...

Milli Aviasiya Akademiyasına və “Azərbaycan Hava Yolları” QSC-yə İATA-nın sertifikatı təqdim olunub (FOTO)

Siyasət Materials 30 Aprel 2013 21:46 (UTC +04:00)
Milli Aviasiya Akademiyasına və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) sertifikatı təqdim olunub.
Milli Aviasiya Akademiyasına və “Azərbaycan Hava Yolları” QSC-yə İATA-nın sertifikatı təqdim olunub (FOTO)

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Milli Aviasiya Akademiyasına və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) sertifikatı təqdim olunub.

AzərTAc xəbər verir ki, aprelin 30-da Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirdə İATA-nın baş direktoru və baş icraçı direktoru Toni Tayler, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov, eləcə də bir sıra dövlət və hökumət nümayəndələri iştirak ediblər.

Cənubi Qafqaz ölkələri arasında ilk dəfə olaraq ölkəmizə təşrif buyuran İATA-nın baş direktoru və baş icraçı direktoru T.Taylerin bu səfərinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ərəfəsinə təsadüf etdiyini deyən "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Arif Məmmədov, Ulu Öndərin milli aviasiyamızın inkişafındakı xidmətlərindən bəhs edib.

İATA ilə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası arasında anlaşma memorandumunun imzalandığını vurğulayan A.Məmmədov bunun qarşılıqlı əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

İATA barədə məlumat verən vitse-prezident diqqətə çatdırıb ki, bu qurum 1945-ci ildən - Çikaqo Konvensiyası qəbul olunandan bir il sonra yaradılıb. Bu gün artıq 115 ölkədən 240 ən iri aviaşirkət İATA-nın üzvüdür. İATA-nın əsas fəaliyyət istiqamətlərini uçuşların təhlükəsizliyi, normativ tələblərin, beynəlxalq rüsumların təyin olunması və treninqlərin keçirilməsi təşkil edir. Assosiasiyanın dünya üzrə 10 institutu vardır və bu təhsil ocaqlarında hər il minlərlə aviasiya mütəxəssisi yetişir. Biz fəxr edirik ki, Azərbaycanın Milli Aviasiya Akademiyası da 1998-ci ildən bu institutların sırasına qoşulub. Ötən il isə Milli Aviasiya Akademiyasına "Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması" üzrə İATA-nın regional tədris mərkəzi statusu verilib. Bu status Milli Aviasiya Akademiyasına təhlükəli yüklərin daşınması üzrə kurslar keçirərək İATA adından sertifikat təqdim etmək hüququ verir. Bu gün yeni sertifikatların da verilməsinin şahidi olacağıq.

Sonra İATA-nın baş direktoru və baş icraçı direktoru T.Tayler qurumun apardığı tədqiqatlar əsasında hazırlanan "Azərbaycan mülki aviasiyasının ölkə iqtisadiyyatının inkişafında rolu" adlı məruzə ilə çıxış edib.

İATA-nın fəaliyyət dairəsinin hazırda ümumi hava nəqliyyatının 84 faizini əhatə etdiyini deyən T.Tayler bu sənayenin inkişaf edən iqtisadiyyat üçün olduqca önəmli olduğunu deyib. Natiq diqqətə çatdırıb ki, Azərbaycan aviasiyası ümumi daxili məhsulun 1,8 faizini əhatə edir. Eyni zamanda, bu sahədə işçi qüvvəsinin göstəricisi 1,5 faizdir. Bu isə 28 min azərbaycanlının iş yeri ilə təmin olunması deməkdir. Bu da özlüyündə əhəmiyyətli göstəricidir. Azərbaycan aviasiyası, turizm də daxil olmaqla, 395 milyon manat həcmində biznesə və 66 min iş yerinə malikdir.

Bildirilib ki, bu tədbirin Azərbaycan mülki aviasiyasının 75 illiyində keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Azərbaycan hökuməti aviasiyanın uğurlu inkişaf etdirilməsinə mühüm əhəmiyyət verir. Bunu xüsusilə nəzərəçarpan aeroport infrastrukturunun olması ilə müşahidə etmək olar. Son illərdə Bakı, Naxçıvan aeroportları tamamilə yenidən qurulub və müasirləşdirilib. Bundan başqa, ölkə daxilində hava əlaqəsini təmin etmək üçün Gəncə, Zaqatala, Lənkəran və Qəbələdə yeni aeroportlar istifadəyə verilib.

Ölkəmizdə aviasiyanın normativ tələbləri üçün tövsiyələrini verən T.Tayler Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası ilə anlaşma memorandumunun imzalanmasından məmnunluğunu bildirərək deyib ki, bu səfərin ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsinə təsadüf etməsi və bu cür tədbirdə iştirak etmək mənim üçün böyük şərəfdir.

Sonra T.Tayler həm Azərbaycan, həm də xarici aviasiya mütəxəssisləri üçün təhlükəli yüklərin daşınması üzrə kursların təşkili ilə əlaqədar sertifikatı Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevə, hava nəqliyyatında ekipajların təhlükəsizliyi üzrə sertifikatı isə "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərova təqdim edib.

Sonda İATA-nın baş direktoru və baş icraçı direktoru T.Taylerə xatirə hədiyyələri verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti