Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir S.Əhmədova/
Azərbaycan çoxmədəniyyətli və tolerant ölkə kimi dünya üçün nümunədir. Trend-in məlumatına görə, bu barədə Madrid Klubunun Sülh, Mədəniyyət Fondunun sədri, YUNESKO-nun sabiq baş direktoru Federiko Mayor Saraqosa xarici işlər naziri Elmar Məmmədyarovla Bakıda görüşü zamanı bildirib.
XİN-in mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycan hökuməti və müstəqil qeyri-ticarət təşkilatı olan Madrid Klubu arasında əməkdaşlığın yaradılmasından və inkişaf etdirilməsindən məmnunluq ifadə olunub, əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Nazir Elmar Məmmədyarov Madrid Klubu və Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin birgə təşəbbüsü ilə bu yaxınlarda Bakıda keçirilən konfransın işini müsbət qiymətləndirib, tərəflər arasında imzalanmış Beynəlxalq Əməkdaşlıq Memorandumunun əməkdaşlığa töhfə verəcəyinə əminlik ifadə edib.
Federiko Mayor Saraqosa qadınların Azərbaycan cəmiyyətindəki rolunu və gender bərabərliyinin qorunub saxlanılmasını yüksək qiymətləndirib.