə də deyirəm, biz infrastruktur layihələrimizi ardıcıllıqla icra etməyə başlamışdıq. İlk növbədə, ölkəmizin enerji potensialının yaradılmasına çalışırdıq" Prezident yekun nitqində bildirib.

İlham Əliyev bildirib ki, son illər ərzində 1500 meqavat gücündə yeni elektrik stansiyaları fəaliyyətə başlamışdır.

"Bu gün biz nəinki özümüzü təmin edirik, eyni zamanda, başqa ölkələrə də enerjimizi ixrac edirik. Azərbaycan öz enerjisini qonşu ölkələrə də ixrac edir. Yəni bu, prioritet idi. Çünki bunsuz heç bir inkişaf mümkün deyildir. Biz artıq bu sahədə böyük dərəcədə uğurlara nail olmuşuq. Generasiya güclərimizi böyük dərəcədə artıra bilmişik. Bu il "Cənub" elektrik stansiyasının işə düşməsi, - bu da təqribən 800 meqavat gücünə yaxın olan bir stansiyadır, - bizim bu sahədəki vəziyyətimizi daha da yaxşılaşdıracaqdır. Çünki həm istehsal gücü artır, eyni zamanda, itkilər də azalır. Əvvəlki dövrlə müqayisədə itkilər böyük dərəcədə aşağı düşmüşdür. Bu gün itkilər demək olar ki, qəbul edilmiş normalar səviyyəsindədir. Ancaq bununla bərabər, biz bu sahədəki fəaliyyətimizi davam etdirəcəyik. "Şimal-2" elektrik stansiyasının tikintisi davam edir. O da təqribən 400 meqavata yaxın əlavə gücün yaradılmasına xidmət göstərəcəkdir.
Onu da nəzərə almalıyıq ki, istehlak ildən-ilə artır. Əgər əvvəlki dövrdə qışla yay arasında fərq var idisə, qışda daha çox enerji istehlak olurdu, yayda daha az. Artıq bu fərq də aradan götürülübdür. Bunun da başlıca səbəbi ondan ibarətdir ki, insanların yaşayış səviyyəsi artır. İndi yayda kondisionerlərdən daha çox istifadə olunur. Əvvəlki illərdə bu, belə deyildi. Tələbat, əhali, iqtisadiyyat artır. Biz elə etməliyik ki, generasiya güclərimiz tələbatdan daim çox olsun.
Biz artıq bərpa olunan enerji növlərinin yaradılması ilə ciddi məşğuluq. Keçən il bu sahədə ciddi addımlar atılmışdır. Günəş panelləri istehsal edən zavod işə başlamışdır. Artıq su mənbələrimiz səmərəli şəkildə bu işlərə cəlb edilmişdir. Keçən il Füzuli Su Elektrik Stansiyasının işə düşməsi bu sahədə böyük addım idi. Bu, 25 meqavat gücündə bir stansiyadır. Kiçik çaylarda 1, 2, 3, 5 meqavat gücündə stansiyaların tikintisi davam edir. Biz su mənbələrimizi maksimum dərəcədə bu işlərə cəlb etməliyik ki, bərpa olunan enerji növləri ümumi enerji balansımızda artsın. İnfrastruktur layihələri arasında təbii ki, enerji təchizatından sonra qazlaşdırma layihələri də çox mühüm əhəmiyyət daşıyırdı. Son illər bu sahədə də aparılan işlər təqdirəlayiqdir. Bu ilin investisiya proqramında da bu məqsədlər üçün vəsait nəzərdə tutulur. Hesab edirəm ki, bu ilin sonuna qədər ölkəmizin ümumi qazlaşdırma səviyyəsi 90 faizə çata bilər. Hər halda biz buna çalışırıq. Bölgələrdə gedən işlər deməyə əsas verir ki, biz bu hədəfə çatacağıq. Bu da çox yüksək göstəricidir. Nəzərə alsaq ki, ölkəmizin bir hissəsini dağlıq ərazilər təşkil edir, oraya qaz xətlərinin çəkilişi həm iqtisadi cəhətdən səmərəsizdir, həm texniki cəhətdən çox çətindir. Biz əhalimizin böyük hissəsini qazla təmin edəcəyik. Yeni borular çəkilir, yeni ölçü mexanizmləri, sayğaclaşma tamamilə yeni səviyyədə aparılır. Biz bu sahədə infrastrukturumuzu demək olar ki, tamamilə yeniləşdirəcəyik" dövlət başçısı bildirib.

Elektrik enerjisinin təchizatına gəldikdə isə, Prezident qeyd edib ki, generasiya ilə bağlı artıq işlər yüksək səviyyədədir. Amma xətlərdə hələ ki, problemlər vardır.

"Xətlərin yenilənməsi istiqamətində bu ilin investisiya proqramında vəsait nəzərdə tutulubdur. Bu işlər vaxtında icra edilməlidir. Biz ardıcıl olaraq bir neçə il bundan əvvəl içməli su və kanalizasiya layihələrinin icrasına çox ciddi şəkildə başlamışıq. Bu, çox böyük layihədir. Ölkəmiz üçün bunun əhəmiyyəti çox böyükdür. Çünki bütün dövrlərdə Azərbaycanda, Bakıda və digər bölgələrə içməli su problemi çox kəskin dayanmışdır. Bölgələrdə, ümumiyyətlə, kanalizasiya xətləri yox idi. Bakının da kanalizasiya sistemi köhnəlmişdir. Bu sahədə böyük quruculuq işləri aparılır və biz yenə də maksimum səviyyədə hədəf seçmişik ki, bu sahədə infrastruktur tamamilə yenilənsin. İndi həm Bakıda, həm bütün bölgələrdə içməli su və kanalizasiya layihələri icra edilir. Ümid edirəm ki, içməli su ilə bağlı layihələr, hər halda onların böyük əksəriyyəti bu ilin sonuna qədər başa çatacaqdır. Bununla paralel olaraq, kanalizasiya xətlərinin çəkilişi də davam etdirilir. Bu da tarixi bir nailiyyət olacaqdır. Çünki təmiz içməli su ilə əhalimizi təmin etmək çox böyük işdir. İnsanların rahatlığı, sağlamlığı üçün bunun əvəzsiz rolu olacaqdır. Yəni, bunlar investisiya proqramında nəzərdə tutulan əsas infrastruktur layihələridir. Bütün müvafiq qurumlar öz vəzifə borcunu yerinə yetirirlər. Bu layihələr keyfiyyətlə və vaxtında icra edilməlidir" dövlət başçısı yekun nitqində söyləyib.

Prezident bildirib ki, eyni zamanda, Dövlət İnvestisiya Proqramında magistral yolların çəkilişinin davamı və yeni yolların çəkilişinin başlanması vardır.

"Biz son illər ərzində bu sahədə də çox işlər görmüşük, magistral yollarımızı böyük dərəcədə bərpa edə bilmişik və yeni yollar salınıbdır. İndi bütün magistral yollarda işlər gedir və bu işlər artıq tamamlanır. Bununla bərabər, şəhərlərarası yolların çəkilişi də gedir. Bu sahəyə də bu il vəsait qoyulacaqdır. Biz artıq bir neçə ildir ki, kənd yollarının çəkilişi ilə çox ciddi məşğul olmağa başlamışıq. Bütün rayonlarda bu layihələr icra edilir. Bu layihələrin icrası rayonlardan gəlmiş sifarişlər, əhalidən gələn müraciətlər əsasında təşkil edilibdir. İlk növbədə, biz çalışmışıq ki, əhalinin ən çox məskunlaşdığı kəndlərimizi yeni yollarla təmin edək. Kəndlərarası yolların çəkilişi geniş vüsət almışdır. Keçən il bu məqsədlər üçün həm dövlət büdcəsindən, həm Prezidentin ehtiyat fondundan yüz milyon manatdan artıq vəsait ayrılmışdır. Bu il də bu məbləğ ondan az olmamalıdır. Çalışmalıyıq ki, yaxın illərdə bütün kənd yollarını tikək. Çünki onların əksəriyyəti torpaq yollar idi və qar, yağış yağan kimi o yollar keçilməz olurdu. İndi bütün yollara asfalt salınır. Ancaq əlbəttə ki, biz bu işləri digər infrastruktur layihələri ilə uzlaşdırmalıyıq, xüsusilə, yeraltı kommunikasiyaların - su, qaz xətlərinin çəkilişi ön planda olmalıdır. Ondan sonra yollar salınmalıdır, yəni, ardıcıllıq məhz belə olmalıdır. Mən infrastruktur layihələri arasında, eyni zamanda, meliorasiya layihələrini qeyd etmək istəyirəm. Bu sahəyə də biz böyük vəsait ayırmışıq. Həm Dövlət Neft Fondunun xətti ilə, eyni zamanda, dövlət büdcəsinin xətti ilə" dövlət başçısı qeyd edib.

İlham Əliyevin sözlərinə görə, hazırda Azərbaycanda iki nəhəng layihə - Taxtakörpü su anbarı-Samur-Abşeron kanalı və Şəmkirçay su dəryaçası layihələri icra edilir.

"Bu layihələrin icrası nəticəsində on minlərlə hektar torpaq dövriyyəyə buraxılacaq və minlərlə fermer bundan bəhrələnəcəkdir. Bu layihələr çox böyük maliyyə vəsaiti tələb edir və biz bu vəsaiti ayırırıq. Çünki bu, ölkə iqtisadiyyatı, biznesin aparılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün lazımdır. Taxtakörpü su anbarı bu il istifadəyə verilməlidir. Şəmkirçay su anbarı isə yəqin ki, gələn il istifadəyə veriləcəkdir. Hər halda, Dövlət İnvestisiya Proqramında və Neft Fondunun investisiya layihələrində bu sahəyə kifayət qədər böyük məbləğ ayrılır. Sadəcə olaraq, bütün işlər yüksək keyfiyyətlə və vaxtında aparılmalıdır. Deyə bilərəm ki, əsas infrastruktur layihələrimiz bunlardır və yenə də qeyd etmək istəyirəm ki, bu layihələrin əsas hissəsi bu ilin sonuna qədər başa çatmalıdır. Biz 2004-cü ilin əvvəlində birinci regional proqramı qəbul edərkən məhz belə də planlaşdırırdıq ki, iki beşillik proqram bizə ölkə qarşısında duran bütün sosial infrastruktur layihələrinin icrasına imkan verəcəkdir.
Eyni zamanda, bu ilin büdcəsində sosial sferaya ayrılan vəsait də kifayət qədər böyükdür. Qeyd etdiyim kimi, əmanətlərin kompensasiyası prosesi başa çatmalıdır. Artıq burada heç bir şübhə yoxdur ki, bu, uğurla başa çatacaqdır. Sosial infrastrukturun tikilməsi nəzərdə tutulur. Məktəb, xəstəxana, mədəniyyət ocaqlarının, idman komplekslərinin tikintisi nəzərdə tutulur. Yetmişdən çox tibb müəssisəsi yenidən tikiləcək, təmir ediləcəkdir. Son on il ərzində 2500-ə yaxın məktəb tikilmişdir və proses hələ də davam edir. Bizdə, ümumiyyətlə, 4500-dən bir qədər çox məktəb var ki, onların böyük hissəsi qəzalı vəziyyətdə idi. İndi qəzalı vəziyyətdə olan məktəblərin sayı böyük dərəcədə azalıbdır. Çalışacağıq ki, bu il ümumiyyətlə, bütün qəzalı vəziyyətdə olan məktəbləri yenidən quraq və təmirə ehtiyacı olan məktəblər də tədricən təmir ediləcəkdir. Bakı şəhərindəki məktəblərə gəldikdə, bu il bütün məktəblərin təmir-tikinti işləri başa çatmalıdır. Bu məsələ daim diqqət, nəzarət altındadır. Bu il Bakıda və gələn illərdə bütün bölgələrdə bir dənə də olsun nəinki qəzalı, təmirsiz, yaxşı təmir olunmayan məktəb qalmamalıdır.
Bu il, eyni zamanda, maaşların və pensiyaların artırılması nəzərdə tutulur. Bu da mütəmadi qaydada həyata keçirilən məsələdir. Artıq burada qeyd olundu ki, Azərbaycanda orta maaş və orta pensiya artır. Əgər biz MDB məkanında müqayisə aparsaq, bu, yüksək səviyyədədir. Orta əməkhaqqı 500 dollardan çoxdur. Orta pensiya 200 dollara yaxındır. Əvəzləşmə əmsalı da inkişaf etmiş ölkələrin səviyyəsindədir. Pensiya maaşın 40 faizini təşkil edir. Ancaq əlbəttə ki, bu, bizi qane etmir. Baxmayaraq ki, son illərdə əməkhaqları və pensiyalar bir neçə dəfə artmışdır, biz çalışmalıyıq ki, daha da böyük artıma nail olaq" Prezident çıxışında söyləyib.

