Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir S.Əhmədova/
Azərbaycanın Dubaydakı baş konsulu Pərviz İsmayılzadə Limanlar, Gömrük və Azad Zona Departamentinin icraçı sədri, Dubay Gömrüyünün baş direktoru Əhməd Butti Əhmədlə görüşüb. Bu barədə Trend Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.
Azərbaycanın Dubaydakı Baş konsulluğunun məlumatında deyilir ki, görüş zamanı iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb və Azərbaycan ilə Dubay Əmirliyi arasında birbaşa əlaqələrin sürətlə inkişaf etdiyi qeyd edilib. Baş konsul P.İsmayilzadə ötən il Dubayda Azərbaycan Baş konsulluğunun təsis edilməsinin və Dubay Ticarət və Sənaye Palatasının ilk xarici və regional nümayəndəliyinin Bakıda açılmasının sözügedən əlaqələrin parlaq nümunəsi olduğunu bildirib.
O, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində əlverişli biznes və investisiya mühitinin yaradıldığı, Azərbaycanın ixracatçı ölkəyə çevrildiyi barədə həmsöhbətinə məlumat verib.
Azərbaycanın çox gözəl ölkə olduğu, respublikamızın və paytaxt Bakı şəhərinin son illər ərzində sürətlə inkişaf etdiyi barədə məlumatlı olduğunu bildirən Əhməd Butti Əhməd münasib vaxtda ölkəmizə səfər etmək arzusunda olduğunu bildirib.
Görüş zamanı Azərbaycanda istehsal olunan yeyinti məmulatlarının, kənd təsərrüfatı məhsullarının, milli brend və markaların Dubaya ixrac edilməsi və yerli bazarlarda satışının həyata keçirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.