Azərbaycan, Bakı, 27 may /Trend/
1993-2003-cü illər Azərbaycanda sabitlik və inkişaf illəri kimi tarixdə qalıb, Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 27-də "Buta" sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı deyib.
Prezident qeyd edib ki, bu illər ərzində görülmüş işlər bu gün ölkəmizin uğurlu inkişafına xidmət göstərir: "O illərdə başlanmış layihələr bu gün uğurla davam etdirilir. Əlbəttə, Azərbaycanın bugünkü reallıqlarını təsəvvür etmək üçün, əlbəttə, biz o illərə qayıtmalıyıq.
Xoşbəxtlikdən Heydər Əliyev amili ölkəmiz üçün həlledici anlarda özünü göstərdi. Bu gün bu siyasət dəyişməz olaraq qalır. Bu gün Azərbaycan uğurla, inamla inkişaf edir. Ölkə qarşısında duran bütün əsas vəzifələr müvəffəqiyyətlə icra edilir. Azərbaycan bu gün dünya miqyasında etibarlı tərəfdaş və dost ölkə kimi tanınır.
Son on il ərzində Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilmişdir. 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək bəyan etmişdim ki, əgər mənə etimad göstərilərsə, mən bu siyasətə sadiq qalacağam və bu siyasəti davam etdirəcəyəm.
Çox şadam ki, son on il ərzində Azərbaycan xalqı və dövləti sözün əsl mənasında sürətli inkişaf dövrünü yaşamışdır. Bu on ildə problemlərin böyük hissəsi öz həllini tapmışdır. İstənilən istiqamət üzrə konkret proqramlar icra edilir. Onların bir çoxu artıq başa çatmışdır".
İlham Əliyev qeyd edib ki, bu 10 ildə Azərbaycanda proseslər müsbət istiqamətdə gedir: "Daxili vəziyyət çox sabitdir. Xarici əlaqələrimiz genişlənir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan ilə dostluq etmək istəyən ölkələrin sayı artır. Biz də ikitərəfli münasibətlərə eyni mövqedən yanaşırıq: nə qədər çox dostlarımız olsa, mövqeyimiz də dünyada o qədər möhkəm olacaqdır".
İlham Əliyevin sözlərinə görə, xarici siyasətlə bağlı bütün vəzifələr icra edilmişdir: "İkitərəfli formatda çox gözəl əlaqələr yaradılmışdır. Bölgədə Azərbaycanın rolu böyük dərəcədə möhkəmləndirilmişdir. Hazırda bölgədə gedən bütün proseslərdə Azərbaycanın fəal rolu, öz mövqeyi vardır. Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanın iştirakı olmadan heç bir layihə, heç bir təşəbbüs uğurla nəticələnə bilməz.
Əlbəttə, xarici siyasətin zirvəsi, hesab edirəm ki, BMT Təhlükəsizlik Şurasına seçilməyimiz olmuşdur. Bu, tarixi hadisə idi. Beynəlxalq birliyin mütləq əksəriyyəti Azərbaycana inandı, bizi dəstəklədi, bizə böyük etimad göstərdi. Artıq iki ilə yaxındır ki, Təhlükəsizlik Şurasında Azərbaycan, bəyan etdiyim kimi, beynəlxalq hüququ və ədaləti müdafiə edir. Bu illər ərzində biz böyük təcrübə toplamışıq. Bu, əvəzolunmaz təcrübədir, gələcək fəaliyyətimiz üçün bizə çox lazım olan təcrübədir. Eyni zamanda, dünya birliyinə ölkəmizi bir daha geniş şəkildə təqdim etmişik. Təhlükəsizlik Şurasının üzvü olmaq o deməkdir ki, hər bir məsələ ilə bağlı sənin dəqiq və çox aydın mövqeyin olmalıdır. Azərbaycan bu mövqeyi göstərir və göstərəcəkdir".
Daxildə gedən proseslərə gəlincə, Prezident hesab edib ki, son on il ərzində ölkəmizi böyük dərəcədə möhkəmləndirə bilmişdir: "Daxili sabitlik, ictimai-siyasi asayiş, xalqla iqtidar arasında olan birlik - bütün bu amillər hər bir ölkənin uğurlu inkişafı üçün vacibdir. Əgər sabitlik qorunmasa idi, əgər sabitlik pozulsa idi, əlbəttə, Azərbaycana bu qədər xarici sərmayə qoyulmazdı. Bu gün Azərbaycan bölgədə və dünyada bu möhkəm imkanlara malik ola bilməzdi.
Sabitliyin təməlində əlbəttə ki, düşünülmüş siyasət dayanır. Sabitliyin mövcudluğu bu səbəblərlə şərtlənir. Çünki əgər düşünülmüş siyasət yoxdursa və xalqla iqtidar arasında uçurum varsa, əgər icra edilən proqramlar xalqın arzularını əks etdirmirsə sabitlik mütləq pozulacaqdır. Biz bölgədə gedən proseslərə diqqətlə baxırıq, izləyirik və görürük ki, qarşıdurmalar, kütləvi etiraz aksiyaları və digər xoşagəlməz hallar, vətəndaş müharibələri, qanlı toqquşmalar bu gün reallıqdır. Dünyanın müxtəlif yerlərində proseslər, onların əksəriyyəti mənfi istiqamətdə gedir. İnkişaf etmiş ölkələr indi daha çox iqtisadi və maliyyə böhranının fəsadlarının aradan qaldırılmasına çalışırlar. O qədər də inkişaf etməmiş ölkələrdəki vəziyyət, vətəndaş müharibələri, vətəndaş itaətsizliyi, qarşıdurmalar, siyasi və iqtisadi böhran, yoxsulluq və işsizlik artıq göz qabağındadır. Bax, budur inkişaf etməmiş ölkələrin bugünkü reallıqları".
Dövlət başçısının sözlərinə görə, son illər ərzində Azərbaycan istər siyasi, istər iqtisadi sahədə doğrudan da, böyük uğurlara imza atmışdır: "Bu uğurlar bugünkü Azərbaycan reallıqlarıdır. İqtisadi sahədə uğurlar mötəbər beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmışdır. Azərbaycanın kredit reytinqləri artmaqdadır. Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən rəqabətqabiliyyətli 50 iqtisadiyyat arasındadır. Orada bizim yerimiz 46-cı yerdir. Ölkədə sürətlə sosial proqramlar icra edilir.
Mən xarici siyasətlə bağlı fikirlərimi bildirdim. Burada da tərəfdaşlarımızın sayı artır. Biz həm İslam Əməkdaşlıq Təşkilatının, eyni zamanda, Avropa Şurasının üzvüyük və bu da bizim xüsusiyyətimizdir. Biz Qoşulmama Hərəkatının fəal üzvüyük və bu təşkilat çərçivəsində artıq öz mövqeyimizi ortaya qoymuşuq.
Digər məsələlərə gəldikdə, böyük işlər görülmüşdür. Ancaq hələ görüləsi işlər çoxdur. Bizim əsas diqqətimiz gələcəyə yönəlibdir. Gələcəkdə daha hansı işlər görülməlidir ki, Azərbaycanda inkişaf uzunmüddətli və dayanıqlı olsun və iqtisadiyyat çoxşaxəli olsun?!
İndi bizim əsas məqsədimiz gələcək prioritetləri müəyyən etmək və gələcək inkişaf strategiyamızı icra etməkdən ibarətdir".