Dövlət başçısının sözlərinə görə, biznes mühitinin yaxşılaşdırılması, yeni müəssisələrin işə salınması və sənayeləşmə ilə bağlı planlarımız həyata keçirildikdə, əlbəttə ki, insanların, yəni özəl sektorda fəaliyyət göstərənlərin yaşayış səviyyəsi yaxşılaşdırılacaqdır. Dövlət sektorunda işləyənlərin isə maaşları qaldırılmalıdır və qaldırılacaqdır. Yəni, cari ilin büdcəsində bu, nəzərdə tutulubdur

"Qarşıda duran vəzifələrdən biri də bu il makroiqtisadi sabitliyi qoruyub saxlamaqdır. Mən hesab edirəm ki, burada biz heç bir problemlə üzləşməyəcəyik. Çünki giriş sözümdə dediyim kimi, baxmayaraq ki, ötən il investisiyalar da böyük həcmdə qoyulmuşdur, əmanətlərin qaytarılması da başlamışdır, inflyasiya cəmi 1,1 faiz təşkil etmişdir. Əlbəttə, biz çalışmalıyıq və əminəm, buna nail olacağıq ki, inflyasiya bu il də birrəqəmli olsun. Birrəqəmli inflyasiya ölkənin uğurlu inkişafını təmin edir və əhalinin real pul gəlirlərini artırır. Makroiqtisadi sabitlik daim nəzarət altındadır. Hesab edirəm ki, bu sahədə də heç bir problem olmayacaqdır" dövlət başçısı bildirib.

İlham Əliyev vurğulayıb ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır. Son illər ərzində bu sahədə böyük uğurlar əldə edilmişdir.

"Bu siyasət məqsədyönlü şəkildə davam etdiriləcəkdir. Burada biz müxtəlif alətlərdən istifadə edirik. Əlbəttə ki, cəza tədbirləri, inzibati tədbirlər mühüm yer tutur və bu sahədə bizim amansız mübarizəmiz davam etdiriləcəkdir. Bu məsələ ilə məşğul olan bütün dövlət qurumlarına bir daha tapşırıq verirəm ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır, biz bu bəlanı aradan götürməliyik. Bununla bərabər, institusional tədbirlər də, sistem xarakterli tədbirlər də görülməlidir və görülür. Onların arasında elektron xidmətlərə keçid məsələləri də mühüm yer tutur. Burada qeyd olunduğu kimi, İKT sahəsində Azərbaycan, doğrudan da, son illər ərzində böyük uğurlar əldə edibdir. Bu, həm biznes, həm zəka, intellekt sahəsidir. Eyni zamanda, innovasiya və şəffaflığa təkan verən, xidmət göstərən bir sahədir. Biz bu imkanlardan daha da geniş şəkildə istifadə etməliyik. Elektron xidmətlərin sayı artmalıdır və bu sahədə görülən işlər davam etdiriləcəkdir. İctimai nəzarət daha da güclü şəkildə təşkil edilməlidir. Şəffaflıq maksimum dərəcədə təmin edilməlidir. Yenə də deyirəm, cəza tədbirləri, inzibati tədbirlər, institusional sistem xarakterli tədbirlər əminəm ki, gələcəkdə də korrupsiyaya qarşı mübarizədə bizə kömək edəcəkdir. Keçən ilin sonunda biz bu sahədə, yəni bütün bu vacib sahələri ehtiva edən yeni qurumun yaradılmasına nail ola bilmişik. "ASAN xidmət" artıq öz fəaliyyətinə başlayır və bu xidmətdə məhz dediyim amillər cəmləşir - həm innovasiya, insanlara xidmət, korrupsiyaya qarşı mübarizə, şəffaflıq, yenilik, müasirlik. Məhz ölkəmiz bu istiqamətdə inkişaf etməlidir. Buna nail olmaq üçün, əlbəttə, biz kadr potensialının hazırlanmasına bundan sonra da çox ciddi fikir verməliyik" Prezident qeyd edib.

Azərbaycan gəncliyinə toxunan Prezident isə deyib:

"Mən çox şadam ki, indi Azərbaycanda müxtəlif yerlərdə gənc, müasir kadrlar fəaliyyətə başlayır, yetişir. Onlar vətənpərvərlik ruhunda tərbiyə olunub, eyni zamanda, bilikli, savadlı gənclərdir. Onlar bizim gələcəyimizdir. Ölkəmizi gələcəkdə də uğurla idarə etmək üçün bu gün güclü gənc kadr potensialı yetişməlidir. Bu məqsədə çatmaq üçün biz müxtəlif imkanlardan istifadə edirik. Bildiyiniz kimi, gənclərimizi xaricdə oxuduruq, onları dövlət hesabına inkişaf etmiş ölkələrin aparıcı ali məktəblərinə göndəririk. Bu, əlbəttə müsbət təşəbbüs idi və davam edir. Ancaq mən hesab edirəm ki, indi daha çox ölkə daxilində biz elə sistem yaratmalıyıq ki, müasir biliklərə çatmaq, onları əldə etmək üçün bütün imkanlar olsun. Bu sahədə də tədbirlər görülür və görüləcəkdir. Biz yeni texnologiyaları, müasir yanaşmanı tələb edən sahələrə gəncləri daha da çox cəlb etməliyik".

Maliyyə məsələləri ilə bağlı olan bir məsələni də qeyd edən dövlət başçısının sözlərinə görə, baxmayaraq ki, o bu məsələ barədə dəfələrlə fikirlərini, iradlarını bildirib və müəyyən işlər görülübdür, ancaq hələ ki, lazımi səviyyədə deyildir.

"Azərbaycanda nağdsız ödəmələr çox aşağı səviyyədədir. Bu, böyük problemdir. Bu, bir tərəfdən bu sistemdə şəffaflığın tam təmin edilməsi üçün bizə imkan vermir, eyni zamanda, xoşagəlməz halların mövcudluğunu da şərtləndirir. Hesab edirəm ki, bu il daha da ciddi tədbirlər görülməlidir. Mən təkliflər gözləyirəm ki, nağdsız hesablaşmaların, ödəmələrin sayı artsın. 2012-ci ildə doğrudan da, bu sahədə çox böyük işlər görülmüşdür və mən bu işləri qiymətləndirirəm. Hesab edirəm ki, biz bu il və bundan sonrakı illərdə də bu sahəyə çox ciddi fikir verməliyik. Burada, necə deyərlər, heç bir yeni üsul icad etməməliyik, inkişaf etmiş ölkələrin təcrübələrinə baxmaq kifayətdir.
Əlbəttə, Azərbaycan inkişafda olan dövlətdir və bizdə bu sahədə hələ ki, vəziyyət inkişaf etmiş ölkələrdəki kimi deyildir. Amma, biz buna çatmalıyıq. Çünki biz qarşıya hədəf qoymuşuq ki, bütün sahələrdə inkişaf etmiş ölkələrin səviyyəsində olmalıyıq və onların müsbət təcrübələrini Azərbaycanda tətbiq etməliyik. Bu sahə də çox vacib sahədir. Bu, bizə imkan verəcək ki, öz maliyyə və iqtisadi sahəmizdə şəffaflığı artıraq və insanlara daha da yaxşı xidmət göstərək" Prezident qeyd edib.

İlham Əliyev regionların inkişafı ilə bağlı, hesab edir ki, bu il də bütün işlər yüksək səviyyədə aparılacaqdır.

"Regionların inkişafı bilavasitə Dövlət İnvestisiya Proqramının tərkib hissəsidir. İnvestisiyaların böyük əksəriyyəti regionlara yönəldilibdir və ikinci Regional İnkişaf Proqramı əminəm ki, uğurla başa çatacaqdır. Eyni zamanda, regionların, xüsusilə sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətini də mən yüksək qiymətləndirirəm. Bu Fondun xətti ilə bu günə qədər təxminən 1 milyard manata yaxın vəsait aşağı faizlərlə kredit şəklində sahibkarlara verilmişdir və çox şadam ki, bu vəsait qaytarılır. Sahibkarlar bu kreditlərə böyük məsuliyyətlə yanaşırlar və eyni zamanda, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafı üçün öz metodik tövsiyələrini verir və eyni zamanda, biznesin düzgün aparılması üçün istiqamət göstərir. Yəni, biz özəl sektorun, sahibkarlığın inkişafına təkcə maliyyə prizmasından yanaşmırıq, eyni zamanda, tövsiyələr, məsləhətlər də verilir.
Bu il sahibkarlara 250 milyon manat güzəştli kredit veriləcəkdir və bu vəsaitin 83 faizi regionların payına düşür. Hesab edirəm ki, biz görülən işlər nəticəsində regionların inkişafına böyük xidmət göstərmişik, regionlarla paytaxt arasındakı fərqi azalda bilmişik. Bunu etmək çox çətindir. Çünki paytaxt da çox sürətlə inkişaf edir və bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Ancaq şadam ki, bölgələrdə də yerli vətəndaşlar, icra orqanlarının nümayəndələri, fəallar çalışırlar ki, onların da şəhərləri, qəsəbələri, kəndləri gözəlləşsin. Kreditlərin verilməsi özünü doğruldub, ildən-ilə məbləğ artır və biz bu 250 milyonu daha çox əvvəlki illərdə verilmiş və qaytarılan vəsaitlər hesabına təmin edirik.
Bununla bilavasitə bağlı olan ərzaq təhlükəsizliyi məsələləri də daim diqqət mərkəzindədir. Mən çox şadam ki, biz qarşıya qoyulmuş hədəfə yaxınlaşırıq. Keçən dəfə sahibkarlarla görüşdə qeyd etmişdim ki, indi biz özümüzü əsas ərzaq malları ilə təmin edirik. Amma əlbəttə, istərdim ki, biz özümüzü 100 faiz təmin etmək səviyyəsinə çataq. Artıq görülən işlər, xüsusilə iri fermer təsərrüfatlarının yaradılması, meliorativ tədbirlərin görülməsi, kreditlərin verilməsi, infrastruktur, yolların və s. məsələlərin həlli hesabına biz buna nail olacağıq ki, Azərbaycan özünü əsas ərzaq məhsulları ilə tam şəkildə təmin etsin. Bu, tarixi nailiyyət olacaqdır. Bu, gələcəyə hesablanmış bir addım olacaqdır. Çünki əlbəttə ki, biz dünya iqtisadiyyatının bir parçasıyıq və Azərbaycanda çatışmayan, yəni istehsalı lazımi səviyyədə olmayan məhsulları idxal edirik. Ancaq hesab edirəm ki, hər bir ölkə əsas ərzaq məhsulları ilə özünü təmin etməlidir. Bu, həm təhlükəsizlik nöqteyi-nəzərdən vacibdir, eyni zamanda, yerli istehsalın gücləndirilməsi deməkdir və dövlətimiz bu məqsədə çatmaq üçün demək olar ki, hər şeyi edir. İnfrastruktur layihələri dövlət hesabına icra edilir, kənd infrastrukturuna milyardlarla vəsait qoyulur. Kreditlər sahibkarlara dövlət qurumları tərəfindən güzəştli şərtlərlə verilir ki, onlar öz bizneslərini qursunlar. "Aqrolizinq" tərəfindən gətirilən texnika icarəyə verilir. Hətta biz iribuynuzlu mal-qaranı da alıb gətirdir, fermerlərə paylayırıq ki, onlar biznes qursunlar. Kəndlilər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Gübrələr, yanacaq güzəştli şərtlərlə verilir. İkinci belə ölkə tapılmaz ki, fermerlərə bu qədər şərait yaradır, güzəşt edir və bu qədər vəsait ayırır. Bunu biz insanların yaxşı yaşaması, biznes şəraitinin yaxşılaşdırılması və kənd təsərrüfatının inkişafı üçün edirik. Biz, yenə də deyirəm, bu sahədə böyük ixracatçı ölkəyə çevrilə bilərik və artıq çevrilirik. Yəni, bu il bu məsələ də xüsusi diqqət tələb edir və bütün lazımi tədbirlər görülməlidir, o cümlədən investisiya proqramında da bu, öz əksini tapıbdır" dövlət başçısı bildirib.

İlham Əliyev qeyd edib ki, Bakı və onun qəsəbələrinin inkişafı proqramı bu il başa çatmalıdır. Bu da çox ciddi, böyük, qısamüddətli, eyni zamanda, çox təsirli proqramdır və bu il biz bu proqramı başa çatdıracağıq.

"Hesab edirəm ki, 2013-cü ildə sənaye istehsalı ilə bağlı, çox ciddi addımlar atılacaqdır. Bütün hazırlıq işləri görülüb. Nəinki hazırlıq işləri görülüb, eyni zamanda, artıq burada qeyd olundu, böyük sənaye müəssisələri işə düşüb. Onların bir hissəsi dövlət, böyük hissəsi isə özəl sektor tərəfindən icra edilib. Əvvəlki illərdə qeyd etdiyim kimi, Azərbaycanda bir neçə sənaye mərkəzi yaradılır. Gəncədə, Sumqayıtda, Bakının Qaradağ rayonunda, digər yerlərdə böyük sənaye obyektləri tikilir və 2013-cü ildə bu istiqamətdə daha da böyük işlər görüləcəkdir. Xüsusilə sənaye istehsalının təşviqi üçün yeni qaydaların tətbiq edilməsi, texnoparkların fəaliyyətinin gücləndirilməsi və bu fəaliyyəti gücləndirmək üçün əlavə tədbirlərin görülməsi, güzəştlərin verilməsi məsələləri nəzərdə tutulub. Qaldı ki, sahibkarlar, yerli və xarici şirkətlər, kiçik və böyük şirkətlər bu imkanlardan istifadə etsinlər. Azərbaycanda bütövlükdə investisiya iqlimi çox yaxşıdır. Birbaşa xarici sərmayələrin qoyuluşuna görə biz MDB məkanında liderlik mövqelərimizi uzun illərdir ki, saxlaya bilmişik. Bizneslə məşğul olmaq üçün bütün imkanlar vardır, heç bir məhdudiyyət yoxdur, əksinə, qeyd etdiyim kimi, dövlət də öz dəstəyini əsirgəmir. Texnoparkların fəaliyyəti üçün yenə də dövlət tərəfindən builki, investisiya proqramında kifayət qədər böyük vəsait nəzərdə tutulur ki, o ərazilər təmizlənsin, orada bütün infrastruktur, kommunikasiyalar, dəmir yolu xətləri yaradılsın. Yerlər artıq müəyyən edilib, təmizlik işləri gedir. Yenə də deyirəm, qaldı ki, sahibkarlar, investorlar, gəlsinlər, şirkətlər qursunlar və biz ölkəmizə lazım olan sənaye məhsulunun istehsalına böyük həcmdə nail olaq. Sənayeləşmə siyasətimiz imkan verəcək ki, biz bundan sonrakı illərdə də iqtisadi inkişafa nail olaq.
Çünki giriş sözümdə qeyd etdiyim kimi, ötən il qeyri-neft iqtisadiyyatımız 9,7 faiz artmışdır. Əslində, iqtisadi artım bu deməkdir. Çünki neft sektorunda qeyd etdiyim kimi, azalma olmuşdur. Yəni, bunu biz sənayeləşmə və biznes mühitinin yaxşılaşdırılması hesabına təmin edə bilmişik. Biz elə etməliyik ki, bu inkişaf templərini saxlayaq və hesab edirəm ki, qeyri-neft sektorunda inkişaf on faiz səviyyəsində olmalıdır. Biz buna nail ola bilsək, o zaman uzunmüddətli perspektivdə ölkəmizin çox güclü sənaye potensialı yaranacaqdır. Bu potensial bu gün artıq yaranmaqdadır. Biz artıq xarici bazarlara çıxırıq, yeni bazarlar aşkarlayırıq. Bu sahədə, əlbəttə ki, müxtəlif ölkələrlə bizim qarşılıqlı ikitərəfli əlaqələr də çox vacibdir. Biz öz biznes imkanlarımızı xarici bazarların aşkarlanması hesabına artırmalıyıq. İstər ərzaq, istərsə də sənaye məhsulları ilə bağlı. Çünki hesab edirəm, biz elə güclü sənaye potensialı yaratmalıyıq ki, məhsullarımız rəqabətqabiliyyətli olsun və əlbəttə, xarici bazarlara istiqamətləndirilsin. Çünki daxili bazar o qədər də geniş deyil, amma planlarımız çox böyük və genişdir. Mən hesab edirəm ki, 2013-cü ildə bu sahədə çox ciddi addımlar atılacaqdır" dövlət başçısı qeyd edib.

Prezident bildirib ki, enerji təhlükəsizliyi daim diqqət mərkəzində olan məsələdir və Azərbaycan dünya miqyasında qlobal enerji bazarında ciddi rola malik olan bir ölkə kimi artıq özünü təsdiqləyib.

"Bəzi Avropa ölkələrinin enerji balanslarında Azərbaycanın enerji daşıyıcıları 30-35 faiz təşkil edir. Yəni, biz bu baxımdan bir neçə Avropa ölkəsinin enerji təhlükəsizliyində bilavasitə iştirak edirik. Əgər bizim zəngin qaz resurslarımızı da buna əlavə etsək və bayaq qeyd etdiyim kimi, deməli, irəli sürülmüş layihələri uğurla, vaxtında icra etsək, Azərbaycan onilliklər bundan sonra Avropanın, bölgənin, dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində əvəzolunmaz rol oynayacaqdır. Əlbəttə bu, bizim həm iqtisadi, həm siyasi çəkimizi artıracaqdır. Mən buna çalışıram. Hesab edirəm ki, biz buna nail ola bilmişik ki, bu gün Azərbaycan istənilən sahədə doğrudan da, çox ciddi beynəlxalq oyunçuya çevrilibdir" dövlət başçısı bildirib.

İlham Əliyev vurğulayıb ki, bu ildən Azərbaycan Avropa Olimpiya Oyunlarına hazırlıq işlərinə də başlamalıdır.

