Azərbaycan, Bakı, 5 iyul /Trend/
İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tovuzda Hemodializ Mərkəzinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı səhiyyə ocağının rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial yönümlü siyasətin tərkib hissəsi olan insanların sağlamlığının qorunması dövlətimizin qarşıya qoyduğu prioritet məsələlərdən biridir. Həyata keçirilən sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin yaхşılaşdırılmasına, ümumilikdə tibbi хidmətin beynəlxalq səviyyəyə çatmasına zəmin yaratmışdır.
Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyev Fondu və qurumun prezidenti Mehriban Əliyevanın da fəaliyyətinin əsas istiqamətlərindəndir. Ötən illər ərzində Azərbaycan səhiyyəsinin uğurlarından biri də regionlarda vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində atılan addımlardır. Xüsusilə də müalicə diaqnostika mərkəzlərinin və digər səhiyyə obyektlərinin tikilib istifadəyə verilməsi regionlarda əhalinin müayinə və müalicəsinin lazımi səviyyədə təşkilinə əlverişli şərait yaradır. Böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə son illər dövlət səviyyəsində xüsusi diqqət yetirilir. Tovuzda Hemodializ Mərkəzinin tikilməsi bunu bir daha sübut edir.
Mərkəzlə tanışlıq zamanı diqqətə çatdırıldı ki, bu səhiyyə ocağının tikintisinə 2008-ci il sentyabrın 24-də başlanmışdır. Mərkəzin təməlqoyma mərasimində Prezident İlham Əliyev iştirak etmişdir. Üçmərtəbəli binanın ümumi sahəsi 6 min kvadratmetrdir. Hemodializ Mərkəzinin inşaat işləri müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında həyata keçirilmişdir.
Tibb ocağının foyesində ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə səhiyyə sisteminin inkişafındakı xidmətlərini əks etdirən fotoşəkillərdən ibarət stend yaradılmışdır. Hemodializ Mərkəzində qəbul, hemodializ və diaqnostika şöbələri fəaliyyət göstərir.
Prezident İlham Əliyev hemodializ şöbəsi ilə tanış oldu.
Bildirildi ki, burada müasir tipli 20 hemodializ aparatı quraşdırılmışdır.
Diqqətə çatdırıldı ki, hazırda Azərbaycanda 2208 nəfər böyrək çatışmazlığından əziyyət çəkir. Onların hamısı dövlət vəsaiti hesabına müalicə alır, müvafiq dərman vasitələri ilə tam təmin olunurlar. Qərb bölgəsində böyrək çatışmazlığından əziyyət çəkən xəstələr Hemodializ Mərkəzinin xidmətindən istifadə edə biləcəklər. Ümumilikdə qərb bölgəsi üzrə 308 hemodializ xəstəsi vardır. Bu günədək Tovuz rayonundan olan 27, Qazax rayonundan olan 3 xəstə Gəncədəki Hemodializ Mərkəzinin xidmətindən istifadə edirdi. Yeni Mərkəzin fəaliyyətə başlamasından sonra artıq bu bölgədən olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin hemodializ seansları qəbul etmək üçün respublikanın digər regionlarına və Bakıya getmələrinə ehtiyac olmayacaqdır.
Məlumat verildi ki, Tovuz Hemodializ Mərkəzində iki növbədə təqribən 160 xəstə dializ olunacaqdır. Mərkəzin müasir şəraitlə təmin edilməsi, ilk növbədə, burada tibbi müayinə və müalicə işinin ən yüksək səviyyədə təşkili və aparılması üçün hərtərəfli imkan yaradır. Bu tibb ocağının istifadəyə verilməsi həm də ölkəmizdə səhiyyə sisteminin ən müasir səviyyəyə çatdırılması istiqamətində Prezident İlham Əliyevin atdığı addımların növbəti uğurudur. Dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən bu tədbirlər Azərbaycanda səhiyyə sisteminin daha yaxşı təşkilinə geniş imkanlar açmışdır.
Mərkəzlə tanışlıqdan sonra Azərbaycan Prezidenti tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon sakini Aybəniz Dəmirova göstərdiyi yüksək diqqət və qayğıya görə tovuzlular adından dövlətimizin başçısına minnətdarlığını çatdırdı.
İlham Əliyev Tovuzda Hemodializ Mərkəzinin açılışında iştirak edib (FOTO)
İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tovuzda Hemodializ Mərkəzinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı səhiyyə ocağının rəmzi açılışını bildirən lenti kəsdi.