...

Əhmədinejad komandasının daha bir üzvü namizədliyini geri götürdü

Siyasət Materials 13 May 2013 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir T.Cəfərov/

İran Prezidentinin mətbuat üzrə müşaviri Əli Əkbər Cavanfekr qeydiyyatdan keçdikdən iki gün sonra qarşıdakı prezident seçkilərində namizədliyini geri götürüb. Bu barədə Trend "Mehr" agentliyinə istinadən məlumat verir.

Cavanfekr bəyanat yayaraq öz tərəfdarlarını Prezident Mahmud Əhmədinejadın dəstəklədiyi namizəd İsfəndiyar Rəhim Məşaini dəstəkləməyə çağırıb.

Əli Əkbər Cavanfekr İran Prezidentinin mətbuat üzrə müşaviridir. IRNA dövlət informasiya agentliyinin sabiq direktoru Cavanfekr 2012-ci ilin sentyabr ayında İslam normaları və insan dəyərlərinə zidd, habelə İranın ali lideri ayətullah Əli Xamneyini təhqir edən materialları dərc etdiyinə görə həbs edilmişdi. Ona bir il şərti cəza verilmişdi. O, həmçinin 5 il müddətinə bəzi ictimai işlərdə iştirakdan məhrum edilmişdi. Sonra isə ona qarşı irəli sürülən ittihamlar üzrə təqsirli bilinmədi və bəraət aldı.

"Prezidentliyə namizədliyimi irəli sürməklə mənə qarşı haqsız ittihamlar irəli sürüb məni nahaqdan türməyə salanlara göstərmək istədim ki, onların etdikləri mənim vətənimə xidmət etmək istəyimi və iradəmi azaltmayıb, əksinə, daha da ciddi və iradə ilə böyük işlər görməyə hazıram", - Cavanfekr deyib.

O, İran xalqından Rəhim Məşaiyə səs verməklə öz gələcəyini və inkişafını təmin etmələrini istəyib.

Əhmədinejad öz ofisinin rəhbəri və qudası İsfəndiyar Rəhim Məşaini may ayının 11-də İran DİN-də prezident seçkilərində qeydiyyatdan keçən vaxt müşayiət edib. Onun bu hərəkəti ölkə parlament üzvləri tərəfindən bir mənalı qarşılanmayıb. Nümayəndələr növbəti prezident seçkilərində namizədə "aşkar dəstək" verdiyinə görə Əhmədinejad tərəfindən qanun pozuntusuna baxılması xahişi ilə məhkəməyə müraciət ediblər.

Qeyd edək ki, bir qədər əvvəl İranın vitse-prezidenti Məhəmməd Rza Rəhimi də qeydiyyatdan keçdikdən iki gün sonra qarşıdakı prezident seçkilərində namizədliyini geri götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti