...

Aydın Əliyev: Azərbaycanda gömrük işinin təkmilləşdirilməsi üçün yeni elektron xidmətlər tətbiq ediləcək (MÜSAHİBƏ)

Siyasət Materials 25 Yanvar 2013 17:28 (UTC +04:00)
Respublikamızın iqtisadi artım tempinə uyğun mühüm tədbirlərin davamlı görülməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə gömrük orqanları qarşısında da bir sıra mühüm vəzifələrin yerinə yetirilməsi qoyulmuşdur.
Aydın Əliyev: Azərbaycanda gömrük işinin təkmilləşdirilməsi üçün yeni elektron xidmətlər tətbiq ediləcək (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir A.Axundov/

Yanvarın 30-u - Dövlət gömrük orqanları işçilərinin peşə bayramı ərəfəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin Trend-ə müsahibəsi

- Aydın müəllim, ilk olaraq gömrük orqanlarının peşə bayramı münasibətilə Sizi və rəhbərlik etdiyiniz kollektivi səmimi qəlbdən təbrik edir, ölkəmizin iqtisadi təhlükəsizliyi naminə fəaliyyətinizdə daima uğurlar arzulayırıq. Cənab sədr, Siz 2012-ci ildə Gömrük Komitəsinin fəaliyyətinin necə qiymətləndirirsiniz?

- Əvvəla, səmimi təbrikə və xoş sözlərə görə təşəkkür edirəm. Bildiyiniz kimi, ilbəil uğurlara imza atan Dövlət Gömrük Komitəsi və onun yerli orqanları ötən 2012-ci il ərzində də öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasını, Gömrük Məcəlləsini, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərarlarını və gömrük işini tənzimləyən digər normativ-hüquqi aktları əldə rəhbər tutaraq tərtib olunmuş iş planı əsasında qurmuşdur.

Respublikamızın iqtisadi artım tempinə uyğun mühüm tədbirlərin davamlı görülməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə gömrük orqanları qarşısında da bir sıra mühüm vəzifələrin yerinə yetirilməsi qoyulmuşdur. Bu, əsasən ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və dünya təsərrüfatı ilə geniş əlaqələrin qurulmasından ibarətdir. Dövlət Gömrük Komitəsi və onun yerli strukturları tərəfindən ötən dövr ərzində idxal-ixrac əməliyyatları üzrə gömrük nəzarətinin təkmilləşdirilməsi, xarici iqtisadi fəaliyyətdə gömrük tarif tənzimlənməsinin və gömrük orqanlarında maliyyə-vergi mexanizminin təkmilləşdirilməsi, gömrük-vergi qanunvericiliyinə dair normativ-hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində müvafiq işlər görülmüş, qaçaqmalçılıq və gömrük qaydalarının pozulması halları ilə mübarizənin gücləndirilməsi, informasiya texnologiyalarının tətbiqi, elektron gömrük xidmətlərinin təşkili, beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi, gömrük orqanlarının maddi-texniki bazasının inkişaf etdirilməsi və s. sahələrdə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.

Əvvəla bildirim ki, 2012-ci il üzrə Dövlət Gömrük Komitəsi üçün müəyyən edilmiş 1 milyard 200 milyon manat büdcə proqnozuna qarşı 1 milyard 208,35 milyon manat gömrük vergi və rüsumlarının toplanıb dövlət büdcəsinə köçürülməsi uğurla təmin olunmuş, nəticə etibarı ilə proqnoza 100,7 faiz əməl edilmişdir.

Ötən il gömrük işi sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən müvafiq işlər həyata keçirilmişdir. "Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi Qaydaları", "Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları", "Ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsinin verilməsi Qaydaları", "Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi Qaydaları", "Gömrük nəzarətindən keçməli olan malların yoxlanılmasının sürətləndirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması və həyata keçirilmə müddətinin azaldılması məqsədi ilə gömrük orqanları tərəfindən istifadə olunan texniki nəzarət vasitələrinin siyahısı və onlardan istifadə Qaydaları", "Gömrük brokerinin dövlət reyestrinin aparılması Qaydaları", "Təbii fəlakətlər və digər fövqəladə hallar zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, kütləvi informasiya məqsədləri üçün materialların, Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının ünvanlarına göndərilən və bu qəbildən olan başqa malların gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları", "Mallara gömrük təminatının vurulması Qaydaları" və "İdxal olunmuş malların kabotaj daşınması Qaydası" hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmişdir.