"Keçən ilin sonunda Avropa Olimpiya Komitəsinin Baş Məclisində birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Mən bu məsələ ilə bağlı Azərbaycan xalqını təbrik etmişəm, Azərbaycan xalqına müraciət etmişəm. Çünki hesab edirəm ki, bu, çox ciddi hadisədir. Bu, eyni zamanda, Azərbaycanda son illər ərzində görülən işlərin təzahürüdür, beynəlxalq imicimizin yüksək səviyyədə olmasının əlamətidir. Azərbaycanın iqtisadi və siyasi cəhətdən sabit ölkə kimi tanınmasının nəticəsidir. Böyük məsuliyyətdir, böyük şərəfdir və böyük etimaddır. Mən heç də şübhə etmirəm ki, biz bu məsuliyyəti şərəflə hiss edərək lazım olan bütün tədbirləri görəcəyik və Avropa Olimpiya Oyunlarını ən yüksək səviyyədə, yəni, Beynəlxalq Olimpiya Oyunları səviyyəsində keçirəcəyik.
Yaxın günlərdə təşkilat komitəsinin yaradılması ilə bağlı qərar veriləcəkdir və işlər dərhal başlanmalıdır. Əlbəttə, dövlət qurumları bu işlərdə fəal iştirak etməlidirlər. Buraya həm infrastruktur, nəqliyyat, təhlükəsizlik, turizm - yəni, bütün sahələr cəlb edilməlidir. Bir daha biz dünyaya göstərəcəyik ki, Azərbaycan qonaqları qəbul etmək üçün böyük imkanlara malikdir. Azərbaycan bölgədə qonaqpərvərliyin, demək olar ki, rəmzidir. Bizim bütün imkanlarımız var və biz Azərbaycanı güclü müasir dövlət kimi bir daha dünyaya təqdim edəcəyik" Prezident bildirib.

İlham Əliyev yekun nitqində deyib ki, gələn ay birinci telekommunikasiya peykimiz orbitə çıxarılacaqdır. Bu da tarixi hadisədir.

"Doğrudan da, Azərbaycan kosmik ölkəyə çevrilir, biz kosmik sənayenin inkişafı ilə məşğuluq və bir neçə il bundan əvvəl bunu təsəvvür etmək belə çətin idi ki, vaxt gələcək və Azərbaycan kosmik ölkələrin sırasına daxil ediləcəkdir. Amma bu vaxt gəlir, yaxın günlərdə biz bu tarixi hadisəni qeyd edəcəyik. Bu, özlüyündə bütün cəhətlərdən böyük bir nailiyyətdir - həm ölkənin prestiji, həm müasirlik, yeni texnologiyaların inkişafı üçün. Bu, biznes üçün də sərfəlidir. Çünki bu, eyni zamanda, iqtisadi cəhətdən də səmərəli layihədir. Amma ən önəmlisi odur ki, bu, ölkəmizin inkişafını və niyyətini göstərir. Ümumiyyətlə, bizim dünyagörüşümüzü və siyasətimizi göstərir. Çünki biz müasir, güclü dövlət qururuq. Biz regional müstəvidən çoxdan çıxmışıq. Postsovet ölkəsi kimi bu adı, necə deyərlər, artıq çoxdan arxada qoymuşuq. Biz postsovet ölkə deyilik. Bəzi hallarda xarici tərəfdaşlarla görüşlər əsnasında deyiləndə ki, postsovet ölkələr, deyirəm saxlayın burada. Azərbaycan postsovet ölkəsi deyildir. Bəlkə kimsə postsovet ölkəsidir, biz deyilik. Biz, müstəqil Azərbaycan dövlətiyik.
Bu müstəqillik dövründə doğrudan da, biz elə böyük uğurlara imza atmışıq ki, hər bir Azərbaycan vətəndaşı bununla fəxr edə bilər. Onların içində peykin buraxılması xüsusi yer tutur. Bu, həm böyük məna daşıyır, həm də bunun böyük rəmzi mənası vardır. Əminəm ki, bu hadisə gələcəkdə müasirliyə, inkişafa doğru atılan addımlarımızı artıracaqdır. Bu hadisəni və ümumiyyətlə, İKT sahəsinə verilən diqqəti və bu sahədə əldə edilmiş uğurları nəzərə alaraq mən 2013-cü ili "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edirəm və hesab edirəm ki, 2013-cü ildə bu sahədə biz daha da böyük nailiyyətlərə çatmalıyıq.
İl başlayır, bütün dövlət, hökumət qurumları öz vəzifə borcunu bilirlər. Əminəm ki, hər bir dövlət məmuru bu il ərzində öz vətəninə, xalqına sədaqətlə xidmət edəcək və 2013-cü ili də biz uğurla başa vuracağıq" İlham Əliyev çıxışının sonunda deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti