Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir M.Əliyev/
Bu gün artıq Azərbaycan dövləti xarici qeyri-hökumət təşkilatlarının layihələrini maliyyələşdirir. QHT-lərə Dövlət Dəstəyi Şurası vasitəsilə xarici QHT-lər üçün qrant layihələri elan ediləcək. Trend-in məlumatına görə, bu barədə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətinin 5 illiyi münasibətilə keçirilən mərasimdə çıxışı zamanı deyib.
"Azərbaycanda 1995-ci ildən bu günə qədər yaranan ictimai institutlar və siyasi partiyaların da dövlət tərəfindən dəstəklənməsini nəzərə alsaq, Azərbaycan dövlətinin, onun rəhbəri Prezident İlham Əliyevin yürütdüyü daxili siyasətin məğzini anlamış olarıq. Azərbaycanda dövlət təşəbbüsləri ilə bərabər, vətəndaş təşəbbüsləri də dövlət tərəfindən dəstəklənir. Biz nəinki vətəndaş təşəbbüslərinə meydan veririk, eyni zamanda, o təşəbbüslərin reallaşması üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılır", - Həsənov bildirib.
PA rəsmisi qeyd edib ki, vətəndaş təşəbbüsləri sistemləşdirilərək həm Azərbaycanın daxili, həm də xarici siyasətində bir milli resurs kimi istifadə olunur.
"QHT-lərin imkanlarından dövlət maraqlarının xarici ölkələrdə təmin olunması, qorunması və reallaşdırılması istiqamətində istifadə edirik. QHT-lərin potensialından Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində istifadə edirik. Bu gün bütün mərkəzi icra hakimiyyəti orqanlarının idarəçiliyində QHT-lərdən, ictimai şuralardan istifadə olunur, bütün qanun və qərarların qəbul olunmasında mütləq şəkildə ictimaiyyətin rəyi nəzərə alınır. Bəs vətəndaş cəmiyyəti institutunun quruluşu necə olur? Bunu Azərbaycanı "insan hüquqlarının pozulması" ilə ittiham edən təşkilatların nəzərinə çatdırırıq. Dünyada QHT-lərin maliyyələşməsində xeyli subyektiv mülahizələr, məqamlar öz əksini tapır. Bizi tənqid edən, islamofobiya xəstəliyinə tutulmuş QHT-lər, hüquq müdafiə təşkilatları var ki, bu gün bəlli dövlətlərin, qüvvələrin sifarişlərini yerinə yetirir. Onlardan fərqli olaraq, bu gün Azərbaycanda dövlətdən maliyyə yardımı alan heç bir QHT-yə dövlət tərəfindən sifariş verilmir", - o deyib.
Tədbirdə Şuranın 5 illik fəaliyyətini əks etdirən kitabın və filmin təqdimatı olub.
Şura sədri Azay Quliyev bildirib ki, təmsil etdiyi qurum Azərbaycan Prezidentinin 13 dekabr 2007-ci il tarixli fərmanı ilə yaradılıb, 2008-ci il aprelin 16-dan Şura üzvlərinin təyin olunması ilə fəaliyyətə başlayıb. Quliyev qeyd edib ki, ötən 5 il ərzində Şura Azərbaycan cəmiyyəti, hökuməti və QHT-ləri qarşısında öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyə çalışıb.
O bildirib ki, Şura indiyə qədər 1500-dən artıq layihəni dəstəkləyib, həyata keçirilmiş proqramlar çərçivəsində 2000-ə yaxın təlim keçilib, 21 film, 67 elektron resurs yaradılıb, 152 kitab nəş edilib. Quliyev ötən 5 ili Şuranın fəaliyyətinin beynəlxalq standartlara uyğun qurulması, QHT-lərə dövlət dəstəyinin həyata keçirilməsi baxımından uğurlu saydığını bildirib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bu illər ərzində Azərbaycan QHT-ləri ilə Avropa İttifaqının müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etidirildiyini və Şərq Tərəfdaşlığı proqramı çərçivəsində QHT əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni 5 il ərzində Şura-QHT əməkdaşlığının yüksək səviyyədə təşkilini və Şuranın QHT-lərdən gələn dəyərli təşəbbüsləri dəstəklədiyini qeyd edib.