2012-ci ildə Azərbaycan Respublikasının iqtisadi mənafeyinin və təhlükəsizliyinin qorunması məqsədilə qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı mübarizə istiqamətində də məqsədyönlü tədbirlər görülmüşdür. Ötən dövr ərzində gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti əsasən qabaqcıl dünya təcrübəsinə əsaslanan metodların tətbiqi, əməliyyat-axtarış və qabaqlayıcı-profilaktik tədbirlərin gücləndirilməsi, habelə hüquqpozmalara qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsi yolu ilə Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin təmin edilməsinə, qaçaqmalçılıq kanallarının aşkar və ləğv olunmasına, hüquqpozma törətmiş şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsinə yönəlmişdir.

Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 2012-ci il ərzində 14606 hüquqpozma faktı aşkar edilmişdir ki, bunlardan 272-si cinayət xarakterli faktlar olmuş və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 3 milyon 855 min 085 manatdan çox təşkil etmişdir. Bu əməllərin törədilməsində şübhəli bilinən 312 nəfərin (237 nəfər Azərbaycan, 75 nəfər xarici vətəndaş) barəsində müvafiq tədbirlər görülmüşdür.

Azərbaycan Respublikasının gömruk sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq və ölkə ərazisindən "ötürücü məntəqə" kimi istifadə olunmasına yol verməmək məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş tədbirlər nəticəsində 2012-ci il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 87 fakt aşkar olunmuşdur.

Bu faktlar üzrə ümumilikdə 136 kq 876 qram narkotik, o cümlədən 107 kq 513 qram həşiş, 3 kq 869 qram heroin, 10 kq 540 qram tiryək, 0,216 qram kokain, 102,17 qram marixuana, 9,42 qram metadon, 12 kq 613 qram metamfetamin və digər narkotiklər qanunsuz dövriyyədən çıxarılmışdır. Bu faktlar üzrə şübhəli bilinən şəxslərdən 110 nəfər (103 kişi, 7 qadın) barəsində müvafiq tədbirlər görülmüşdür. Bundan başqa, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 narkoqrup zərərsizləşdirilmişdir.

2012-ci il ərzində gömrük-sərhəd keçid məntəqələrində xidmət göstərən instruktor-kinoloqlar tərəfindən onlara təhkim olunmuş xidməti axtarış itlərinin tədbiqi nəticəsində 11 fakt üzrə 3 kq 537 qram narkotik, o cümlədən 71,13 qram həşiş, 2 kq 364 qram tiryək, 1 kq 86 qram heroin, 2,382 qram metamfetamin, 14 qram marixuana və 110 qutu müxtəlif dərman vasitələri aşkar olunmuşdur.

Narkotik vasitələrin qaçaqmalçılığının transmilli xarakteri ona qarşı mübarizədə beynəlxalq əməkdaşlığı zəruri edir. Ona görə də hesabat ilində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, Ümumdünya Gömrük Təşkilatı, Mərkəzi Asiya Regional İnformasiya Əlaqələndirmə Mərkəzi, GUAM və digər beynəlxalq təşkilatlarla, habelə digər ölkələrin gömrük xidmətləri ilə sıx əməkdaşlıq edilmiş, bu istiqamətdə birgə tədbirlər həyata keçirilmişdir.

Ötən il 11-14 sentyabrda Bakı şəhərində Müstəqil Dövlətlər Birliyi üzv ölkələrinin gömrük xidmətlərinin kinoloji strukturlarının çoxnövçülükdə birincilik üzrə ΙΙ yarışı keçirilmiş və bu yarışda Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin instruktor-kinoloqları 724 bal toplayaraq birinci yerə layiq görülmüşlər.

2012-ci il ərzində qaçaqmalçılıq və digər hüquqpozmalara qarşı mübarizə istiqamətində hədəflərin müəyyənləşdirilməsi işi təkmilləşdirilmiş, riskin idarə olunması sistemindən istifadə genişləndirilmiş, səlahiyyətlər daxilində operativ nəzarət gücləndirilmişdir. Ötən il aşkar olunmuş 14334 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 373 hüquqi şəxs (o cümlədən 165 xarici hüquqi şəxs) və 13945 fiziki şəxs (o cümlədən 8827 xarici) inzibati məsuliyyətə cəlb edilmiş, göstərilən şəxslərə qarşı 1 milyon 172 min 525 manat cərimə tətbiq olunmaqla, dəyəri 182 min 352 manat olan mallar müsadirə edilmişdir.

Valyuta qanunvericiliyinin pozulmasına qarşı gömrük orqanları tərəfindən görülən tədbirlər nəticəsində qanunvericiliyin tələblərini pozan şəxslərdən 337972 ABŞ dolları, 12738 avro, 18516100 rus rublu, 4 kq 651 qram qızıl, 1391745 manat dəyərində 38 ədəd qızıl əşya, 10 kq 218 qram gümüş, 63565 manat dəyərində 3716 ədəd gümüş əşya, 334 karat qiymətli daşlar tutulmuşdur.

Eyni zamanda, alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının idxalı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısını almaq üçün müvafiq tədbirlər həyata keçirilmiş, aksiz markasız və ya digər qanunsuz yollarla keçirilməsinə cəhd göstərilən 818728 ədəd xaricdə istehsal olunan siqaret, 1240 litr və 26646 ədəd spirtli içki saxlanılmışdır.

Hesabat ilində mobil telefonlarla əlaqədar törədilmiş hüquqpozmaların xüsusi həcminin artımı müşahidə olunmuş, hüquqpozma predmeti kimi 13 min 322 ədəd mobil telefon götürülmüşdür. Bundan əlavə, gömrük orqanları tərəfindən hüquqpozma predmeti kimi 4 odlu silah, 46 ədəd pnevmatik silah, 3 ədəd ov silahı, 32 ədəd soyuq silah, 17 ədəd xalça və külli miqdarda digər mallar tutularaq barələrində müvafiq tədbir görülmüşdür.

- Yeni Gömrük Məcəlləsinin fəaliyyətinin ilk ilinin yekunlarını necə qiymətləndirirsiniz?

- "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 24 iyun 2011-ci il tarixli Qanununun, həmin qanunun tətbiqi barədə yuxarıda qeyd olunan fərmanın icrası ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 sentyabr 2011-ci il tarixli Sərəncamının 2-ci hissəsi ilə Dövlət Gömrük Komitəsinə çoxsaylı aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla qısa müddətdə 59 sənəd layihəsinin hazırlanması və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə uyğun olaraq müvafiq dövlət orqanları ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması tapşırılmışdır.

Bu günə qədər yuxarıda qeyd olunan fərman və sərəncama uyğun olaraq Komitə tərəfindən 56 sənəd layihəsi, o cümlədən beynəlxalq təcrübəyə uyğun "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının yeni Qanunu layihəsi hazırlanmış və rəsmiləşdirilərək baxılmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmuş, onlardan bu günə kimi 28 sənəd layihəsi artıq qəbul edilmiş, digər sənəd layihələri isə qəbul edilmə ərəfəsindədir.

Qəbul edilmiş sənədlərdən misal olaraq "Dövlət Gömrük Komitəsinin Əsasnaməsinin və Komitənin strukturunun təsdiq edilməsi barədə", "Gömrük orqanlarının bayrağı və emblemi haqqında" , "Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanların, "Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təchizat Normaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarını göstərmək olar.

- Azərbaycanda ilk müstəqil iqtisadi operatorlar nə zaman meydana çıxacaq və onların fəaliyyəti gömrük brokerlərindən nə ilə fərqlənəcək?

- Dünya miqyasında beynəlxalq ticarətin asanlaşdırılması və onun təhlükəsizliyinin təmin edilməsində mühüm rolu olan Səlahiyyətli İqtisadi Operator formasından istifadəyə başlanmışdır.

Ölkəmizdə belə müasir formanın tətbiq edilməsinin hüquqi bazası Azərbaycan Respublikasında 2012-ci il yanvarın 1-də qüvvəyə minmiş Azərbaycan Respublikasının yeni Gömrük Məcəlləsində əks olunmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsindən irəli gələn normaların praktiki cəhətdən tətbiq edilməsi məqsədilə "Səlahiyyətli iqtisadi operator statusunun verilməsi, müvəqqəti dayandırılması və ləğv olunması Qaydaları" layihəsi hazırlanmışdır. Qeyd olunan qaydaların qüvvəyə minməsindən sonra Səlahiyyətli İqtisadi Operator statusunun verilməsi və bu fəaliyyətin institusional inkişafı nəzərdə tutulur.

Səlahiyyətli İqtisadi Operatorların gömrük brokerlərindən fərqli cəhəti onunla bağlıdır ki, onların fəaliyyətində gömrük orqanları tərəfindən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı müvafiq sadələşdirilmiş formalardan istifadə edilir. Bu da sadələşdirilmiş bəyannamələrin tətbiq edilməsi, o cümlədən malların gömrük orqanlarına təqdim edilməsi və onların yoxlanılmasının sadələşdirilmiş formada həyata keçirilməsi və beynəlxalq səviyyədə digər ölkələrlə qarşılıqlı razılaşma əsasında Səlahiyyətli İqtisadi Operator tərəfindən göndərilən mallara gömrük rəsmiləşdirilməsi zamanı üstünlüklərin verilməsini özündə əks etdirir.

Səlahiyyətli İqtisadi Operator mexanizminin iqtisadi səmərəliliyi onunla bağlıdır ki, əlavə yoxlamalar aparılmadan Səlahiyyətli İqtisadi Operator məsuliyyəti altında malların yüklənilməsi, boşaldılması və nəql edilməsi həyata keçirilə bilər və bu da, nəticə etibarı ilə gömrük rəsmiləşdirilməsinə sərf olunan vaxta dəfələrlə qənaət edilməsinə gətirib çıxardır.

-Bugünkü gömrük tarifləri ölkə iqtisadiyyatının tələblərinə nə dərəcədə cavab verir? Ortamüddətli perspektivdə onlar necə dəyişəcək?

- Bildiyiniz kimi, yola saldığımız hər ötən il ümumi daxili məhsul kimi strateji göstəricilərin artımı ilə yadda qalır. Son illərin dünya iqtisadiyyatı üçün böhranlı illər olduğunu nəzərə alsaq, ümumi daxili məhsulda artımın müşahidə olunması çox sevindiricidir, çünki bu artım qeyri-neft sektorunun hesabına baş vermişdir.

Qeyri-neft sektorunun inkişafı, rəqabət qabiliyyətli məhsulun respublikamızda istehsalının təşkili isə gömrük-tarif siyasəti ilə bilavasitə əlaqəlidir. Belə ki, hazırda Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyini təmin etmək məqdsədi ilə istehsal təyinatlı avadanlıqlar, müxtəlif xammal və materiallar ƏDV-dən və idxal gömrük rüsumlarından azad edilmiş və ya daha aşağı tarif dərəcələri tətbiq edilir. Bununla yanaşı, daxili istehsalın xarici rəqabətin mənfi təsirindən qorunması məqsədi ilə bir sıra hazır məhsullara daha yüksək 15 faiz dərəcəsində gömrük rüsumları tətbiq olunmuşdur.

Hazırda tətbiq olunan gömrük tarifləri ölkə iqtisadiyyatının inkişaf tələblərinə cavab verir və zərurət yarandığı təqdirdə ortamüddətli perspektivdə dəyişilməsi nəzərdə tutulan prosedurlar geniş təhlil olunmaqla baxıla bilər. Bununla yanaşı, Azərbaycan Respublikasında daxili bazarın xarici bazarla səmərəli əlaqəsini təmin etməklə, xarici ticarətin dövlət tənzimlənməsinin mühüm vasitəsi olan gömrük tarifinin formalaşması, həmçinin gələcəkdə respublikanın iqtisadi mənafeyini qorumaq məqsədi ilə antidempinq, kompensasiya və xüsusi növ rüsumların tətbiqinin möhkəm hüquqi əsaslara söykənməsi üçün ötən il Komitə tərəfindən yeni "Gömrük tarifi haqqında" Qanun layihəsi işlənib hazırlanmış və hökumətə təqdim edilmişdir. Eyni zamanda, Gömrük Komitəsinin rəy və təklifləri nəzərə alınmaqla hazırda "Xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsi haqqında" və "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" Qanun layihələri hazırlanır.

-Üçpilləli tarif sisteminə keçid hansı mərhələdədir? Bu, nə vaxt mümkün olacaq?

- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən yaxın 2 ildə bu istiqamətdə başlanılmış işlər 2012-ci ildə də davam etdirilərək Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonik Sistemin 2012-yə uyğun olaraq təkmilləşdirilmiş üçpilləli tarif sisteminə keçid variantının müvafiq icra orqanları ilə razılaşdırılmış son layihəsi hökumətə təqdim edilmişdir.

- Bu gün Gömrük Komitəsi hansı yeni elektron xidmətlər üzərində işləyir? 2013-ci ildə hansı yeni elektron xidmətlər tətbiq ediləcək?

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2010-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2010-2011-ci illərdə "Elektron Hökumət"in formalaşdırılması üzrə Fəaliyyət Proqramı", "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanı və elektron xidmətlərin təşkili sahəsində digər qanunvericilik aktları çərçivəsində DGK tərəfindən müxtəlif gömrük əməliyyatlarının elektron qaydada həyata keçirilməsi istiqamətində geniş işlər həyata keçirilmişdir.

Hal-hazırda DGK-nın rəsmi internet səhifəsi üzərindən fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron Sərnişin Bəyannaməsinin qəbulu, xarici iqtisadi fəaliyyət iştirakçılarına həyata keçirdikləri idxal-ixrac əməliyyatları barədə statistik məlumatların verilməsi, gömrük ekpertizasının aparılması məqsədilə bəyannaməçilər tərəfindən DGK-ya edilən müraciətlərin qəbulu, malların nomenklaturası və mal və nəqliyyat vasitələrinə tətbiq olunan müvafiq gömrük ödənişləri barədə məlumatların verilməsi və vergi ödəyicisi olmayan fiziki şəxslərə xarici dövlətlərdən gətirdikləri və ya xarici dövlətlərə apardıqları mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan gömrük ödənişlərinin ödəyicisinin eyniləşdirmə nömrəsinin verilməsi kimi xidmətlər onlayn qaydada həyata keçirilir.

Nəzərinizə çatdırıram ki, yuxarıda qeyd olunan xidmətlər üzrə inzabati reqlament layihələri hazırlanmış və DGK-nın internet səhifəsində ictimaiyyətin geniş müzakirəsinə çıxarılmışdır. 2013-cü ildə mövcud xidmətlərin təkmilləşdirilməsi və aşağıdakı yeni xidmətlərin təqdim olunması planlaşdırılır.

"Gömrük-Biznes (C2B)" əməkdaşlığı çərçivəsində:

- Dövlət sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün ilkin məlumatlandırma üzrə müraciət və sənədlərin qəbulu sisteminin təkmilləşdirilməsi;

- Xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən idxal/ixrac olunan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi prosesinin onlayn monitorinqi;

- Mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron Gömrük Bəyannaməsinin qəbulu;

- Gömrük xidmətində "Elektron ödəmə sisteminin işlənməsi və tətbiqi".

Cəmiyyətə yönəlik ümumi xidmətlər:

- Vətəndaşlardan Dövlət Gömrük Komitəsinə daxil olan sorğu və məktubların qəbulu, operativ şəkildə icraya yönəldilməsi və müraciət edən tərəfindən icra vəziyyətinin onlayn izlənməsi üçün "e-Müraciət" elektron gömrük xidmətinin istifadəyə verilməsi və onun mövcud kargüzarlıq sisteminə inteqrasiyası;

- Gömrük xidmətinə işə qəbulla bağlı ərizələrin qəbulu və ərizəçilərin məlumatlandırılması sisteminin təkmilləşdirilməsi.

Eyni zamanda, DGK tərəfindən təqdim olunan gömrük xidmətlərinin e-Hökumət Portalına inteqrasiyası sahəsində işlərin davam etdirilməsi də nəzərdə tutulur.

- Ötən ilin sonunda Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında Dövlət Gömrük Komitəsi qarşısında hansı məqsədlər qoyulub?

- "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının Dövlət Gömrük Komitəsində həyata keçirilməsi üçün müasir informasiya- kommunikasiya texnologiyalarının imkanlarından daha geniş istifadə etməklə xarici ticarət iştirakçılarına gömrük işi sahəsində göstərilən elektron gömrük xidmətləri inkişaf etdiriləcək, gömrük qanunvericiliyi beynəlxalq norma və təcrübə nəzərə alınmaqla daim təkmilləşdiriləcək, gömrük tənzimlənmə vasitələri və nəzarəti metodları beynəlxalq miqyasda qəbul edilmiş tənzimlənmə vasitələrinə və metodlarına tam uyğunlaşdırılacaq, daha çevik gömrük siyasəti həyata keçirilməklə ölkənin iqtisadi və milli təhlükəsizliyinin möhkəmləndirilməsində gömrük sisteminin rolu artırılacaq, gömrük orqanlarının fəaliyyəti müasir tələblərə uyğun qurulacaq, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsipi rəhbər tutulacaq və s.

Yuxarıda qeyd olunanların reallaşması üçün Komitə tərəfindən strateji planlar və proqramlar hazırlanıb həyata keçiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti